İnsanlara hürriyət, millətlərə istiqlal!

MSK seçki hazırlığına başladı?

Niyaməddin Orduxanlı: “Mərkəzi Seçki Komissiyasının ölkə üzrə seçki dairələrinin sayını dəyişmək hüququ yoxdur”

Azərbaycanda seçki dairələri üzrə dairə seçki komissiyaları təşkil edilib. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib. Məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov, MSK katibi Arifə Muxtarova və Mikayıl Rəhimov məlumat veriblər. MSK-nın oktyabrın 18-də keçirilən iclasında seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri təsdiqlənib. Toplantıda 92 seçki dairəsi üzrə dairə seçki komissiyaları təşkil edilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, 33 seçki dairəsi üzrə dairə seçki komissiyalarının adı və sıra sayı dəyişmədiyindən tərkibi olduğu kimi saxlanılıb. Seçki komissiyasının sədri, iki katibi dairə seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçiləcək. dairə seçki komissiyası 9 üzvdən ibarətdir.

Seçki komissiyasının sədri, iki katibi dairə seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçiləcək. Seçki komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil deputatları təmsil edirlər.

Məsələ səsverməyə qoyularaq yekdilliklə qəbul olunub.

Qeyd edək ki, MSK-nın iclasında seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri yenidən təsdiqlənib. Seçki dairələrinin yenidən formalaşdırılması, bəzi seçki dairələrinin ləğv olunması, yeni seçki dairələrinin yaradılması nəticəsində seçki dairələrinin ümumi sayı dəyişməyib. Azərbaycanda yenə ümumilikdə 125 seçki dairəsi var.

Bəs MSK-nın 18 oktyabrda həyata keçirdiyi dəyişikliklər adi prosedur qaydadır, yoxsa seçkilərə hazırlıqdan, gündəmdə seçkilərin olmasından xəbər verir?

Niyaməddin Orduxanlı AXC TV-nin baş redaktoru təyin olunub

Niyaməddin Orduxanlı

Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü Niyaməddin Orduxanlı “Yeni Müsavat”a bildirdi ki, seçki dairələri üzrə dairə seçki komissiyalarının təşkil edilməsi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilən adi bir prosesdir. Bunu xüsusi olaraq seçkiyə hazırlıq kimi qəbul etmək yanlışdır. Yəni gündəmdə seçki olmasa belə bu qanuni prosedurlar həyata keçirilir və keçirilməlidir: “Bir-birinə yaxın dairə seçki komissiyaları ləğv edilib, əvəzində yenə eyni sayda dairə seçki komissiyaları yaradılıb. Burada söhbət ancaq ərazi sxemindən gedir. Bəzi seçki məntəqələri var ki, ərazicə ona daha yaxın dairənin tərkibinə verilib. Mərkəzi Seçki Komissiyasının ölkə üzrə seçki dairələrinin sayını dəyişmək hüququ yoxdur. Çünki seçki dairələrinin sayı konstitusiyada əksini tapır və bu rəqəm 125-dir. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələbləri daxilində nə etsə, məhz 125 seçki dairəsi üzrə edir. Seçki dairələrinin sayı ancaq referendum keçirilərək konstitusiyada dəyişiklik edilərsə dəyişilə bilər. 

Gündəmdə seçkinin olub-olmamasına gəlincə, seçkiləri Mərkəzi Seçki Komissiyası təyin etmir. Bu səlahiyyət ölkə Prezidentinə məxsusdur. Mərkəzi Seçki Komissiyası Prezidentin seçkilər keçirilməsi ilə bağlı sərəncamından sonra seçkiləri həyata keçirən qurumdur. Prezident tərəfindən bu gün üçün seçki ilə bağlı fərman verilməyib". 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR