İnsanlara hürriyət, millətlərə istiqlal!

Mina xəritələri əvəzində İrəvanın bizdən istədikləri...

“Azərbaycana təqdim olunan xəritələrdə göstərilən heç bir yerdə mina yoxdur” - ekspert

“Mina xəritələrinin Azərbaycana təhvil verilməsi üçün Ermənistana təzyiq göstərilməlidir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov dekabrın 4-də Bakıda keçirilən “Cənubi Qafqazda mina qurbanları ilə həmrəylik: Cənubi Qafqazda minaların və onların nəticələrinin ləğvi strategiyasının mühüm sütunu” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Sonuncu dəfə Azərbaycana mina xəritələri 2021-ci ilin yayında verilib. Humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili vasitəçilik edib. Mina xəritəsi müqabilində 15 nəfər erməni Ermənistana təhvil verilib. Ardınca Rusiya prosesə töhfə vermək istiqamətində addım atıb. Ümumilikdə, 30 erməni diversantın təhvil verilməsi ilə Azərbaycan tərəfin 200 minədək minanın yerinin xəritəsini aldığı deyilirdi. Amma bu proses artıq uzun müddətdir ki, dayanıb. Ermənilər bazarlıq üçün bu dəfə nə və ya kimləri istəyə bilər?

Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a dedi ki,  30 il davam etmiş münaqişə başa çatsa da, İrəvan cinayətlərini davam etdirir: “Azərbaycan artıq üç ildir ki, sülh ritorikasına üstünlük versə də, Ermənistan təcavüzkar mahiyyətindən əl çəkməyərək mina xəritələrini hələ də təqdim etməməklə, yaxud natamam və yanlış xəritələr verməklə müharibənin nəticələrinin aradan qaldırılması qarşısında ciddi maneələr yaratmaqdadır. Xüsusən minaların daha çox keçmiş təmas zonasında, "müdafiə" xətlərində yox, dinc insanların daha çox üz tuta biləcəyi yollar, bulaqlar, çaylar, qəbiristanlıqlar və məscidlərin yaxınlığında, eləcə də evlərin dağıntıları arasında yerləşdirilməsi minalanma prosesinin Ermənistanda dövlət səviyyəsində həyata keçirilən terror siyasətinin bir hissəsi olduğunu və bu gün də İrəvanın aidiyyəti istiqamətdə qeyri-konstruktiv davranışı erməni hakimiyyətinin  terroru davam etdirməkdə israrlı olduğunu göstərir. 

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov 

Azərbaycan ötən il 2021-ci il Ermənistan istehsallı minaları aşkarlamaqla Ermənistanın piyada əleyhinə mina istehsal edən azsaylı dövlətlərdən biri olduğunu dünyaya nümayiş etdirdi. Lakin cari istiqamətdə fəaliyyət göstərən təsisatlar bu prosesi də görməzdən gələrək nə qədər ikiüzlü və riyakar mövqe tutduqlarını nümayiş etdirdilər.

Bu mənada əminliklə demək olar ki, mina təhlükəsi ilə mübarizədə beynəlxalq ictimaiyyətin hansısa fəaliyyətinə  ümid etmək ən azı indiki situasiyada sadəlövhlükdür. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə hərbi-siyasi yolla məcbur edilib, eləcə də minalanmış ərazilərin səhih xəritəsinin verilməsinə də məcbur edilməlidir. Ermənistan mina xəritələrini könüllü təqdim edəcəyi halda, bu, Azərbaycan və Ermənistan arasında etimad mühitinin yaranması istiqamətində təsirli mexanizm ola bilər".

Emin Həsənli: “Bütün ölkə boyu hava hücumundan müdafiə sistemi yüksək  səviyyədədir”

Emin Həsənli 

“Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli yada saldı ki, keçmiş sovetlər birliyində ən böyük mina zavodlarından biri İrəvanda idi: “Ermənilər sovetlər dağılandan sonra silah anbarlarında olan minaları gətirib işğal etdikləri ərazilərə basdırdılar. Mina təmas xəttində basdırılır, yəni insan və texnika əleyhinə. Ermənilər isə bütövlükdə Qarabağ ərazilərinə mina basdırmışdılar. Məqsədləri o idi ki, azərbaycanlılar geri qayıtmasın, qayıdanda da daha böyük itki olsun, xofa düşmə halları yaşansın, insanlar qorxsunlar. Amma Azərbaycan xalqı mərd, qəhrəman xalqdır, öz torpaqlarına qayıdır, minaları təmizləyir. Deyirlər ki, mina xəritələri yoxdur, bu da mümkün deyil. Çünki minalar peşəkarlar tərəfindən basdırılır və üç xəritə hazırlanır, biri Müdafiə Nazirliyində, ikincisi birləşmədə, üçüncüsü isə hərbi hissədə qalır. Ordu rəhbərliyinin icazəsi ilə minalar basdırılır, xəritə tətbiq edilir. Əks halda, minanı qeyri-peşəkarlar basdıra bilməzlər. Çünki özləri düşə bilərlər. Rusiya və Gürcüstanın vasitəsilə bəzi xəritələr verildi. Bu xəritələr də doğru olmadı. Bunu ermənilər etiraf etməyə məcbur oldular. Beynəlxalq birlik də Ermənistana heç bir təzyiq etmir, Azərbaycana da köməklik göstərmir. Azərbaycan dövləti Ali Baş Komandanın sərəncamı ilə Mina Agentliyi yaradıb. Müdafiə Nazirliyində iki böyük hərbi hissə yaradılıb. Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyi də minatəmizləmə prosesi ilə məşğuldur. Qısa zamanda çoxlu sayda hərbiçilərimiz və mülki vətəndaşlarımız mina qurbanı olublar. Bu, çox acınacaqlı faktdır. Azərbaycan dövləti çox qısa bir zamanda böyük əraziləri minalardan təmizləmək istəyir. Paşinyan sülh müqaviləsini imzalamağı yubatdığı kimi mina xəritələrinin verilməsini də ləngitməklə məşğuldur”. 

Jurnalist Səxavət Məmməd həbs edildi

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd bu istiqamətdə Azərbaycan tərəfin böyük miqdarda maddi vəsait xərclədiyini önə çəkdi: “Ermənistan mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ona görə də Ermənistan Azərbaycana qarşı mina terroru törədir desək, qətiyyən yanlış olmaz. Müharibədən sonra xeyli sayda mülki, hərbçi minaya düşərək həyatını və yaxud bədəninin hansısa nahiyəsini itirib. Maraqlıdır ki, Ermənistanın mina xəritəsini verməkdən imtina etməsinə beynəlxalq qurumlar səssiz qalır. Azərbaycana təqdim olunan mina xəritələrinin demək olar ki, hamısı yararsız çıxdı. Xəritələrə uyğun olaraq axtarışlar aparıldı və məlum oldu ki, xəritədə göstərilən heç bir yerdə mina yoxdur. Bunun iki səbəbi ola bilər: ya Ermənistan ordusu xəritələri pərakəndə şəkildə basdırıb, xəritələrə işləməyib, ya da minaları elə yerlərə basdırıblar ki, onların oradan çıxması Ermənistanı zərbə altında qoyacaq. Minaların partladığı istiqamətlərə baxanda ikinci variant daha uyğun gəlir. Erməni silahlıları minaları qəbiristanlıqlara, dini məbədlərin ətrafına və heç bir hərbi əhəmiyyəti olmayan yollara basdırıblar. Minaya insanlar demək olar ki, məhz belə yerlərdə düşüblər. Ona görə də Ermənistanın təqdim edəcəyi heç bir xəritəyə inanmaq olmaz. Hətta bütün ərazilərin xəritəsini versələr belə, mütləq şəkildə xəritə üzərində işlənməyən yerlərə baxış keçirmək lazımdır. Hesab edirəm ki, ən diqqət edilən məsələlərdən biri də Birinci Qarabağ müharibəsi zamanı basdırılan minalardır. O vaxt hər iki tərəf xəritələr üzərinə işləmədən, kor-təbii formada minalar basdırıb. Həmin minalar da ciddi problem yaradacaq. Hətta yaşayış təmin olunandan sonra belə minalar partlayacaq. Azərbaycan tərəfi mina təmizlənməsi sahəsində çox ciddi maddi yük altına girib. Rəsmi Bakı Ermənistanın Qarabağa vurduğu zərərə görə tələb edəcəyi təzminata, minaların təmizlənməsində çəkdiyi xərci də əlavə etməlidir. Hesab edirəm ki, mina xəritələrinin tələb edilməsi yönündə baş sındırmağa ehtiyac yoxdur”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR