Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu, son dərəcə qansızlığı ilə diqqət çəkən dələduzluq işi üzrə ümumilikdə 1 milyon manata yaxın qan, müalicə pulu mənimsənilib. Bu qalmaqallı məhkəmə prosesi 1 ilə yaxındır ki, davam edir.
Musavat.com xəbər verir ki, keçirilən prosesdə məhkəmə tərkibində dəyişiklik olduğu elan edilib.
Prosesdə sədrlik edən Azad Məcidov bildirib ki, hakim tərkibində olan Səbinə Məmmədzadə analıq məziyyətlərinə çıxıb, bu səbəbdən tərkibdə yeni hakim Şəlalə Həsənova iştirak edir. Hakim bu səbəbdən məhkəmə istintaqının yenilənməsi barədə qərar qəbul edib.
Aynur Bayramova və Aysel Məmmədova özlərini təqsirli bilməyiblər, digər təqsirləndirilən şəxs Nuridə Seyidova isə özünü qismən təqsirli bilib. Daha sonra şahid qismində Turan Verdiyeva ifadə verib. O bildirib ki, təqsirləndirilən Aysel Məmmədovanın qohumudur.
Onun sözlərinə görə, tibb işçisi olub, təqsirləndirilən şəxslərlə birlikdə işləyiblər:
"Əmək müqaviləsini direktor Nuridə xanımla bağladıq, talassemiya xəstələri gəlirdi, onların müayinəsinə baxırdıq. Hər ay 345 manat əməkhaqqı alacaqdım. 2022-ci ilin dekabrında işə qəbul oldum, 2023-cü ilin fevralında bu şəxslər tutuldu. 3 ay işləsəm də, əmək haqqı almadım. Xəstə gətirsəydim, əlavə pul alacaqdım. Əməliyyatdan sonra bu pul da mənə çatacaqdı. Xəstəni hansı klinikaya göndərsəydim, həmin klinika da mənə ödəniş edəcəkdi".
Şahid qeyd edib ki, Aysel Məmmədovanın bəzi qohumları zərərçəkmiş şəxslərə ziyanın ödənilməsini həyata keçirsə də, onun tərəfindən belə bir ödəniş olmayıb.
Şahid bildirib ki, Nuridə Seyidovanın yanına rəfiqəsi vasitəsi ilə gəlib.
Nuridə Seyidovanın suallarına cavab verən şahid qeyd edib ki, müalicəyə heç bir xəstə göndərməyib. Vəzifəsi şirkətə müraciət edən xəstələrin qeydiyyatını aparmaqdan ibarət olduğunu deyən şahid qeyd edib ki, Nuridə Seyidovanın xahişi ilə hüquqşünas olan bacısı ilə bəzi sənədlərlə bağlı məsləhətləşmələr aparıb. Onun sözlərinə görə, Nuridə Seyidovanın dedikləri yalandır, alınan pulların bir qismi ona çatmayıb.
Hakim şahidin diqqətinə çatdırıb ki, Nuridə Seyidova sərbəst ifadə verərkən xəstə yaxınlarından aldığı pulların dörd yerə bölündüyünü, həmin bölgüdə Turan Seyidovaya da pul çatdığını göstərib.
Turan Seyidova isə belə halın olmadığını deyib. Daha sonra şahid qismində ifadə verən Şövkət İsayeva bildirib ki, zərərçəkmiş İsayevin həyat yoldaşıdır.
Onun sözlərinə görə, övladları talassemiya xəstəsi olub, Nuridə Seyidovaya 30 min dollar veriblər:
"Dedilər ki, bir-iki aya uşaq əməliyyat olunacaq. Amma heç bir müalicə etmədilər. Əməliyyat edən həkim də Türkiyədən Bakıya gəlmişdi. Amma ödəniş edilmədiyi üçün əməliyat olunmadı. Biz şikayət etdik, Nuridə saxlanıldı. Sonra Nuridə bizimlə əlaqə saxladı, dedi ki, burada olduğu üçün pulu qaytara bilmir, şikayəti geri götürməyimizi, pulu ödəyəcəyini dedi. Biz də onun sərbəst qalması üçün ərizəni geri götürdük. Amma iki gün sonra digər valideynin şikayəti əsasında həbs edildi. Bizə dəymiş ziyanın 15 min dolları ödənilib".
Şahid Şahsuvar Paşayev bildirib ki, zərərçəkmiş Lauranın həyat yoldaşıdır, övladları talassemiya xəstəsidir:
"Talassemiya mərkəzini baş həkimi Xuraman xanım bizi Nuridə Seyidova və Aynur Bayramova ilə tanış etdi. Bizdən 30 min dollar istədi. Biz də əməliyyat olunması üçün Nuridəyə verdik. Bu işdə əsas həkimlərin günahı var. Bizi bu şəxslərlə həkimlər tanış edib. Aynur Bayramova Talassemiya mərkəzində istədiyi otağa sərbəst girə bilərdi. Orada mühafizə var idi. Hər adam mərkəzə daxil ola bilmirdi. Amma Aynura sərbəst şərait yaradıblar, istədiklərini ediblər. Pulumuzu qaytarmayıblar. Uşaq da əməliyyat olunmayıb".
Aynur Bayramova isə bildirib ki, 5 il Talassemiya Mərkəzində işləyib, onun mərkəzdə olması normaldır.
Nuridə Seyidova bildirib ki, 30 min dolları tək alıb və Aynur Bayramova ilə bölüblər. Zərərçəkmiş Laura Həsənova bildirib ki, uşağının vəziyyəti ağırdır, pulunun geri qaytarılmasını təqsirləndirilən şəxslərdən tələb edib:
"Mən Gürcüstan vətəndaşıyam, Avropa Məhkəməsinə müraciət edəcəm. O pulu mənə Gürcüstan hökuməti verib. Şikayət etsəm, pis olacaq. Mənim pulumu nə vaxt ödəyəcəklər? Mənə vaxt deyin, şikayət etməyim".
Hakim Azad Məcidov bildirib ki, yüngülləşdirici hal kimi təqsirləndirilən şəxsə ziyanın ödənilməsi təklif edilir. Hakim bu məsələ ilə bağlı Nuridə Seyidovaya müraciət edib.
Nuridə Seyidova ziyanın ödənilməsi üçün çalışdığını deyib. Aynur Bayramova isə bildirib ki, bu zərərçəkmişlərə uşaqlarının donorunun tapılmadığını, pullarını geri almalarını deyib. Laura Həsənova isə bildirib ki, onlar bu məsələni Aynur Bayramovadan eşidiblər, amma pulu istəyəndə artıq gec olub.
Nuridə Seyidova isə bildirib ki, zərərçəkmiş şəxslərdən aldığı pulları Aynur Bayramovaya veriblər:
"Ehtiyacı var idi, pulu tam olaraq götürürdü. Çünki Aynurun da uşağı xəstə idi, pula ehtiyacı var idi".
Şahid qismində ifadə verən Cahangir Xanmirzəyev deyib ki, atası Alik qaraciyər xəstəsi olub:
"Gömrük hospitalının həkimi Mircəlal həkim dedi ki, Aysel Məmmədovanın yanına get. Bizi əlaqləndərəndən sonra Ayselin otağına getdik. 25 min dollar verdik. Amma sonradan əməliyyat olunmadı. Sonradan eşitdik ki, bu şəxsləri tutublar. Gömrük hospitalında bizdən əməliyyat üçün 50 min dollar istəyirdilər.
Buna görə də Mir Cəlal həkim dedi ki, sizə bu şəxslər köməklik edəcək. Səliqəli ofisləri var idi, biz də inandıq. Sonradan Gömrük hospitalına müraciət etdik. Onlar da dedilər ki, bizi də biabır ediblər. Mircəlal həkim də dedi ki, bizim də adımızı batırıblar".
Təqsirləndirilən şəxs bildirib ki, onların Gömrük hospitalı ilə müqavilələri olub:
"Həmin müqavilə əsasında bizə xəstələr göndəriblər. Amma müqavilədə mən nə yazıldığını bilməmişəm. 25 min dolları Nuridə Seyidovaya çatdırıblar".
Məhkəmə zalında zərərçəkmiş şəxslərdən biri deyib ki, Mircəlal Kazimi təqsirləndirilənləri onlara xeyriyyəçi xanım kimi təqdim edib.
Nuridə Seyidova isə bu puldan xəbərim olmayıb, heç kimdən 25 min dollar almayıb. Bundan sonra şahid qismində ifadə verən Malik Qarayev bildirib ki, təqsirləndirilən Nuridə Seyidovanı tanıyıb.
Onun sözlərinə görə, qardaşının övladı talassemiya xəstəsi olub:
"Nuridə və Aynur xanım dedilər ki, əməliyyat pulunun yarısını verməyinizi təklif etdilər, qalan pulu Dövlət Neft Şirkəti tərəfindən yardım olunacaqdı. Bizdən pulu dollarla istədilər. Bizdə pulu dollara çevirdik, 15 min dolları verdik. Bizə demişdilər ki, əməliyyatın xərci 92 min dollardır. Qalan pulu xeyriyyəçilik məqsədilə qarşılaşacağı deyildi. Bunu bizə Nuridə xanım demişdi.
Əməliyyat olunmadı, pulu da qaytarmayıblar. Biz sonradan başa düşdük ki, biz tora düşmüşük, aldanmışıq. Aynur xanımdan Nuridə Seyidova ilə görüşmək istədik. Dedi ki, Nuridə xanım Türkiyədədir, axşam gələcək. Biz növbəti gün ofisə getdik. Bizə söz veriblər ki, fevralın 25-ə kimi uşağı müalicəyə göndəriləcək, alınmasa pulu qaytarılacaq. Amma sonradan məlum oldu ki, bunlar düzgün adam deyillər.
Onlar tərəfindən aldandığımızə başa düşdük, pulu qaytaracaqları konkret gün demələrini tələb etdik. Nuridə də dedi ki, müalicə alınmasa, pul geri qayıdacaq. Qardaşım onun yanında pulu Nuridəyə verib".
Nuridə Seyidova isə bildirib ki, şahid Malik Qarayevi və qardaşı Mənsur Qarayevi Aynur Bayramova tanıyıb, pul da Aynur Babayevaya çatıb.
Məhkəmədə zərərçəkmiş Nərgiz Mahmudovanın ərizəsi elan olunub. Zərərçəkmiş ərizəsində təqsirləndirilən şəxslərlə barışıq əldə etmədiyini, ona dəymiş 4 min manat ziyanın ödənilməsini tələb edib.
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını
Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.
Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki "Antalya Medical Park" hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.
Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını "Çinar Plaza"a ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.
Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb.
Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.
Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza"dakı ofisdə alıb.
İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.
Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.
Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.
Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb. O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.
Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.
Növbəti proses martın 19-da davam edəcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
12 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ