İnsanlara hürriyət, millətlərə istiqlal!

Mistik rəsmlər çəkən rəssamın müəmmalı ölümü – Qətl, yoxsa intihar?  

Azərbaycan rəssamı Fərhad Yalquzağın emalatxanasında meyiti aşkarlanıb. Meyitin qan gölməçəsində olması Fərhad Yalquzağın ölümündə kriminal izlərin olması ehtimalını doğurub.

Hadisə iyunun 17-də Xətai rayonu, M.Rüstəmov küçəsində yerləşən emalatxanasında baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, həmin ünvana çağırış saat 22:30 radələrində daxil olub. Təcili yardım briqadası hadisə yerində meyit aşkarlayıb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırmalar başlanıb. İlkin məlumata görə, rəssam özünə bıçaqla xəsarət yetirib və qan itirmə nəticəsində dünyasını dəyişib. Rəssamın həmkarları və dostları onun səhhətində ciddi problem olmadığını bildiriblər. Hadisənin dəqiq səbəbləri araşdırılır. Fərhad Yalquzağın sənət dostları və yaxınları bildiriblər ki, rəssamın səhhətində ciddi problem olmayıb və intihar edəcəyinə dair heç bir əlamət müşahidə olunmayıb. Rəssam Pəri Miniatürün sözlərinə görə, Yalquzaq son günlərdə yeni layihə üzərində çalışırmış:

 “Fərhadın səhhəti qaydasında idi. Ölüm səbəbi hələ də bilinmir. Bu xəbər bizi şok etdi”.

Fərhad Yalquzaq 1973-cü il martın 1-də anadan olub. O, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu idi. Öz yaradıcılığında avanqard üslubu seçmiş və bu sahədə fərqli cığır açmış sənətkarlardan biri hesab olunurdu. 2009-cu ildə onun "Afrikalı şaman", 2010-cu ildə "Bilyard ustası" adlı əsərləri "Muzey Mərkəzi"ndə keçirilən sərgilərdə nümayiş etdirilib. Bu əsərlərdə mistika, ekzotika və insan psixologiyasının dərin qatları öz əksini tapıb. Fərhad Yalquzaq Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. 2022-ci ildə o, "XAZART" beynəlxalq simpoziumunda iştirak edərək gənc rəssamlara təcrübəsini bölüşmüş, ustad dərsləri keçmişdi. Onun rəsmləri yerli kolleksiyaçılar arasında da maraq doğurub, bəzi əsərləri özəl qalereyalarda saxlanılır. Yalquzaq öz fərqli bədii dili ilə klassik ənənələrlə müasirlik arasında körpü yaratmağa çalışırdı. Rəssam həmçinin 2020-ci ildən etibarən şəxsi emalatxanasında yeni avanqard kolleksiya hazırlayırdı. Dostlarının sözlərinə görə, bu kolleksiya yaxın aylarda ictimaiyyətə təqdim olunacaqdı. Fərhad Yalquzaq bu gün Zabrat qəbiristanlığında anasının məzarının yanında dəfn olunacaq. Rəssam ailəli olmayıb, həyatını tam şəkildə yaradıcılığa həsr etmişdi.

Belə görünür ki, hadisənin ilkin versiyası intihar olsa da, kriminal izlər ehtimalı da nəzərdən keçirilir. Rəssamın dostları bildirirlər ki, onun psixoloji durumu sabit olub, gələcəyə dair planları varmış. Üstəlik, hadisənin baş verdiyi emalatxanada rəssam tək olub və bu fakt suallar doğurur.

İntihar edən insanın bu üsulu seçməsi qeyri-adi sayılır, çünki bıçaqla özünə ölümcül zərbə yetirmək fiziki və psixoloji cəhətdən nadir hallarda rast gəlinən intihar üsuludur.

Emalatxananın qapıları bağlı idimi? Kənar müdaxilə izləri olubmu? Rəssamın yaradıcılıq sahəsində, şəxsi və ya maliyyə məsələlərində kimləsə problemi olubmu?

Bunlar istintaqın cavab verməli olduğu suallardır. Hələ ki, bu suallar açıqdır. Fərhad Yalquzaq avanqard və mistik mövzulara xüsusi maraq göstərən sənətkar idi. Onun əsərlərində ekzotika, ritualizm, şamanizm kimi mistik motivlər tez-tez öz əksini tapırdı. Bəzi sənət dostları qeyd edirlər ki, rəssam son illər Şərq və Afrika mistikası ilə fəal maraqlanır, qeyri-adi rituallar, qədim inanclar barədə məlumat toplayırdı. Buna baxmayaraq, mistik səbəb versiyası rəsmi araşdırma predmeti deyil. Amma bədii cameədə belə ehtimallar da səslənir ki, bəlkə də bu sahəyə həddən artıq dərindən dalmaq onun psixoloji durumu və düşüncə tərzinə təsir edib.

Əgər insan həyatına son qoyursa, bu qərarın arxasında adətən ağır psixoloji gərginlik, depressiya və ya ani emosional partlayış dayanır. Əgər dostları onun stabil və motivasiyalı olduğunu deyirlərsə, bu zaman intihar ehtimalı zəifləyir. Lakin sənət adamları bəzən daxili çarpışmalarını gizlətməyi bacarırlar. Mistika ilə bağlı maraq və ya yaradıcılıq prosesi də psixoloji riskləri artıra bilər.

İstintaqçılar hadisə yerində üçüncü şəxsin izləri, barmaq izləri, qapı-pəncərənin vəziyyəti, qanın axma istiqamətini  ciddi şəkildə yoxlanmalıdır. Emalatxanaya müdaxilə ehtimalını tam istisna etmək üçün sübutlar açıq şəkildə tapılmalıdır. Hadisənin kriminal motivli olmaması da hələ ki, tam istisna edilmir. Fərhad Yalquzağın ölümü ətrafındakı qaranlıq pərdə hələ tam aralanmayıb. Rəsmi ekspertiza və istintaq nəticələri yaxın həftələrdə bu suallara cavab verə bilər. Faktla bağlı istintaq davam edir.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR