İnsanlara hürriyət, millətlərə istiqlal!

Muxtar Babayev: COP29 Azərbaycana olduqca böyük dividendlər qazandıracaq - MÜSAHİBƏ

Musavat.com Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin APA-ya müsahibəsini təqdim edir:

- Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasına (COP29) hazırlıqlar necə gedir? Ümumilikdə Siz bu prosesi necə qiymətləndirirsiniz?

- Maraqlı sual üçün təşəkkür edirəm. COP29-a hazırlıq prosesinin gedişi ilə bağlı məlumatlı olmaq həm xalqımız, həm də cəmiyyət üçün olduqca vacibdir. Bildiyiniz kimi, 2023-cü ilin dekabr ayında keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 28-ci Sessiyasında (COP28) bütün iştirakçı ölkələr COP29-un 2024-cü ilin noyabrında Bakıda keçirilməsi məsələsində konsensus əldə etdilər. Bu, Azərbaycan üçün olduqca vacib qərar idi. Ona görə ki, ölkəmiz iqlim müzakirələrinə liderlik etməkdə, inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş dövlətlər, həmçinin, Cənubla Şimal və Şərq ilə Qərb arasında körpü rolunu oynamaqda kifayət qədər qərarlıdır. Azərbaycan təkcə siyasi deyil, həm də coğrafi baxımdan kəsişmə nöqtəsində yerləşir.

Bu mənada sözügedən konfrans bizim üçün bir vaxtlar yalnız neft və qaz ölkəsi kimi tanınan Azərbaycanın yaşıl iqtisadiyyat, eləcə yaşıl texnologiyalar ölkəsinə çevrilməsini, dayanıqlı inkişaf proqramlarını və dayanıqlı iqtisadiyyatı təşviq etməsini göstərmək üçün də mükəmməl imkandır. Ona görə də hesab edirəm ki, bu, Azərbaycan üçün böyük bir tədbir olmaqla yanaşı, həm də BMT çərçivəsində təşkil olunan nəhəng konfransdır.

Bu ilin noyabrından etibarən biz müzakirələrə başlayacağıq. Həmçinin, bizim müxtəlif xarakterli debatlarımız nəzərdə tutulur. Bütün müzakirələrin sonunda bu konfransda iştirak edən ölkələrlə birlikdə COP29 ilə əlaqəli son dərəcə vacib mövzular və prioritetlər, habelə maliyyələşmə məsələləri ilə bağlı razılığa gəlməyimiz önəmlidir. Bu mənada məndən bu məsələdə jurnalistlərin hansı rolu oynaya biləcəyini soruşsanız, deyə bilərəm ki, ilk növbədə mətbuatın cəmiyyətimizə bütün önəmli informasiyaların, konfrans çərçivəsində səsləndiriləcək fikirlərin, ölkə xaricində sözügedən konfransa hazırlıqların necə həyata keçirilməsinin digər dövlətlərə də çatdırması, eləcə də cəmiyyətimizin də bu konfransa fəal hazırlığı işinə töhfə verməsi də önəmli məsələlərdəndir. Çünki biz həm qeyri-hökumət və gənclər təşkilatlarının nümayəndələrinin, həm də digər maraqlı tərəflərin COP29-a hazırlıq prosesinə cəlb olunmasında maraqlıyıq.

UNFCCC ilə əməkdaşlıq və BMT İşçi Qrupunun dəstəyi COP29 üçün bütün lazımi şərtlərin yerinə yetirilməsini təmin etməkdə mühüm rol oynayıb. Onların rəhbərliyi və tərəfdaşlığı bizə konfransın effektivliyini daha da artıraraq, mənalı müzakirələrin və danışıqların aparıla biləcəyi platforma yaratmağa imkan verdi.

- Azərbaycanın bu il noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-dan gözləntiləri nədən ibarətdir?

- İlk növbədə, Azərbaycan bu konfransda iştirak edəcək bütün tərəflərin və beynəlxalq təşkilatların, maliyyə institutlarının, qeyri-hökumət təşkilatlarının, özəl sektorun və ilk növbədə, ölkələrin bu tədbirdə səmərəli və effektiv müzakirələr aparması üçün bütün lazımi şərtləri təmin etməlidir. Bu konfransda iştirak edəcək tərəflərin istər hazırlıqlardan, istərsə də konfransın özündən müsbət təəssüratlarla ayrılması və ölkələr arasında maliyyələşmə məsələləri ilə bağlı razılaşmaların əldə olunması bizim də maraqlarımıza cavab verir.

COP29-un sonunda biz ölkələr arasında, xüsusən də gündəliyin əsasını təşkil edən maliyyə məsələlərində konsensusa nail olmağı hədəfləyirik. Əsas mövzulardan biri yeni maliyyə hədəfi olan Yeni Kollektiv Kəmiyyət Məqsədi (YKKM) olacaq. Bununla yanaşı, müxtəlif ölkələrlə müzakirə olunacaq başqa prioritetlərimiz də var. Əlavə suallarınızdan asılı olaraq bu mövzular haqqında daha ətraflı məlumat verə bilərəm.

- Bu nüfuzlu beynəlxalq tədbir Azərbaycana onun qlobal iqtisadi gücünün artması baxımından hansı üstünlükləri qazandıracaq?

- Hesab edirəm ki, COP29 Azərbaycana olduqca böyük dividendlər qazandıracaq. Çünki sizin də bildiyiniz kimi, Azərbaycan hazırda alternativ enerji layihələri, yeni alternativ enerji mənbələri, o cümlədən yaşıl kənd təsərrüfatı və “ağıllı şəhər”, habelə “ağıllı kənd”, eləcə də yaşıllaşdırma ilə bağlı müxtəlif layihələrin tətbiqi baxımından regionun lider dövlətidir.

Bildiyiniz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müxtəlif layihələr həyata keçirilir. O da məlumdur ki, Prezident İlham Əliyev Qarabağı, Şərqi Zəngəzuru və Naxçıvanı yaşıl enerji zonası elan edib.

Daha bir böyük təşəbbüs və mühüm istiqamət yaşıl dəhlizlərin yaradılması ilə bağlıdır. Xəzər regionunun malik olduğu alternativ enerji mənbələrinin Avropa kontinentinə ixracı üçün tələb olunan infrastrukturun yaradılması və təmin olunması həm Azərbaycan, həm də region ölkələri üçün mühüm əhəmiyyətə malik olan bir məsələdir.

Eyni zamanda bu, Azərbaycanda yaşıllaşdırma proqramının davam etdirilməsi üçün də vacib bir imkandır. Bilirsiniz ki, bizim tərəfimizdən 2030-cu ilədək olan milli prioritetləri əks etdirən, habelə 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf proqramı qəbul olunub. Bütün bu proqramlarda dayanıqlı inkişafın, habelə dayanıqlı və yaşıl iqtisadiyyatın təmin olunması üçün bir neçə istiqamət müəyyən edilib.

Buna görə də, COP29 Azərbaycan üçün ölkəmizi, təşkilatları, biznesləri və cəmiyyəti qlobal iqlim gündəliyinə daha da cəlb etmək və yaşıl iqtisadiyyatı inkişaf etdirmək üçün unikal imkan təqdim edir. Bu, həm də bizi iqlimlə bağlı fəaliyyətin gələcəyini formalaşdıracaq danışıqlarda və müzakirələrdə fəal iştirak etməyə vadar edir.

- Energetika nazirinin müavini, eyni zamanda COP29-un baş icraçı direktoru Elnur Soltanov bu il avqustun 24-də “Anadolu” Agentliyinə müsahibəsində bildirib ki, ölkəmiz COP29-un davam etdiyi müddətdə eynilə Olimpiya Oyunlarında olduğu kimi, qlobal atəşkəs çağırışı edib. Həm Rusiya ilə Ukrayna arasında müharibəni, həm də Qəzza sektorunda mövcud gərgin vəziyyəti nəzərə alsaq, bu çağırışın reallaşma perspektivlərini necə qiymətləndirirsiniz? COP29 müddətində dünyada atəşkəsin təminatı mümkün olacaqmı?

- Bilirsiniz ki, COP29-un Prezidentliyi olaraq bizim tərəfimizdən 14 təşəbbüs irəli sürülüb. Onlardan biri də "COP atəşkəsi" çağırışıdır. Mən hesab edirəm ki, bu təşəbbüs həm müxtəlif ölkələrin və beynəlxalq təşkilatların, xüsusilə də cəmiyyətlərin müxtəlif təbəqələrinin nümayəndələrinin marağındadır. Yüzlərlə beynəlxalq təşkilat və onlarla ölkə Azərbaycanın bununla bağlı çağırışına qoşulub. Fikrimcə, xüsusilə belə bir vaxtda bu təşəbbüs bütövlükdə regionun maraqlarına cavab verir.

Təəssüflər olsun ki, bu gün dünyada 52 münaqişə ocağı var. Təsəvvür edin, qlobal miqyasda 52 münaqişə mövcuddur! Bu isə o deməkdir ki, bütün bu hərbi aktivlik təkcə insan itkilərinə deyil, həm də tonlarla buxar emissiyasının atmosferlə təmasına səbəb olur. Bu istiqamətdə həyata keçirilən bütün fəaliyyətlər və atmosferə buraxılan tullantılar həm iqlimə, həm də təbiətimizə neqativ təsir göstərir. Məhz buna görə də mən bu konfransın Azərbaycan üçün son dərəcə perspektivli olduğunu düşünürəm.

Biz həm digər ölkələr, həm də beynəlxalq təşkilatlarla birlikdə bu prosesin tərəfdaşı olmaqda davam edəcəyik.

- İqlim dəyişikliyinin təsirinə məruz qalan nöqtələrdən biri də Afrikadır. Ümumdünya Meteorologiya Təşkilatının sentyabrın 3-də yaydığı hesabata əsasən, 2030-cu ilədək həmin regionda 118 milyon insan bu problemin qurbanına çevriləcək. Hesabatda həmçinin göstərilir ki, qarşıdakı 10 ildə iqlim dəyişikliyinə uyğunlaşmanın təmin edilməsinə il ərzində 50 milyard dollar həcmində vəsait tələb olunacaq. Əgər bu problemin qarşısı alınmasa, 2030-cu ilə qədər 118 milyon insan quraqlıq, sel fəlakəti və qlobal istiləşmənin qurbanı olacaq. Sizin qənaətinizcə, COP29 bu problemlərin həllinə dair təkliflərin verilməsi üçün platformaya çevrilə biləcəkmi?

- Əslində bu çox vacib sualdır. Sizin həssaslığa malik ölkələrlə bağlı narahatlığınızı bölüşürəm. Afrika ölkələri bu baxımdan olduqca həssasdır. Həmçinin, iqlim dəyişikliyinə məruz qalan ölkələrin hansı problemlərlə üzləşdiyi də yaxşı məlumdur. Xüsusilə Afrika, Sakit okean regionu, eləcə də Karib adaları və digər bölgələrdə yerləşən ölkələr iqlim dəyişikliyinin neqativ təsirlərinə məruz qalır.

Məhz bu səbəbdən biz bütün tərəflərlə işləyir və onlara bu məsələyə dair çağırışlar edirik. Bundan əlavə, biz iqlim maliyyəsinin həcminin artırılması, o cümlədən müxtəlif yardım fondlarının hazırladığı proqramlarına cəlb olunan vəsaitin artırılması istiqamətində beynəlxalq maliyyə təşkilatları, beynəlxalq donorlar, çoxprofilli inkişaf bankları və özəl sektorla əməkdaşlıq edirik. Biz eyni zamanda, Afrika regionunda yerləşən dövlətlərə, həssaslığa malik ölkələrə, kiçik ada dövlətlərinə də dəstək göstərməyə çalışırıq. Çünki bu ölkələr iqlim dəyişikliyinin ön xəttində yerləşir. 

Bu il COP29 Sədrliyi bu ölkələri iqlim söhbətinin mərkəzinə qoydu. Biz Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlər üzrə Dördüncü Beynəlxalq Konfransda iştirak etmək üçün Antiqua və Barbudaya və Sakit Okean Adaları Liderlərinin Forumuna qoşulmaq üçün Tonqaya səfər etmişik. Bundan əlavə, biz Konqo Respublikasının Brazzavil şəhərində keçirilən meşələrin salınması və bərpası üzrə Birinci Beynəlxalq Konfransda iştirak etdik və Efiopiyada olduq. Bu səfərlər zamanı biz iqlim dəyişikliyinin bu icmalara dağıdıcı təsirinin birbaşa şahidi olduq.

 

Buna görə də biz uyğunlaşma maliyyəsini ikiqat artırmaq yollarını tapmaq üçün beynəlxalq maliyyə təşkilatları, donorlar, çoxtərəfli inkişaf bankları və özəl sektor da daxil olmaqla bütün tərəflərlə sıx əməkdaşlıq edirik. Məqsədimiz inkişaf etməkdə olan ölkələrdə proqramların maliyyələşdirilməsinə kömək edən müxtəlif fondlara töhfələri artırmaqdır.

 

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, biz həm özü, həm də iqtisadiyyatı həssas vəziyyətdə olan, həmçinin, böyük təbii fəlakətlərin həyat fəaliyyətinə, iqtisadiyyatına və təbiətinə neqativ təsir göstərdiyi ölkələrə həm bərpa prosesində, həm də müxtəlif layihələrin həyata keçirilməsində dəstək veririk. Azərbaycanla Millətlər Birliyi arasında bu məsələdə texniki dəstəyin göstərilməsi məqsədilə xüsusi razılaşma da imzalanıb. Azərbaycanın “Azərkosmos” agentliyi bu qəbildən olan dövlətlərdə ekoloji monitorinqlərin aparılmasına öz mühüm töhfəsini verir. Eyni zamanda, Azərbaycanla Millətlər Birliyi arasında bu quruma üzv dövlətlərlə həssas təbəqəyə aid ölkələrin bərpasına dəstək fondunun yaradılması ilə bağlı razılaşma imzalayıb. Ona görə də bütün bu məsələlər Bakıda aparılacaq müzakirələrin diqqət mərkəzində olacaq.

Onu da qeyd etmək istərdim ki, COP29 çərçivəsində Bakıda İqlim Dəyişikliyi üzrə Kiçik Ada İnkişaf etməkdə olan Dövlətlərin (SIDS) Liderlər Sammiti keçiriləcək. Bu sammitdə İtki və Zərərlərə cavab vermək üçün Fondun tam fəaliyyət göstərməsi də daxil olmaqla, yeni maliyyə dəstəyi mexanizmlərinə ehtiyac vurğulanmaqla yanaşı, iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı SİDS-in xüsusi zəifliklərinin aradan qaldırılmasına diqqət yetiriləcək. Sammit SIDS liderlərini, həmçinin Fondların və digər beynəlxalq qurumların əsas nümayəndələrini bir araya gətirərək, bu xalqların davamlılığını artırmaq üçün təsirli strategiyaları araşdıracaq. Bu sammit beynəlxalq əməkdaşlığın təşviqi, kritik uyğunlaşma ehtiyaclarının həlli və SİDS-in öz inkişaf məqsədlərinə nail olmaq səylərində dəstəklənməsi üçün əsas platforma olacaq.

- COP29-da müxtəlif dövlətlərin başçılarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir. Dəvət olunan yüksək səviyyəli qonaqlar arasında bu tədbirdə iştirakını təsdiqləyənlər varmı?

- Artıq onlarla ölkə Bakıda keçiriləcək COP29 sammitində dövlət başçıları səviyyəsində iştirakını təsdiqləyib. Məhz buna görə də hazırda qeydiyyat prosesinin uğurla davam etdiyini söyləmək mümkündür. Çox sayda ölkə və beynəlxalq təşkilat, eləcə də müxtəlif ölkələrdən olan ictimaiyyət nümayəndələri, müşahidəçilər, gənclər təşkilatları və özəl sektor da Bakıda keçiriləcək konfransa qatılmaq üçün qeydiyyatdan keçib.

Bu səbəbdən mən konfrans iştirakçılarının sayı ilə bağlı yekun rəqəmlərlə bağlı fikirlərimi bölüşmək istəməzdim. Bu göstərici hər ötən gün dəyişir. Biz iştirakçı ölkələrə Azərbaycanda səmərəli müzakirələr, danışıqlar və debatların həyata keçirilməsi üçün əlverişli platforma yaratmağa hazırıq.

- Məlumdur ki, Ermənistan da Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri Çərçivə Sazişinin Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu Sessiyasına dəvət olunub. Bu ölkənin sözügedən konfransda iştirak perspektivi nə dərəcədə realdır? Azərbaycan Ermənistanın iştirakını təmin etmək üçün hansı addımları ata bilər?

- COP29-a ev sahibliyi edən Azərbaycan bütün iştirakçı ölkələr üçün açıq və inklüziv platforma yaradıb. Biz bütün ölkələrin, o cümlədən Ermənistan rəsmilərini dialoq və danışıqlar prosesinə qoşulmağa dəvət etmişik.

Azərbaycan hər bir nümayəndə heyəti üçün bütün lazımi şərtlərin yerinə yetirilməsini təmin edən BMT ilə “Təşkilatçı Dövlət Razılaşması” sənədini imzalayıb. İnanırıq ki, bütün ölkələrin iştirakı məhsuldar müzakirələrə və müsbət nəticələrə töhfə verəcək.

- COP29-da iştiraka dəvət olunan ölkələr arasında müxtəlif məsələlər üzrə fikir ayrılıqları mövcuddur. Necə düşünürsünüz, belə olan halda ölkələr konfransın yekun bəyannaməsinin qəbulu məsələsində vahid fikrə gəlməyə nail ola biləcəklərmi?

- Təsəvvür edin ki, 200 ölkə Azərbaycanın təşkilatçılığı ilə bir araya gələrək COP29 çərçivəsində razılıq əldə etməyə çalışacaq. Biz tərəflərə danışıqlar üçün əlverişli şərait yaratmalı, onlar arasında vacib məsələlər üzrə müzakirələrin təşkilini həyata keçirməliyik. Bu bizim öhdəliyimizdir və biz bunu edəcəyik.

Hazırda ölkələr Bakıda yekun nəticə əldə etmənin vacibliyini anlayır. Bu, həm də istər təbiət, istərsə də ölkələr üçün son dərəcə önəmli xarakter daşıyır. Biz həm Birləşmiş Ərəb Əmirlikləri, həm də Braziliya ilə “üçlük” formatında müzakirə aparırıq. Bu format bizə yalnız tərəflərin Azərbaycanda qətiyyətli mövqe sərgiləməsinə yox, həm də iqlim gündəliyinə dair atılacaq növbəti addımların və öhdəliklərin hazırlanmasına imkan verir.

Bundan əlavə biz siyasi əlaqəni gücləndirməli və onu ən yüksək səviyyəyə qaldırmalıyıq. COP29 Sədrliyi Avstraliya və Misirin rəhbərliyi altında YKKM, İrlandiya və Kosta-Rikanın rəhbərliyi altında Uyğunlaşma, Norveç və Cənubi Afrika rəhbərliyi altında Mitiqasiya, Sinqapur və Yeni Zelandiya rəhbərliyi altında 6-cı Maddə və İtaliya və Qazaxıstanın rəhbərliyi altında Şəffaflıq olmaqla əsas sahələr üzrə nazirlər və yüksək səviyyəli cütlüklər təyin edib. Bu cütlüklər boşluqları aradan qaldırmaq, dialoqu inkişaf etdirmək və irəliləyişə nail olmaq üçün bizimlə işləyəcək.

Biz həmçinin maliyyə və energetikadan tutmuş kənd təsərrüfatı və səhiyyəyə qədər bütün aidiyyəti dövlət nazirliklərini işə cəlb etməli və dövlət və hökumət başçılarının bu prosesə tam şəkildə cəlb olunmasını və sadiq olmasını təmin etməliyik.

COP29-a gələn hər bir nümayəndə heyəti irəliləyiş əldə etmək üçün aydın siyasi dəstəklə gəlməlidir.

- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasının Azərbaycanda keçirilməsi həm də ölkəmizin yaşıl enerji sahəsində həyata keçirdiyi siyasətə qlobal dəstəyi özündə əks etdirir. Bundan əlavə ölkəmizin yaşıl enerji sahəsindəki potensialını nəzərə alaraq, əsas məqsədlərdən biri 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin sayının 30 faizədək artırılmasıdır. Necə düşünürsünüz, bu məqsədə nail olmaq üçün nə kimi addımlar atılmalıdır?

- Çox düzgün qeyd etdiniz ki, 2030-cu ilədək biz bərpa olunan enerji mənbələrin sayının 30 faiz artırılmasını planlaşdırırıq. Lakin mən düşünürəm ki, biz bundan daha artıq göstəriciyə nail ola bilərik. Bu kontekstdə biz həm də müxtəlif ölkələr üçün maraqlı təşəbbüsləri təşviq edirik. Bu, həm də enerji dəhlizi, energetika şəbəkəsi, enerjinin paylanması və digər təşəbbüslərə aiddir.

- Bəzi ekspertlər inanır ki, COP29-un Azərbaycanda keçirilməsi siyasi əlaqələrimizin genişləndirilməsi üçün də həlledici əhəmiyyət daşıyır. Azərbaycan bu konfransın təşkilindən əldə etdiyi siyasi dividendləri necə sistemləşdirə və artıra bilər?

- Bizim tariximizdə ən yaxşı nümunələrdən biri 121 ölkəni birləşdirən Qoşulmama Hərəkatına liderlik etməyimizdir. Azərbaycan 4 il bu təşkilata rəhbərliyi həyata keçirdi. Bizim ölkələrlə ünsiyyət yaradılması, nəticələrin və razılaşmaların əldə olunması sahəsində uğurlu təcrübəmiz mövcuddur. Məhz bu baxımdan COP29 Azərbaycana yeni dostlar tapmaq, uğurlu əlaqələr və tərəfdaşlıq qurmaq baxımından daha bir imkan kimi qiymətləndirilməlidir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Noyabr 2024

07 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR