Onlayn ictimai-siyasi qəzet
Bölgədə fındıq inhisarçıları kimlərdir?; sahibkarlar “onlar hansı qiyməti oxusa, biz də o qiymətə satmağa məcburuq” deyirlər...
Hər il olduğu kimi, bu il də fındıq yetişdirən şəxslər qiymətdən narazılıq edirlər. Ölkənin əsas fındıqçılıq əraziləri olan Quba-Xaçmaz, Zaqatala-Şəki bölgələrində fındıq bağlarının sahibləri qiymətlərin məqsədyönlü şəkildə endirildiyini bildirirlər.
Xaçmazın Xudat kənd sakini, fermer Səmayə Məmmədova bildirib ki, yaş fındığa təklif olunan qiymət maya dəyərindən də aşağıdır: “Fındığın bir kiloqramını 2 manat 50-2 manat 70 qəpiyə alırlar. Bu, heç fındığa çəkilən xərci ödəmir. Fındığın bir kiloqramını ağacın üstündən 50 qəpiyə, altından isə 1 manata yığırlar. Gübrə pulunu, dərmanlara ödədiyimiz vəsaitləri hesabladıqda, "aldım qoz, satdım qoz" olur. Bizə elə çəkdiyimiz əziyyət qalır" (“Sputnik Azərbaycan”).
Fermer deyir ki, fındıq bu il dəyərindən çox aşağı qiymətə alındığından, Xaçmazda əhalinin çoxu fındıq bağlarını ləğv edib yerində gilas bağları salır. Onun sözlərinə görə, yaş fındığı qabıqlı şəkildə 1 manat 30 qəpikdən götürürlər. Bu da fermerlərə sərf etmir: “Ötən il fındıq bağından 5 min manata yaxın gəlir əldə etsək də, bu il heç 3 min manat qazanmamışıq. Çünki fındığın alış qiyməti çox aşağıdır”.
Xaçmazın Ləcət kənd sakini, fermer Xammədov Amid də fındıq bağı saxlamağın daha sərfəli olmadığını söyləyib. O bildirib ki, fındığın bir kiloqramını yığdırmaq üçün fəhləyə 70 qəpik pul ödəyir: “Fındığın 1 kiloqramını ən yaxşı halda 2 manat 80 qəpik - 3 manata satırıq. 1 hektar fındıq sahəsindən 1,5 ton fındıq götürmək mümkündür. Fındıq sahəsi ildə ən azı üç dəfə sulanmalıdır. Bunun üçün hər hektara 50 manat su pulu ödəyirik. 1,5 ton təmiz fındığı götürmək üçün 3,2 ton fındıq yığılmalıdır. Dövlət isə fındığın hər hektarına ildə 240 manat subsidiya verir. Gübrənin bir kisəsi 100 manatdır. Hər hektarına ən azı 5 kisə gübrə səpmək lazımdır. İndi özünüz hesablayın, görün fındıq bağı saxlamaq fermerə nə dərəcədə sərfəlidir?!”
O deyir ki, maşınla təmizlətmək hər 100 kiloqram fındığa 4 kiloqrama başa gəlir.
Analoji vəziyyət Şəki-Zaqatala bölgəsində də mövcuddur. Qax rayon sakini Həvva Hüseynova deyir ki, fındığı əziyyət çəkib yığmağına dəymir. Çünki yaylıq fındığın kilosu fermerlərdən 1.70 AZN-ə alınır: “Yağışlı il olduğuna görə fındıq ağaclarına xəstəlik düşüb. Dərmanlar, gübrələr baha olduğundan kəndlilər fındığa lazımi qulluq göstərə bilmirlər. Nəticədə də məhsul həm az, həm də keyfiyyətsiz olur. Qiymətlər də ki, çox ucuzdur”.
O əlavə edib ki, qiymətlərə alıcılar da zərbə vurur: “Bölgədə fındıq alışı inhisardadır. İnhisarçı hansı qiyməti oxusa, biz də o qiymətə satmağa məcburuq. Əks təqdirdə, fındıq əlimizdə qalır. Üstəlik, bizim bölgədə əksər insanlar gözünü fındıqdan gələn 5-10 manat pula dikir. Bizdən fındığı su qiymətiunə alıb bazarlarda və xaricdə baha qiymətə satırlar. Bizə ancaq zəhmət çəkmək qalır”.
Zaqatala sakini Ramazan Ömərov isə deyir ki, oliqarxların bölgədə saldıqları aqroparklar fındıqçılıqla məşğul olan kəndlilərin “evini yıxıb”: “Əvvəl fındıq gəlirli idi. İndi isə kəndlilərin gözünü dikdiyi bu məhsulun yeni sahibləri gəlib. Onlar güzəştli qiymətlərə əldə etdikləri torpaq sahələrində dövlətin dəstəyi ilə intensiv bağlar salıblar. O bağlara verilən su havayıdır, gübrə isə güzəştli qiymətlərlə əldə edilir. Onların lazımi texnikası, işçiləri var. Təbii ki, sadə kəndlilər rəqabətdə onlara uduzacaqlar. Dövlət belə ədalətsiz rəqabətə şərait yaratmamalıdır”.
Yuxarıda da qeyd etdik ki, məhsul yığımı mövsümündə emal müəssisələrinin fındığın qiymətini süni şəkildə aşağı salması son 5-6 ilin xoşagəlməz trendinə çevrilib. Hər il avqust ayında fermerlər, fərdi bağ sahiblərinin şikayətləri mətbuata ayaq alır. Açıqlanan məlumatlardan aydın olur ki, fındıq istehsalı təmərküzləşdikcə, məhsulun alış qiymətləri düşür. Əgər 2019-2021-ci illərdə istehsalçılar fındığın kiloqramının 4-4,5 manata qədər ucuzlaşdırılmasından gileylənirdilərsə, bu il ən yüksək qiymət kimi 2,5 manatdan bəhs edilir.
Azərbaycanda fındıq istehsalı 2020-ci ildəki 49,5 min tondan 2023-cü ildə 75,4 min tona yüksəlib. Fındıq ixracının həcmi isə 2021-ci ildəki 19,5 min tondan 2023-cü ildə 23,4 min tona qədər artıb. Bu isə o deməkdir ki, istehsal 152 faiz artdığı halda ixrac 120 faiz artıb. İstehsalla yanaşı, idxal da artıb. 2021-ci ildə qabıqlı-qabıqsız meşə fındığı idxalı 239 ton, 2023-cü ildə isə 306 tona yüksəlib. Rəsmi məlumata əsasən Azərbaycanda fındıq yığımının 99 faizi fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının payına düşür. Eyni zamanda rəsmi məlumatlarda 2023-2024-cü illər üzrə Azərbaycanda əsasən 39 şirkətin fındıq ixrac etdiyi açıqlanır. Bildirilir ki, onlardan 34-nün illik ixracı 100 min ABŞ dollarını, 24-nün isə illik ixracı 1 milyon ABŞ dollarını üstələyir. Fındıq emalı müəssisələrinin sayı da kifayət qədər çoxdur. Təkcə Zaqatala rayonunda 8 iri fındıq emalı müəssisəsi var: “Əli Səid” MMC (2003-cü ildə istifadəyə verilib, istehsal gücü gündəlik 5 ton), “Res nut” MMC (2005-ci il, istehsal gücü gündəlik 4 ton), Mosul kəndi ərazisində Fındıq emalı müəssisəsi (2005-ci il, istehsal gücü gündəlik 3 ton), “Azərsun” Zaqatala fındıq zavodu (2006-cı il, istehsal gücü gündəlik 15 ton), “Caucasus nut” MMC (2006-cı il, istehsal gücü gündəlik 7 ton), “Qala-N” MMC (2006-cı il, istehsal gücü gündəlik 3 ton), “Azplod eksport” MMC (2006-cı il, istehsal gücü gündəlik 5 ton), “Azerstar” MMC (2007-ci il istehsal gücü gündəlik 5 ton).
Bura Qəbələ Fındıq Emalı Zavodu, bir neçə rayonda filialı olan Bakı Fındıq Emalı Zavodu, Xaçmaz, Qəbələ, Oğuz, Şəki və digər rayonlardakı emal müəssisələrini də əlavə etsək, 20-dən yuxarı emal müəssisəsinin olduğunu deyə bilərik.
Yəni ixracatçı və emalçı sayına dair bu rəqəmlər fındıqçılıq sahəsində inhisarçılığın olmadığını göstərir. Lakin Azərbaycan reallığı belədir ki, bir sahədə hətta 20-30 müəssisə-şirkətin fəaliyyəti rəsmiləşsə belə, onların 2-3 qrupun nəzarətində olması mümkündür. Belə görünür ki, fındıq istehsalı-ixracı artdığı şəraitdə istehsalçıdan alış qiymətinin davamlı olaraq düşməsi hansısa mərhələdə kartel sövdələşməsi nəticəsində mümkün olur. Burada ixracın artım sürətinin istehsaldan daha zəif olması da rol oynayır. İxracın daha sürətli artmasına isə bir sıra amillər mane olur.
Qeyd edək ki, Beynəlxalq Ticarət Mərkəzinin (BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və Ümumdünya Ticarət Təşkilatı ilə birgə mandata malik çoxtərəfli agentlik) 2023-cü il üzrə son məlumatlara görə, Azərbaycan qlobal meşə fındığı ixracatçıları siyahısında 4-cü yerdə qərarlaşıb. Sıralamada ilk üç pillədə Türkiyə, Çili və İtaliya yer alıb.
Azərbaycan fındığı əsasən Rusiya, Almaniya, İtaliya və İsveçrəyə, qismən Körfəz ölkələrinə ixrac olunsa da, 2023-2024-cü illərdə Ukrayna, Belçika, Estoniya və İsrail kimi yeni ölkələrə də ixraca başlanıb.
İxracın gəlirli olması ölkədə fındıq sahələrinin artmasına rəvac verib. 2023-cü ilin sonuna Azərbaycanda fındıq əkmələrinin sahəsi 81 801,5 hektar təşkil edib. Ən çox fındıq bağlarının yerləşdiyi Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında 2023-cü ildə fındıq yığımı müvafiq olaraq 56 580,1 ton və 13 714,6 ton təşkil edib.
Dövlət fındıq əkinlərinə subsidiya verdiyi kimi, ixracatçılarına da dəstək göstərir. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-nun dəstəyi ilə fındıq ixrac edən 9 yerli şirkət 2023-cü ildə “Anuga 2023" və 6-cı Çin Beynəlxalq İdxal sərgiləri, 2024-cü ildə isə "Foodex Japan 2024", “Prodexpo 2024" və "Russia Halal Expo 2024" kimi sərgilərdə, eləcə də Cənubi Koreya şirkətlərinin Azərbaycana təşkil olunmuş alıcı missiyasının görüşündə iştirak edib.
Qeyri-neft məhsullarının ixracının şaxələndirilməsi üçün nəzərdə tutulan təşviq mexanizmlərindən biri də sahibkarlara qeyri-ənənəvi bazarlara çıxmağa kömək etmək məqsədilə logistika subsidiyalarının verilməsidir. Logistikaya dəstək mexanizmi ixracatçılara yalnız yeni və qeyri-ənənəvi bazarlara inteqrasiyaya kömək etmək məqsədilə verilməsi nəzərdə tutulub və hesab olunur ki, bu fındıq ixracatçılarının yeni bazarlara çıxışını təşviq edəcək.
Rəsmi məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycandan 51 milyon 900 min dollar dəyərində 8 425 ton fındıq ixrac olunub. 2023-cü ilin eyni dövründə Azərbaycandan 60 milyon 619 min dollar dəyərində 12 229 ton fındıq ixrac olunmuşdu. Bu isə o deməkdir ki, fındıq ixracı dəyər ifadəsində 14.4 faiz, miqdar ifadəsində 31 faiz azalıb. Bir ton fındığın orta ixrac qiyməti illik müqayisədə 6 min 160 dollardan 4 min 957 dollara düşüb.
Fındıq ixracında artıb-azalma periodik olaraq qeydə alınır. İxracatçılar bunun bir neçə səbəbini göstərirlər. Bildirilir ki, Azərbaycanın dünya fındıq bazarında tam rəqabət apara bilmir. Səbəbi isə rəqib olan ixracatçı ölkələr üçün Avropa Birliyi tərəfindən xüsusi gömrük güzəştlərinin tətbiqidir. Belə ki, Azərbaycan Avropa Birliyinə fındıq ixrac edəndə 3.2-11.8 faiz gömrük vergisi tətbiq olunur, amma rəqib ölkələr, xüsusilə Türkiyə və Gürcüstan üçün bu rüsumun səviyyəsi sıfırdır. Bu, Azərbaycan fındığının Avropa kimi ən böyük bazarda rəqabət qabiliyyətini kəskin şəkildə aşağı salır. Buna görə də ixracatçılar məhsulu yalnız iri qablaşdırma formasında - çəkisi 40 kq-dan 1 tona qədər olan polipropilen kisələrdə, çəkisi 5 kq-dan 25 kq-a qədər olan vakuum polipropilen qablaşdırma üsulu ilə qənnadı fabriklərinə ixrac etməklə kifayətlənirlər. Belə formada - topdansatış kimi qablaşdırma forması Avropa standartlarına cavab verir və əlavə rüsuma cəlb olunmur. Amma fındığın son emal məhsulunu kiçik qablaşdırmada Avropaya ixrac etmək üçün 11,8 faiz vergi ödəməli olurlar. Bu səbəbdən Avropaya yalnız çiy ləpəni ixrac edilir. Bunun nəticəsidir ki, son illərdə Azərbaycan fındığının da əsas alıcısı Rusiyadır...
Dünya SAKİT,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ