İnsanlara hürriyət, millətlərə istiqlal!

MSK daha 7 partiyanın nümayəndələri barədə qərar verdi

Seçki hazırlıqları sürətlənir; siyasi təşkilatlar namizədlərini yaxın günlərdə açıqlayacaq

Növbədənkənar parlament seçkiləri kampaniyasının 9-cu günüdür. Seçki komissiyalarının və siyasi partiyaların seçki hazırlıqları davam edir. Mərkəzi Seçki Komissiyasının iclasında 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə daha bir neçə partiyanın - Yeni Azərbaycan Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, “Ana Vətən” Partiyası, Müsavat Partiyası və Klassik Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. 

Sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınması qərara alınıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən “Yeni Müsavat”a verilən məlumata görə, iclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib, həmçinin cari məsələlərə baxılıb.

MSK-nın növbəti iclası bu gün olacaq.

Bir sıra siyasi partiyalar isə növbədənkənar parlament seçkiləri ilə bağlı qərarlar qəbul ediblər. Milli Cəbhə Partiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar Ümumrespublika iclası keçirib. Tədbirdə partiya sədri Razi Nurullayev, partiya rəhbərliyi, təşkilat sədrləri və partiyanın parlament seçkilərinə namizədləri iştirak ediblər. Çıxış edən MCP sədri Razi Nurullayev hər bir siyasi partiya üçün seçkilərdə iştirakın önəmini vurğulayıb. Sədr bu seçkilərdə də hər seçkidə olduğu kimi inamla mübarizə aparacaqlarını bildirib. İclasda Milli Məclisə seçkilərdə partiyanın səlahiyyətli nümayəndələri müəyyən edilərək təsdiq edilib. Həmçinin partiyanın deputatlığa namizədliyi irəli sürülən üzvlərin siyahısı da təsdiqlənib.

AMİP Siyasi Şurası da seçkilərlə əlaqədar toplanıb. AMİP sədri Arzuxan Əlizadənin verdiyi məlumata görə, əslində partiyada seçkilərlə bağlı hazırlıqlara fevral ayından start verilib. Bu proses hazırda davam etdirilir. Hazırlıqlar yekunlaşmaq üzrədir. Siyasi Şuranın iclasında seçkidə iştirakla bağlı qərar verilib. Partiya sədri budəfəki seçkilərdən gözləntilərinin böyük olduğunu bildirib: “Ən azından ona görə ki, ölkədə 4 il bundan əvvəl yeni siyasi münasibətlər sisteminin əsası qoyulub, indi də bu proses davam edir. Ona görə də yeni formalaşan parlamentdən gözləntilərimiz böyükdür”.

A.Əlizadə müxalifət partiyalarının parlamentdə təmsil olunacağını bildirib: “Seçki bir sınaqdır. Seçkilərin ədalətli keçəcəyinə ümidimiz və əminliyimiz var, əks halda, iştirak etməzdik. Təbii ki, seçicidən, namizədin elektoratından və seçki kampaniyası aparmağından çox şey asılıdır. Hesab edirəm ki, ölkənin əsas siyasi palitrası parlamentdə təmsil olunacaq”.

Qüdrət Həsənquliyevin sədrlik etdiyi Ədalət Hüquq Demokratiya Partiyasının Ali Məclisi də seçkilərlə bağlı toplanıb. Müzakirələrin sonunda növbədənkənar parlament seçkilərində iştirak etmək barədə qərar verilib.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR