İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva miqrantların göz yaşına baxmır – General Qorovoy və “qorodovoy”lar fevralın 5-nə hazırdır

Fevralın 5-də Rusiyada "nəzarət olunan şəxslərin reyestri" fəaliyyətə başlayacaq. Bu, ölkədə qanunsuz miqrantların daxil ediləcəyi böyük bir məlumat bazasıdır.

Rusiya Federasiyasının daxili işlər nazirinin birinci müavini, polis general-polkovniki Aleksandr Qorovoy bu barədə “Komsomolskaya Pravda”ya müsahibə verib. Nazir müavini bildiirb ki, adı çəkilən reyestr gündə dörd dəfə yenilənəcək.

General Qorovoyun sözlərinə görə, həmin reyestrdən işəgötürənlər, fiziki şəxslər, səlahiyyətlilər, dövlət qurumlarının işçiləri istifadə edəcəklər, xarici vətəndaş üçün hər hansı əməliyyatı həyata keçirməzdən əvvəl onu bu reyestrlə yoxlayacaqlar. Əgər adamın adı bu siyahıdadırsa, demək, qeyri-qanuni miqrantdır və onun işə düzəlməsi, uşaqlarını bağçaya və ya məktəbə yerləşdirməsi, əmlakını qeydiyyata aldırması, evlənməsi və ya boşanması mümkün deyil.

Hətta qeyri-qanuni miqrantların bilet alması, nəqliyyat vasitələri sürməsi, onları yenidən qeydiyyata aldırması, ümumiyyətlə, gündəlik həyatda ehtiyac duyulan bütün böyük dövlət xidmətlərindən istifadə etməsi yasaqlanır.

Beləliklə, DİN rəhbərinin birinci müavininin sözlərindən belə çıxır ki, fevralın 5-i federasiya ərazisindəki miqrantlar üçün qara günün başlanğıcıdır. Həmin gündən etibarən daxili işlər orqanlarına əcnəbilərin ölkədən çıxarılması ilə bağlı qərar vermək səlahiyyəti verilir. Artıq rayon polis işçilərinə, patrul xidmətinin, miqrasiya şöbələrinin, yol müfəttişliyinin əməkdaşlarına 40 mindən çox planşet verilib və onlar fevralın 5-dən miqrantların canına daraşacaqlar.

Rusiyalı məmurlar nə qədər söhbətin “qanunsuz miqrantlar”dan getdiyinə vurğu etsələr də, Rusiya kimi korrupsiyalaşmış, rüşvətxorluğun tüğyan etdiyi, məmurların öz səlahiyyətlərindən istifadə edərək xərac toplamalarının normaya çevrildiyi ölkədə qanunla problemi olmayan miqrantların da kənarda qalacağı şübhə doğurur.

Böyük ehtimalla onların böyük bir hissəsi sırf qaraşın olduqları üçün küçələrdə, iş yerlərində “ovlanacaq”, polis bölmələrinə aparılacaq, orada uzun-uzadı araşdırmalara məruz qoyulacaq, daha sonra külli miqdarda rüşvət vermələrinin müqabilində sərbəst buraxılacaqlar və ya başqa bəhanələrlə məsuliyyətə cəlb ediləcəklər (əlbəttə, xərac verməkdən imtina edənlər).

Bu güman ondan qaynaqlanır ki, hələ Dumada antimiqrant qanunlarının qəbul edilmədiyi, cəmiyyəti antimiqrant isteriya sarmadığı vaxtlarda belə xüsusi təyinatlı polis dəstələri vaxtaşırı miqrantların işlədiyi bazarlara, tikinti meydançalarına və sair obyektlərə reydlər təşkil edir, onları kütləvi şəkildə avtobuslarla doldurub təcrid düşərgələrinə aparır, “sağmal-subay” seçməsinə məruz qoyurdular. Yaxalanmış miqrantların istisnasız olaraq hamısı canlarını rüşvətlə qurtarırdılar. Bu, artıq o qədər rutin hal almışdı ki, rəislərə çox pul lazım olanda bu reydləri daha intensiv şəkildə təşkil edirdilər.

İndi isə poqonlu reketlərin istinad edə biləcəyi konkret qanunlar, göstərişlər var. Artıq heç bir prokuror onların hərəkətinin qanuni olub-olmamasını sorğuaya bilməz. Bundan əvvəl ara-sıra olsa da, belə hallar olurdu, daxili təhqiqat idarələri, vətəndaşların “poqonlu bədheybətlər” adlandırdığı polis dəstələrinin komandirlərinin hərəkətlərini nəzarətə almağa cəhd göstərirdilər – o da çox vaxt öz şəxsi maraqlarına görə.

Məum olduğuna görə, bu gün Rusiyada 670 min qeyri-qanuni insan var və onların yarıdan çoxu qadın və uşaqlardır. Bunlar miqrasiya üçün qeydiyyata düşməyən, əmək müqaviləsi bağlamayan adamlardır. Bu insanların öz hüquqi statuslarını tənzimləmək üçün aprelin 30-dək vaxtları var. Ondan sonra tətbiq edilən sistemlər avtomatik olaraq qanunu pozanları reyestrə daxil etməyə başlayacaq. Mayın 1-dən sonra isə könüllü şəkildə gəlib bütün yoxlama prosedurlarından keçmək imkanı yox olacaq.

General Qorovoy miqrantlara qarşı kampaniyanı onların RF ərazisində cinayət törətməsi ilə bağlayır. Onun sözlərinə görə, Rusiyada yaşayan 10 min xarici vətəndaşdan 61-i cinayət törədib. Ruslar arasında bu göstərici 58,6-dır.

Göründüyü kimi, rus toplumunun və miqrantlar icmasının törətdiyi cinayətlərin statistikası bir-birinə yaxındır və bu, miqrantlara qarşı total təqib kampaniyasına səbəb ola bilməz.

Ancaq o da aydındır ki, antimiqrant isteriyasını tətikləyən başqa səbəblər var və əlində müxtəlif və məxfi informasiyalar olan dövlət adamları əsl səbəbin nə olduğunu bilirlər.

Güman ki, söhbət miqrantların ölkənin demoqrafik tərkibini mənfi istiqamətdə dəyişməsi (rusların azalması, başqa millətlərin çoxalması), miqrantların iqtisadi sferada, biznesdə üstün duruma gəlmələri (“yadelli” milyarder və milyonçuların sayının artması), Rusiyada qazanılan pulların miqrantlar tərəfindən kütləvi şəkildə vətənlərinə - qonşu ölkələrə göndərilməsi, kriminal qruplaşmaların milli mənzillər üzrə formalaşması və sair amillərin güclənməsindən gedir.

Güman həm də keçmiş SSRİ respublikaların sözəbaxan etmək üçün miqrant faktorundan istifadəyə gedir. Şünki hazırda Rusiyada yaşayan 6,3 milyon əcnəbi vətəndaşı 80%-i MDB ölkələrindən olanlardır.

Belə anlaşılır ki, Rusiyadan deportasiya edilən miqrantlar əvvəlki illərdə olduğu kimi ad-soyadlarını, ata adlarını dəyişərək, yenidən etibarlı pasportla RF-yə qayıda bilməyəcəklər. Buna qarşı barmaq izi ilə yanaşı, başqa məhdudlaşdırıcı tədbirlər də düşünülüb.

Bu kampaniyadan azərbaycanlılarda ziyan çəkə bilərmi? Bəli. Yaxın günlərin hadisələri o ziyanın nə dərəcədə olduğunu göstərəcək.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR