Onlayn ictimai-siyasi qəzet
Ermənistan silahlı qüvvələrinin bölmələri martın 18-i saat 08:55 radələrində Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, bundan öncə, martın 17-si saat 22:15-dən martın 18-i saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa, Qarakilsə rayonunun Saybalı və Çənbərək rayonunun Vaqan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutmuşdu.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılın fikrincə, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar sülhün əldə olunmaması, müqavilənin imzalanmaması məqsədini daşıyır.
İ.İsmayıl Musavat.com-a açıqlamasında qeyd edib ki, təxribat da terror kimi təzyiq vasitəsidir:
“Təxribatın arxasında Paşinyan iqtidarının dayandığını düşünmürəm. Fikrimcə, Nikol Paşinyanın da dediyi kimi, Müdafiə Nazirliyində, orduda 5-ci kolon üzvləri, Rusiyayönümlü hərbçilər, keçmiş prezidentlərin adamları var və bu təxribatları onlar törədə bilərlər ki, ölkələrin sülhə hazır olmadığı görüntüsünü yaratsınlar.
Dünyanın 50-dən çox ölkəsi Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını təqdir edib. İstər qlobal, istər regional, istərsə də kənar güclər sülh müqaviləsinin imzalanmasını dəstəkləyirlər. Xüsusilə, Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Uoltsun Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə danışığında “biz bu sülh müqaviləsini indi yekunlaşdırmalıyıq” deməsindən sonra biz təxribatlara fikir verməməli, sülh müqaviləsini imzalamalı və Ermənistan isə üzərinə düşən qalan öhdəlikləri yerinə yetirməlidir.
Sülh müqaviləsinin imzalanması bölgədə gərginliyi azaldar, sabitlik bərqərar olar, iqtisadi inkişaf olar, perspektivdə kommunikasiya xətlərinin, o cümlədən Zəngəzur dəhlizinin açılması üçün şərait yaranar. Sülh müqaviləsi bu cür təxribatlarla müşayiət olunacaqsa, hər iki tərəf bunu əsas götürsə, gərginliklər daha da artacaq.
Hesab edirəm ki, təxribatlara fikir vermədən sülh müqaviləsini imzalamaq lazımdır”.
Nigar HƏSƏNLİ,
Musavat.com
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ