Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın “Avroviziya 2025” musiqi yarışmasındakı mahnısı bəlli olub.
“Mamagama” qrupu may ayında Avropa səhnəsinə “Run with U” adlı mahnı ilə çıxacaq. Mahnının sözləri Asəf Mişiyevə (Saphael Mishi), musiqisi isə Asəf Mişiyev (Saphael Mishi), Həsən Heydər (KHVS) və Roman Zilianevə (Roman Zee) aiddir. Mahnı birmənalı qarşılanmayıb. Bəyənənlər qədər, tənqid edənlər də olub.
Musavat.com xəbər verir ki, hitmaker Murad Arif isə mahnını bəyənməyənlərə belə cavab verib:
““Mamagama”nın mahnısı xaricdən alınmış onlarla əcnəbi mahnımızdan yaxşıdır. Böyük əksəriyyətindən... Pulun pul vaxtı əcnəbi mahnılara, bəstəkarlara, kliplərə, təşkilatçılara, dəstəyə, hətta nəticəyə belə milyonlar yağdırırdıq. Öz Avroviziya bazamızı yaratmadan... öz bəstəkarlarımız, aranjemançılarımız, xoreoqraflarımız, hətta termusda su gətirənlərimizi belə yunan, macar, isveçli, ukraynalılara dəyişdiyimiz vaxtlar yadımdadır. Söhbəti uzadıb, ağzımı açdırmayın.
İndi öz əlimiz, öz başımızla, daha az büdcəylə, öz uşaqlarımız öz emalatxanamızda normal iş hazırlayıblar, özü də "indiki" imkanlarla. Buna ancaq dəstək olmaq gərəkdir.
Solistin səsi Adam Levine-ı xatırladır, maraqlı və istedadlı oğlandır. Safael Mişiyevə görə İsraildən 12 xal gələ bilər. Olduqca "MAROON5 dadında" ləzzətli disko-fankdır. Mahnını müxtəlif mahnılara bənzətməyiniz də normaldır. Bütün Avroviziya, hətta bütün müasir dünya hitləri belədir artıq. Nəğmədə refrenslər, təsirlənmə sezilməlidir. Hit belə yazılır. Az deyinin, mahnını qoşun, rəqs edin, stress atın, sonra da gedin bir işin qulpundan tutun, ölkə çiçəklənsin”.
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ