Onlayn ictimai-siyasi qəzet
Son günlər Azərbaycanda plastik cərrahların fəaliyyətində ciddi nöqsanlar aşkarlanır, hətta onların yanlış əməliyyatı nəticəsində həyatını itirənlər var. Əldə olunan məlumatlara görə, plastik cərrahiyyə ilə məşğul olanların bəzilərinin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri yoxdur, yaxud da bu sənədlər saxta yolla alınıb.
Buna görə də plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yarandı. Bununla əlaqədar səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradıldı.
Beləliklə, ölkədə praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməli oldular.
Bir aylıq möhlət bitdi. Vəziyyət nə yerdədir? Ümumiyyətlə, saxta plastik cərrah problemini kökündən necə həll etməli?
Xəbərdarlığa kimi ölkədə 200-250 plastik cərrahın olduğu deyilirdi. Ayın 1-dən sonra onlardan neçəsi fəaliyyətini davam etdirir?
Elnur Mehrəli
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan plastik cərrah Elnur Mehrəli deyib ki, Səhiyyə Nazirliyindən nəticələrlə bağlı hələ ki məlumat verilməyib: “Plastik cərrahiyyə ilə bağlı sənədlərimizi Səhiyyə Nazirliyinin qəbul şöbəsinə təqdim etmişik. Bizdən tələb olunan sənədlərin siyahısı var idi. Onların arasında diplom, internatura haqqında şəhadətnamə, əmək kitabçasında yer alan, yəni bu günə qədər əmək fəaliyyətimizlə bağlı sənədlər, eyni zamanda sertifikasiya şəhadətnaməmizin düzgünlüyünün yoxlanılması üçün onun natorial qaydada təsdiqinin surətini Səhiyyə Nazirliyinə təqdim etdik. Bundan sonra bizə ümumi qaydalara uyğun olaraq təkrar əlaqə saxlanılacağı və sənədlərin araşdırıldıqdan sonra nəticəsi barədə məlumat veriləcəyi bildirilib”.
Adil Qeybulla
Tanınmış cərrah Adil Qeybulla açıqlamasında deyib ki, məsələnin həlli yolu fərqli olmalıdır: “Dünyada bu işlər üçün akkreditasiya komissiyası fəaliyyət göstərir. Yəni şəxs tibb universitetində təhsil alır, sonra rezidenturaya qəbul imtahanlarında iştirak edir, konkret bir sahə üzrə ixtisaslaşır və ona lisenziya verilir. Lisenziyanın verildiyi müddətdə çalışır, bu vaxt bitdikdən sonra isə yenidən yoxlanılır.
Bizdə tibbdə hansı sahə normaldır ki? Axtarsanız, stomatoloqlar arasında da saxta həkimlərə rast gələcəksiniz. Hər sahədə bu cür avantürüstlər var. Ona görə də bu məsələlər akkreditasiya sistemi ilə yoxlanılmalıdır. Dünyanın hər yerində bu belədir. Həkimlərə lisenziya nömrəsi verilməlidir, hər bir həkim reyestrdən keçməlidir. Xəstə istədiyi zaman oradan həkimi haqqında məlumatları əldə edə bilməlidir.
Azərbaycan Prezidentinin akkreditasiya komissiyasının yaradılması ilə bağlı sərəncamı da var idi. O yaradılsa, məsələ həllini tapar. Dəfələrlə təkliflərimi vermişəm. Əks halda, heç bir ixtisası olmayan adamlar plastik cərrah kimi fəaliyyət göstərməyə davam edəcəklər. Gedib bir lazer aparatı alıb, otaqlarının qapısına yazırlar ki, həkim lazeroloq, belə biabırçılıq olar? Kosmetoloqun belə tibb təhsili olmalıdır. Hərə bir sertifikat alıb nə iş gəldi görürlər, buna birdəfəlik son qoyulmalıdır".
Səhiyyə Nazirliyi yanında yaradılan Təftiş Komissiyasına müraciət müddəti 31 yanvar tarixində sona çatıb. Göstərilən tarixədək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib. Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək. Qeyd edək ki, Azərbaycanda saxta sənədlərlə fəaliyyət göstərən plastik cərrahların olması məsələsini ilk dəfə ABŞ-a köçən aparıcı Qənirə Ataşova qaldırmışdı.
Aparıcı bir çox həkimin saxta yolla diplom aldığını və ya adi sertifikatlarla bu işlə məşğul olduğunu bildirmişdi. Aparıcı xeyli sayda həkimin ad və soyadının olduğu siyahını paylaşaraq yazmışdı: “Azərbaycanın estetik cərrahiyyəsinin üzü... Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı tərtib edilib. 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunur. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Sual yaranır, bəs necə oldu ki, bu adamlar bir gecədə estetik cərrah oldular?” Bundan sonra ölkədə ard-arda estetik cərrahların qurbanı olan insanlar paylaşımlar edərək gördükləri zərəri açıqlamışdılar.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ