Onlayn ictimai-siyasi qəzet
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Braziliyanın “Correio Braziliense” xəbər kanalına müsahibə verib.
Musavat.com “Baqramyan 26” kanalına istinadən həmin müsahibədən parçaları təqdim edir.
Sual: Azərbaycanla sülh müqaviləsinin şərtləri hansılardır və nə vaxt həyata keçiriləcək?
Cavab: “Sülh müqaviləsi” çox yaxşı səslənir, amma əslində biz yalnız preambula və 17 maddədən ibarət saziş layihəsini tamamlaya bilmişik və uzun danışıqlardan sonra mətni razılaşdıra bilmişik.
Biz dərhal açıq şəkildə Ermənistanın sülh sazişinin imzalanma yerini və tarixini müəyyən etmək üçün azərbaycanlı tərəfdaşları ilə məsləhətləşmələrə başlamağa hazır olduğunu bəyan etdik. Təəssüf ki, Azərbaycan tərəfdən eşitdiyimiz budur: “Biz mətnlə razıyıq, lakin bu, sülh sazişi üçün kifayət deyil. Həmçinin sülh müqaviləsinin imzalanmasının mümkün olması üçün danışıqlar masası arxasında bir sıra ilkin şərtləri müzakirə etmək lazımdır”.
Bu ilkin şərtlərə Ermənistan Konstitusiyasına dəyişikliklər və Ermənistan Respublikasına verilən sursat və silahlara məhdudiyyətlər daxildir. Maraqlısı odur ki, sülh sazişi ilə bağlı danışıqlara paralel olaraq biz Azərbaycana başqa təkliflər də təqdim etmişik ki, onların da hər iki tərəf üçün faydalı olacağına inanırıq.
Sual: Hansı təkliflər?
Cavab: Məsələn, biz silahlara nəzarət və yoxlama üçün ikitərəfli mexanizm yaratmağı təklif etmişdik.
Azərbaycandan müsbət reaksiya olmadı. Ötən həftə onlar Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması ilə bağlı saxta (? - red.) ittihamlarla çıxış ediblər. Bu arada, məsələn, sərhəddə vəziyyətə nəzarət edən Aİ müşahidəçilər missiyası Ermənistan tərəfindən heç bir qanun pozuntusunu qeydə almayıb.
Bizim verdiyimiz başqa bir təklif sərhəd insidentlərinin yoxlanılması üçün ikitərəfli mexanizmin yaradılması idi. Üstəlik, sülh müqaviləsi imzalansa və Azərbaycanla əlaqələr qursaq, bu, özlüyündə kifayət etməyəcək. Hər iki ölkə üçün digər qarşılıqlı faydalı layihələr də mümkündür.
Biz kommunikasiya, nəqliyyat və infrastruktur kanallarının açılmasını da təklif etmişik. Azərbaycan öz ölkəsinin iki hissəsini birləşdirmək üçün bizim dəmir yollarımızdan istifadə etməlidir. Amma onlar Türkiyə, Aralıq dənizi və s. ilə əlaqə yaratmaq üçün Ermənistan Respublikasının dəmir yolu infrastrukturundan da istifadə edə bilərlər. Bizim təklif və ideyalarımızın ilkin mübadiləsi əsasında biz Azərbaycanın dəmir yolu infrastrukturuna qarşılıqlı çıxış əldə edə bilərik. Ancaq yenə də bu məsələ ilə bağlı müsbət cavab almadıq.
Bəli, biz saziş layihəsini razılaşdırdıq, lakin Azərbaycan ilkin şərtlər irəli sürür və Cənubi Qafqaza real və davamlı sülh gətirə biləcək digər təkliflərimizə müsbət cavab vermir.
Sual: Yəni sülh müqaviləsi təhlükə altındadır?
Cavab: Mən bütün dünyanı, o cümlədən Azərbaycanı əmin edə bilərəm ki, Ermənistan sülh gündəminə tam sadiqdir.
Müsbət xəbərlər var: danışıqlar başa çatıb və sülh sazişinin layihəsi hazırdır. Amma həyəcanlı xəbərlər də var: bəli, Azərbaycan tərəfdən eşitdiklərimizə görə sülh Azərbaycana görə təhdid altında ola bilər.
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ