Onlayn ictimai-siyasi qəzet
İlahiyyatçıdan Ramazan ayı çağırışı: “Mərhəmət göstərək, günahlardan tövbə edək...”
Bu həftədən etibarən, martın 1-dən Azərbaycanda Ramazan ayı başlayacaq. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib. Qeyd edilir ki, Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq. İlk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 18-nə təsadüf edəcək. Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) Qədr gecələri olacaq.
Qeyd edək ki, Ramazan ayının başlanğıcı və bayram günü ənənəvi olaraq ayın görünməsi ilə təyin olunur. Elə məhz bu amil inanclılar arasında fikir ayrılığına səbəb olur. Bəzən cəmiyyətdə iki qütbə bölünərək bir-birilərinə qarşı dözümsüzlük nümayiş etdirirlər. Müasir dövrdə bir çox ölkələr Ramazan və bayram tarixlərini öncədən elmi hesablamalara əsaslanaraq müəyyən edirlər. Astronomik olaraq Ayın üfüqdə görünməsi əvvəlcədən hesablana bilir. Bəzi İslam ölkələri və məzhəblər isə yalnız gözlə görünən ayı əsas götürürlər. Bu isə müxtəlif coğrafi və iqlim şəraitlərinə görə fərqlənə bilər, nəticədə bəzi ölkələrdə Ramazan və bayram bir gün fərqlə qeyd edilir. Bu fərqlər müsəlman dünyasında hər il mübahisələrə səbəb olur. Xüsusilə Səudiyyə Ərəbistanı ilə Türkiyə, İran və digər ölkələr arasında bayram tarixində fərqlər yaranır.
İlahiyyatçı Elvüsal Məmmədov “Yeni Müsavat”a həm Ramazan ayının fəzilətləri, həm də mübahisələrlə bağlı fikrini bölüşüb: “Ramazan özünü dəyişdirməyi bacarmaqdır. Əgər Ramazan ayında iradə nümayiş etdirib ac və susuz qala biliriksə, Allahın halal buyurduğu şeylərdən müəyyən saatlarda imtina etməyi bacarırıqsa, deməli, iradəmizin təsir "dairə"sini genişləndirmək mümkündür. Bu baxımdan Ramazan pis vərdişlərdən imtina edib, yaxşı vərdişlərə yiyələnmək üçün əlverişli mövsüm ola bilər. Ramazan tərbiyə, nəfsi paklama məktəbidir. Günahlardan tövbə edək, mənfi davranış və zərərli vərdişlərdən əl çəkək, üstün məziyyət və əxlaqi xüsusiyyətlər qazanaq. Bu məktəbin bizə bəxş edəcəyi fürsətləri dərk etsək, faydalanacaq, əks halda, peyğəmbərimizin dediyi kimi, “bağışlanmayan bədbəxtlər”dən olacağıq".
İlahiyyatçı Qədr gecələri ilə bağlı yanlış düşüncələrdən danışıb: “Qədr gecəsi vaxtı bilinən, bununla da mahiyyəti adiləşən gecə deyildir. Qədr - son on gecəni ibadət, itaət, tövbə, Allahdan bağışlanma diləmək, nəfsi tərbiyə etmək, dua, namaz və zikrlə kecirməyin adıdır. Qədir gecəsi günahları bağışlayan, arzuları gerçəkləşdirən sehrli çubuq deyildir; günahların bağışlanması üçün bəndə tam səmimiyyət və istəklə Rəbbinə üz tutmalıdır. Qədir gecəsi təsadüfən qarşımıza çıxan, dəmiri qızıla çevirən "eliksir" daşı da deyildir. Qədir gecəsi şövqlə başlanan, günlər keçdikdən sonra adətkərdəliyin təsiri ilə adiləşən Ramazan mövsümünün son günlərini layiqi ilə keçirməyə olan İlahi Təşviqdir. Son on günün hər gecəsini Qədir gecəsi bilərək ibadət edək deyə, bəlkə də Allah bu gecəni bizdən gizləyib. Əks halda, ibadət simvolik-mistik ayinə çevrilər, həqiqi məzmunundan uzaqlaşardı. Simvollar bizim üçün cazibədar və maraqlı görünə bilər, amma simvolların tərbiyəedici xüsusiyyəti yoxdur".
Elvüsal Məmmədov qeyd edib ki, müsəlman dünyasının ən böyük problemi məzhəbçilikdir: “Məzhəbçilik Qurana, hədislərə, əxlaqa, dünyagörüşünə, həyata və insanlara, elmi həqiqətlərə məzhəbmərkəzli münasibətdir. Bu, müəyyən məzhəbi (həm də bütünlükdə) tabulaşdırmaqdır, vəhy və müqəddəs təlim bilmək, Allaha və peyğəmbərə aid etməkdir. Məzhəbçilik "ixtilaf" doğuran məsələlərdə fərqli fikirlərin olmağından bixəbərlikdir. Elə Ramazan hilalının görünmə hadisəsinə fərqli yanaşmalardan bixəbərlik buna misaldır".
İlahiyyatçı “Həkim deyib ki, sənə oruc tutmaq olmaz” kimi qəbildən olan fikirlərə də münasibət bildirib: “Sağlamlıq problemlərindən əziyyət çəkən, amma oruc tutmaqda israr göstərənlərə dinin hökmlərini yaxşı bilməklərinə baxmayaraq, tibb sahəsinin mütəxəssisi olmayan ilahiyyatçılar, ruhanilər düzgün yol göstərə bilməzlər. Düzgün qərarı, yuxarıda qeyd etdiyimiz kimi, dini həssaslığa sahib həkim-mütəxəssislər verə bilər. Xəstəliyin növü nəzərə alınmalı, sağlamlığın itirilməsi, yaxud ölümlə nəticələnə biləcək hallarda şəriətin "zərurət qadağaları icazəli edir" qaydasından çıxış edilməlidir. Çünki şəriətin beş məqsədindən biri “canın qorunması”dır. Elə də olur ki, bioloji aclığın törətdiyi fəsadları Ramazan ayının məqsədyönlü aclığı, yəni Allah naminə baş verən aclıq törətmir. Təzyiqdən, mədə ağrısından əziyyət çəkən neçə şəxs var ki, Ramazanda oruc tutduqlarını, səhhətlərinin getdikcə yaxşılaşdığını bildiriblər. Əlbəttə ki, biz bununla təbabətin göstərişlərini sərf-nəzər etmirik. Yaxşı olar ki, bu kimi hallar imanlı həkim-mütəxəssislərlə müzakirə olunsun, yekun qərar inanclı və ibadət edən həkimlərə buraxılsın".
Yazını hazırladı: Afaq MİRAYİQ
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ