Onlayn ictimai-siyasi qəzet
Rus ordusu bir gündə PUA-larla Ukraynanın 6 şəhərini hədəfə alıb, qarşı tərəf də uzaq Həştərxana qədər zərbələr endirir; analitik: “Bu şəkildə sülh mümkün deyil”
İyulun 12-də Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri İran istehsalı olan 11 ədəd “Şahid-136/131" dronunu sıradan çıxarıb. ”Yeni Müsavat" xəbər verir ki, bundan əlavə, “Şahid” dronları ilə yanaşı beş ədəd X-101 raketini də vurub. Qeyd olunub ki, Rusiya ordusu bu PUA-larla Ukraynanın Nikolayev, Kiyev, Vinnitsa, Xmelnitski, Xerson və Sumi əyalətlərini hədəfə alıb. Son həftələrdə rus qoşunları Ukraynanın şimal və qərb regionlarını davamlı hücumlara məruz qoyur. İstanbul anlaşmasından sonra Rusiya ordusu bu ərazilərdən çəkilərək şərq və cənub regionlarında hərbi əməliyyatlar aparır. Lakin vaxtaşırı yenə də paytaxt Kiyev və digər qərb şəhərlərinə dron və raket zərbələri endirilir. Bu hücumlar xüsusən də Rusiya lideri Putinin İstanbul anlaşmasının hələ də masa üzərində olduğunu xatırlatması ilə eyni vaxta təsadüf edir. Lakin Ukrayna prezidenti Zelenski danışıqlardan birmənalı şəkildə imtina edir.
“Heç də bütün liderlərin sülh danışıqları aparmaq qabiliyyəti yoxdur”. Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib. Zelenski bunu deyərkən Macarıstan Baş naziri Viktor Orbanın vasitəçilik təşəbbüslərini nəzərdə tutub və qeyd edib ki, Kiyevə səfər edən Orbanın daha sonra Moskvaya və Çinə gedəcəyini bilməyib. Eyni zamanda, Ukrayna prezidenti deyib ki, bütün liderlərin real danışıqlar aparmaq imkanı yoxdur: “Bütün böyük və kiçik ölkələrə hörmətlə yanaşırıq, lakin biz başa düşməliyik ki, bütün liderlər danışıqlar apara bilməz. Bunu etmək üçün sizin müəyyən gücə malik olmanız lazımdır”.
Ukrayna liderinin bu bəyanatlarından belə nəticə hasil olur ki, müharibə sürünən fazada davam edəcək. İndi Kiyev Norveç, Dnaimarka, Niderland kimi ölkələrin verəcəyi F-16 qırıcılarından istifadə gününü gözləməkdədir. Rusiya rəsmiləri isə bu qırıcıları vuracaq potensiala malik olduqlarını iddia edirlər. Beləliklə, münaqişənin həlli üçün diplomatik imkanlar rədd edilir. İnsafən, şərtlər də ağırdır və Kiyev razılaşmır. Kreml tələb edir ki, 4 regiondan əlinizi üzün, üstəlik, alyansa üzvlük niyyətindən imtina edin. Buna da Zelenskinin getməsi mümkün deyil.
Üstəlik, Ukrayna səmasının qorunması üçün NATO-nun Vaşinqton sammitində koalisiya gücləri razılığa gəliblər. Gec də olsa, bu qərarın verilməsi Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini gücləndirəcək. Bundan əlavə, kollektiv Qərb Ukraynaya mərmilərin verilməsində də anlaşıblar. NATO baş katibi Stoltenberq isə verilən silahlarla Rusiyanın dərinliklərini vurmağa çağırıb. Eyni gündə analoji çağırış Böyük Britaniyanın yeni baş naziri və ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerindən də gəlib. Hərgah Ağ ev rəhbəri Bayden Moskva və digər mərkəzi şəhərlərin vurulmasına icazə verməyib. Amma bununla belə Rusiyanın paytaxtına da, Kiyevdən çox uzq olan Həştərxana qədər də PUA-lar işə düşürlər. Beləcə müharibə hər iki cəbhədə gedir.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlunun bildirdiyinə görə, Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün bu günə qədər xeyli ölkə vasitəçi olmaq istəyib: “Bu sırada Türkiyənin, Çinin və Macarıstanın adlarını çəkmək olar. Bu dəfə Hindistan vasitəçilik təşəbbüsü ilə çıxış edib. Hindistanın baş naziri Narendra Modi Rusiyaya səfəri zamanı Kreml sahibi Vladimir Putinlə sülhün vacibliyindən danışıb. Putin bu kimi təşəbbüsləri minnətdarlıqla qəbul etsə də, Ukrayna torpaqlarından əl çəkməyəcəyini bildirir. Aydındır ki, bu şəkildə sülh mümkün deyil”.
Fuad Əliyev
Siyasi ekspert Fuad Əliyev Kiyevin ABŞ-dan tam asılı vəziyyətdə olduğunu düşünür. Onun fikrincə, tərəflərin masaya oturması üçün Vaşinqton Zelenski hakimiyyətini məcbur edə bilər: “İndi bu tələb yoxdur və silah-sursat axını davam edirsə, deməli, müharibənin uzanması Qərbin maraqlarına xidmət edir. Zelenski etiraf edib ki, Amerika yardımı dayandırsa, məğlub olacağıq. Yəni Ukrayna dövləti bu dərəcədə aciz vəziyyətə düşüb. Mən yaxında atəşkəs görmürəm, bu şəkildə döyüşləri uzadacaqlar. Amma Ukraynanın əks-hücum əməliyyatları yoxdur, rus qoşunları getdikcə Donbasda möhkəmlənirlər”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ