İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə Nazirliyindən 143 milyon oğurluq işi apellyasiya instansiyasında

Bakı Apellyasiya Məhkəməsində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin apellyasiya şikayətlərinə baxılır.

Musavat.com xəbər verir ki, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən hazırlıq iclasında müttəhimlərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub.

Müttəhim Vüsal Əlizadə vəkilindən imtina etdiyindən ona dövlət hesabına vəkil Fikrət İbrahimov təyin edilib.

Müttəhim müdafiəsinin vəkil Fikrət İbrahimovun qurmasına etiraz etməyib. Müttəhim Cəlal Kazımov isə dövlət hesabına təyin edilmiş vəkil Səadət Abdullazadə müdafiəsindən yararlanmaq istəməyib, ona etirazını bildirib.

Hakim müttəhimə izah edib ki, xüsusilə ağır cinayətlərdə ittiham olunan şəxsin vəkillə təmin olunması məcburidir, buna görə də etirazı qəbul etməyib.

İclasda Vüsal Əlizadənin vəkilinin apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasınına dair vəsatəti elan olunub. Müttəhim vəkilinin verdiyi vəsatəti müdafiə edib.

Eyni vəsatətlə Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə də çıxış edib. O, apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. Qeyd edib ki, Bakı Hərbi Məhkəməsində ziyanın ödənilməsi üçün üzərinə həbs qoyulan əmlakların üzərindən həbsin götürülməsi, həmin əmlakların satılması, əldə olunan məbləğin ziyanın ödənilməsinə yönəldilməsi barədə vəsatət versələr də, onların bu vəsatəti təmin olunmayıb.

Müttəhimlərin hər biri, onların vəkilləri, həmçinin maraqlı şəxslərin nümayəndəsi Əli Adıgözəlov apellyasiya şikayətlərinin məhkəmə istintaqı ilə aparılmasını istəyiblər.

Qısa müşavirədən sonra vəsatətlər təmin olunmayıb, apellyasiya şikayətlərinin məhkəmə istintaqı aparılmadan məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Nizami Məmmədov və Bayram Bayramovun hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə 10 il 6 ay müddətinə azadlıqdan mərhum ediliblər. İbtidai istintaq və məhkəmə dövründə dövlətə dəymiş ziyanın ödənilməsi üçün Nizami Məmmədov 12 milyon 415 min 194 manat, Vüsal Əlizadə 325 min, Cəlal Kazımov isə 186 min manat ödəniş ediblər. Həmin məbləğlərin dövlət büdcəsinə ödənilməsi üçün qərar qəbul edilib.

Eyni zamanda, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlaklar dövlətə dəymiş ziyanın ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə birlikdə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Təqsirləndirilən şəxslərin ümumi sayı 10-dan yuxarıdır. Onların barəsində olan cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. General Nizami Məmmədovun vəkilləri apellyasiya şikayətində onun cəzasının yüngülləşdirilməsini istəyiblər. Vəkillər Nizami Məmmədov tərəfindən dövlətə dəymiş ziyanın yarıdan çoxunun ödənilməsinin nəzərə alınmasını istəyiblər. Digər müttəhimlərin də vəkilləri apellyasiya şikayətlərində müvəkkillərinin cəzalarının yüngülləşdirilməsini istəyiblər.

Məhkəmə baxışı martın 10-na təyin olunub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR