İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mövcud təhsil sistemi dəyişmədikcə, məktəbli intiharları davam edəcək" - Ekspertdən ŞOK AÇIQLAMA

"Yevlaxda məktəbli imtahandan az bal topladığına görə intihar edib. İmtahan prosesi o qədər stressli və ədalətsiz şəkildə qurulub ki, yüzlərlə gənc bu yükü qaldıra bilmir".

Musavat.com bildirir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert qeyd edir ki, bu gün Azərbaycanda təhsil sistemi elə bir hala gəlib ki, bir məktəbli üçün universitetə qəbul olmaq həyatın məqsədinə, ali hədəfə çevrilib:

"Dövlət İmtahan Mərkəzi (DİM) adlı qurum, bir neçə saatlıq test imtahanı ilə minlərlə gəncin gələcəyini müəyyən edir. Valideynlər, cəmiyyət və sistem isə elə bir psixoloji mühit yaradır ki, sanki universitetə qəbul olmamaq həyatın sonu deməkdir. Bəs bu, həqiqətən belədir? Universitetə girməyən insan həyatda uğur qazana bilmir? Guya universiteti bitirənlər hamısı xoşbəxt və uğurludur?

İmtahan prosesi o qədər stressli və ədalətsiz şəkildə qurulub ki, yüzlərlə gənc bu yükü qaldıra bilmir. Məktəbdə 11 il oxuyursan, gecə-gündüz hazırlaşırsan, amma sonda 2 saatlıq bir test sənin taleyini həll edir. Bunu hansı məntiqlə əsaslandırmaq olar? Niyə bilik təkcə testlə ölçülməlidir? Bəs insanın digər bacarıqları, dünyagörüşü, yaradıcılığı, sosial və praktiki bilikləri necə?

Məktəblərdə verilən təhsil imtahana yönəlmiş mexaniki əzbərləmə sistemindən ibarətdir. Uşaqlar imtahana yox, həyata hazırlaşmalıdır! Ancaq indiki sistemdə şagirdlərə öyrədilən tək şey test cavablarını kodlaşdırmaqdır. Həyat haqqında anlayışı olmayan, real problemlərlə üzləşəndə çıxış yolu tapa bilməyən, psixoloji olaraq zəif, özünü ifadə edə bilməyən gənclər yetişdirilir.

DİM imtahan qaydalarını o qədər sərtləşdirib ki, az bal toplayan uşaq universitetə qəbul ola bilmədikdə sanki cəmiyyətdən kənarlaşdırıldığını hiss edir".

Kamran Əsədov alternativ seçimlərin az olduğunu vurğulayıb:

"Peşə təhsili sistemi inkişaf etməyib, orta bal toplayanlar üçün təhsil imkanları məhduddur, ikinci şans mexanizmləri zəifdir. Sistem insanı ruhdan salır, tükəndirir, məhv edir. Bütün bunların nəticəsində də bəzi uşaqlar çıxış yolunu intiharda görürlər. İmtahan verə bilmədiyinə görə intihar edən bir insanın günahı təkcə onun ailəsində deyil, bu sistemi yaradan və davam etdirənlərdədir.

Təhsili məhv edən digər bir amil isə psixoloji təzyiq və rəqabət sistemidir. Valideynlər uşaqlarını qonşunun, qohumun, sinif yoldaşının uşağı ilə müqayisə edir. “O filankəsin oğlu 600 bal topladı, sən niyə az topladın?”, “Qonşunun qızı Tibb Universitetinə qəbul oldu, sən hara girdin?” kimi sözlər hər il minlərlə gəncin psixologiyasını dağıdır. Universitet təhsil almaq üçün bir vasitədir, həyatın məqsədi yox! Amma bizdə elə bir sistem qurulub ki, qəbul ola bilməyən gənc özünü uğursuz hiss edir. Halbuki dünyanın inkişaf etmiş ölkələrində universitet əsas məqsəd deyil – bacarıq, peşə və yaradıcılıq ön plandadır. Elə uğurlu insanlar var ki, universitet oxumadan belə böyük nailiyyətlər əldə ediblər. Amma bizdə universitetə qəbul olmaq həyati məsələ kimi təqdim edilir.

DİM imtahanları mexaniki və riyazi düstur kimi tərtib edir. İnsan faktorunu nəzərə alan heç bir sistem yoxdur. Məsələn, imtahan günü şagirdin psixoloji durumu necədir? Səhvən kodlaşdırmada bir balaca səhv edib, yüksək bal topladığı halda kəsilən şagirdlərin taleyi necə olur? Bütün bunlar nəzərə alınmır. Niyə təhsil sistemi bu qədər sərt, soyuq və amansızdır? İmtahan insan üçündür, insan imtahan üçün yox!

Ən pisi isə alternativlərin az olmasıdır. Qəbul ola bilmədinsə, ya ikinci dəfə hazırlaşmalısan, ya da ümumiyyətlə, ali təhsil almaqdan vaz keçməlisən. İnkişaf etmiş ölkələrdə təhsilin müxtəlif pillələri var. İmtahandan keçməyənlər üçün peşə məktəbləri, texniki kolleclər, alternativ universitetlər, xüsusi hazırlıq proqramları mövcuddur. Azərbaycanda isə orta məktəbi bitirən gəncin qarşısında ya universitet, ya da qeyri-müəyyən gələcək dayanır".

Ekspertin fikrincə, mövcud təhsil sistemini dəyişmədikcə, belə faciələr davam edəcək:

"DİM imtahan sistemini kökündən yenidən nəzərdən keçirməlidir. Təkcə test deyil, praktiki biliklər, yazı qabiliyyəti, müsahibə əsaslı qəbul modeli tətbiq olunmalıdır. İmtahandan keçməyənlər üçün alternativ yollar yaradılmalı, peşə təhsili inkişaf etdirilməli, əlavə seçim imkanları artırılmalıdır. Ən əsası isə, universitetə qəbul olmaq həyatın məqsədi kimi təqdim edilməməlidir. Cəmiyyət bu düşüncəni dəyişməlidir. Uşaqlarımıza elə tərbiyə verməliyik ki, uğursuzluğu həyatın sonu kimi qəbul etməsinlər, çıxış yolları tapmağı bacarsınlar.

Bir imtahanın nəticəsi bir insanın həyatından daha dəyərli ola bilməz. Təhsil sistemi insan yetişdirməlidir, insanları məhv etməməlidir!".

Xatırladaq ki, bu gün Yevlax rayonu Qoyunbinəsi kəndində 11-ci sinif şagirdi R. Ş. yaşadıqları evin həyətində özünü asıb.

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR