Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiya Şurasından Qriqori Karasin Kiyevə humanitar dəstək verdiyimiz üçün balans naminə Ukraynanın işğal altında olan ərazilərinə də adekvat yardım gözləyir, ekspertlər isə bunu mümkün saymır
“Azərbaycanın Donbasa humanitar yardım göndərilməsi ilə bağlı mümkün qərarı Rusiya ictimai rəyi üçün vacibdir”. “Yeni Müsavat” bildirir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
“İndi Ukrayna mövzusuna toxunaraq, Azərbaycanın Kiyevə humanitar yardım göstərməsinə diqqət çəkmək istərdim. Və hansısa mümkün paritet və balans yaratmaq üçün Azərbaycanın humanitar yardımının Donbasa göndərilməsi məsələsinin müsbət həlli vacib olardı. Bu, ictimaiyyətimizin, ictimai rəyimizin anlayışı üçün çox mühüm göstərici olardı”, - o bildirib.
Qeyd edək ki, Rusiyadan ilk dəfə belə bir xahiş, həm də rəsmən səslənir. Ancaq Bakının separatçı qurumlara, separatizmə münasibəti məlumdur. Azərbaycan dövləti özü separatizmdən on illərlə əziyyət çəkib. Biz həmçinin, erməni işğalı zamanı bəzi dövlətlərin Qarabağdakı oyuncaq rejimə maliyyə, “humanitar” yardımlar etməsini unutmamışıq. Üstəgəl, Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. O zaman özümüzə rəva bilmədiyimizi Ukraynaya necə görə bilərik? Moskvanın xahişinin arxasında nə durur? Azərbaycanın buna getməsi mümkündürmü?
Məlumat üçün deyək ki, Donbas savaşı Ukraynanın cənub-şərqində Rusiyameylli qüvvələrlə Ukrayna ordusu arasında 2014-cü ilin aprel ayından bəri baş verən müharibədir. 2014-cü ildə baş vermiş Ukrayna inqilabı və Avromeydan hərəkatının ardınca 2014-cü ilin martının əvvəllərindən etibarən rusyönümlü qruplaşmaların etirazları Ukraynanın Donetsk və Luqansk vilayətlərində də baş verib. Bu cür etiraz aksiyalarının davamı olaraq Krım yarımadası Rusiya tərəfindən anneksiya olundu və rusyönümlü separatçıların daha böyük qruplaşmaları Ukraynanın cənub və şərq hissələrinə də yayıldı ki, bu da Donetsk və Luqanskda özünü idarə etmək iddiasında olan separatçı qüvvələrlə mərkəzi hökumət arasında silahlı münaqişənin baş verməsi ilə nəticələndi. 5 sentyabr 2014-cü ildə Ukrayna, Rusiya, “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” arasında atəşkəs barədə Minsk protokolu imzalandı. Lakin bu atəşkəs müqaviləsi uzun müddət qüvvədə qalmadı. Rusiya 2022-ci ilin 24 fevralından bəri Ukraynanın 62 min kv.km-dən çox ərazisini işğal edib. Ukraynanın “DeepState” Teleqram kanalının hesabatında belə qeyd olunub.
Azad İsazadə
“Yeni Müsavat”a danışan hərbi analitik Azad İsazadə hesab edir ki, bu, Rusiyanın istəyidir və Bakıya mesaj göndərir: “Azərbaycanın nəbzi yoxlanılır. Amma biz indiyə qədər heç bir yerdə separatçı rejimləri tanımamışıq və onlara yardım etməmişik. Bu məsələdə də mövqeyimiz dəyişməz qalacaq. Sadəcə, təxribat xarakterli açıqlamadır. Azərbaycan isə gərginlik yaranmasın deyə bu ideyaya reaksiya verməyəcək”. A.İsazadənin fikrincə, həmin əraziyə humanitar yardım lazım deyil: “Rusiya istəsəydi Donbası cənnətə çevirərdi, amma etmir. Söhbət rəmzi addımdan gedir. Ancaq Bakı neytral mövqedə qalmağa çalışacaq və Donbasa humanitar yardım göndərməyəcək”.
Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Karasinin son açıqlamalarını provokativ sayır: “Gah deyir ki, Xankəndidə konsulluq açılsın, gah Donbasa dəstəkdən dəm vurur. Hiss olunur ki, Rusiyada hansısa dairələrin təlimatını yerinə yetirir. Rusiya dövləti yaxşı bilir ki, Azərbaycan bu addımı atmayacaq. Çünki ərazi işğaldadır. Əgər Rusiya ərazilərinə zərər dəymiş olsaydı Azərbaycan humanitar yardım edərdi. Misal üçün Belqorod, Kursk, Bryansk kimi şəhərləri vurulur, Bakıda humanitar yardım edir - hə, bunu təsəvvür etmək olar. Hərçənd, Rusiyanın belə bir köməyə ehtiyacı da yoxdur. Amma Donbasa humanitar yardım Ukraynaya hörmətsizlikdir”. S.Əsədli Rusiya rəhbərliyinin Azərbaycandan belə bir xahişi olduğunu düşünmür: “İnanmıram ki, Kreml başçısı bu təşəbbüslə çıxış etsin. Sadəcə, bizim reaksiyamızı yoxlayırlar. Sanki bu münaqişədə Rusiyaya borcumuz var. Azərbaycan Ukraynada müharibədən əziyyət çəkən insanlara humanitar yardım edir. Bu savaş Donbasda yaşayanlara böyük zərər vurub, amma Rusiya həmin regionları ilhaq edib və biz o əraziləri Ukraynanın ərazi bütövlüyü çərçivəsində tanıyırıq. Əgər bu addımı atsaq, Xankəndi separatçılara illərlə edilmiş dəstəyə bəraət qazandırmış olarıq. Postsovet məkanında separatizmə kimlərin dəstək olduğunu yaxşı bilirik”.
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublunun sözlərinə görə, Azərbaycan beynəlxalq hüquqa əsaslanır. Onun fikrincə, Rusiyadan gələn çağırış istək xarakterlidir və hüquqi məntiqi yoxdur: “Donbasda gedən müharibə 2014-cü ildən başlanıb və indiyə qədər minlərlə insan həyatını itirib. Bu, böyük faciə və münaqişədir. Həmin ərazilərin yenidən bərpasına külli miqdarda vəsait lazımdır. Şəhərlər dağılıb, infrastruktur məhv edilib, əhali demək olar ki, qalmayıb. Məsələn, hazırda Mariupolda az sayda insan var. Donetsk və Luqanskda müharibə davam edir, dinc əhali regionları tərk edib. Belə şəraitdə humanitar yardım necə göstərilə bilər? Müharibə dayanmalı, nəticələri məlum olmalıdır. Azərbaycan Ukraynaya generator göndərir, müxtəlif avadanlıqlar verir, çünki onun ərazisi hücuma məruz qalıb. Necə ki biz eyni işğalla üzləşmişik. Yəni biz hüquqi aspektdən düzgün addım atırıq. Amma Rusiya görür ki, Bakı münaqişədə koalisiyada deyil, sanksiyalara qoşulmayıb, Moskva ilə müttəfiqlik sənədi imzalanıb. Həmin sazişdə isə Donbasa dəstək razılaşdırılmayıb”.
Emil SALAMOĞLU
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ