İnsanlara hürriyət, millətlərə istiqlal!

Milyonlarla sovet vətəndaşının “lənətlədiyi” aktyor – Kreml isə ona dəfələrlə rəsmi təşəkkürünü bildirib

Sovet liderlərinin kinoya xüsusi münasibəti olub. Mərkəzi Komitənin ideoloji aparatı kinodan xüsusi təbliğat vasitəsi kimi istifadə edib. Məhz elə bu səbəbdən də SSRİ-də kino sənayesinə, onun inkişafına dövlət səviyyəsində həmişə xüsusi diqqət göstərilib.

Xüsusilə Leonid Brejnev kino yaradıcılığına daha həssaslıqla yanaşıb. Hər həftənin beşinci günü axşamlar Brejnevin bağ evində baş katibə yeni filmləri nümayiş etdiriblər. O, həmçinin kino yaradıcılığı ilə məşğul olanları vaxtaşırı qəbul edib, onların problemləri ilə maraqlanıb və sözsüz ki, öz “dahi” məsləhətlərini də verib.

Belə görüşlərdən biri də 1971-ci ildə baş tutub. Bu dəfə görüş təklifi tanınmış rejissor Yuri Ozerov tərəfindən gəlib. Qeyd edək ki, Ozerov beş filmdən ibarət olan “Azadlıq” kinoepopeyasının rejissoru olub. Filmin çəkilişinə dörd il vaxt sərf olunub. Çəkiliş uğurla davam edib. Rejissorun həll edə bilməyəcəyi bir problemi qalıb - Adolf Hitlerin obrazını yaradacaq aktyoru filmə cəlb edə bilməyib. Belə ki, Ozerov bu rola bir neçə sovet aktyorunu dəvət etsə də sınaq çəkilişləri onu qane etməyib. Ozerov Hitlerin rolunu oynamaq üçün alman aktyoru Frits Ditsə müraciət edib. Frits Dits Almaniyada (ADR) bir neçə dəfə fürerin rolunda çəkilib və bu, çox uğurlu alınıb. Alman aktyoru rus rejissorunun təklifindən qəti şəkildə imtina edib. Elə Ozerovu da Brejnevin yanına aparan məhz bu problem olub.

fritz-diez-vibor-celi-01.jpg (58 KB)

Brejnev Ozerovu mehribanlıqla qarşılayıb və ilk sualı da filmin çəkilişləri ilə bağlı olub:

- Yuri Nikolayeviç, “Azadlıq” əldə etməyimizə çox var, yoxsa hələ “döyüşürük?”

Ozerov özünəməxsus cavab verib:

- Leonid İliç, “döyüş” sona çatır, amma SSRİ-də Hitleri tapa bilmirik.

- Hitleri SSRİ-də yox, Almaniyada axtarmaq lazımdır.

- Məsələ ondadır ki, biz onu Almaniyadan SSRİ-yə gətirə bilmirik.

Sonra Ozerov Brejnevə Frits Ditsin çəkiliş təklifindən imtina etdiyini söyləyib. Baş katib özünəgüvənliklə rejissoru sakitləşdirib:

- Bu problem deyil, həll edərik.

1573188-978738.jpg (57 KB)

Brejnev masasının sol tərəfindəki telefonun düyməsini basıb və köməkçisinə Almaniya Vahid Sosialist Partiyasının baş katibi Erik Honekkerlə telefon əlaqəsi yaratmasını göstəiş verib. Az sonra baş katiblər telefon əlaqəsinə giriblər. Brejnev Honekkerə bir az amiranə, bir az da zarafatyana fikrini bildirib:

- Erik, (Brejnev almaniyalı həmkarına məhz belə müraciət edib) biz 1945-ci ildə Hitleri Moskvaya gətirə bilmədik. Gec də olsa indi bu məsələni həll etməliyik.

Brejnevin izahından sonra məsələni anlayan Honekker aktyoru Moskvaya göndərəcəyinə söz verib.

Beləliklə, Brejnevin zəngindən sonra Erik Honekker Frits Ditsi yanına dəvət edib. Aktyorun imtinası ilə baş katibin təkidi Honekkerin “qələbə”silə yekunlaşıb. Frits Dits çəkilişə razılıq verib. O, bu roldan imtina etməyinin səbəbini də bildirib:

- Bu filmin tamaşaçı auditoriysı çox böyük olacaq. Mən bu insan kütlələrinin nifrətini və lənətini qazanmaq istəmirəm...

Bəli, həqiqətən də Frits Dits mükəmməl yaratdığı Hitler obrazı ilə milyonlarla sovet tamaşaçısının nifrətini “qazanıb”.

Qeyd edək ki, aktyor Frits Dits 1901-ci ildə Almaniyada, Mayningen şəhərində anadan olub. Ali Teatr İncəsənət Məktəbində təhsil alıb. 1932-ci ildə Almaniya Kommunist Partiyasına daxil olub. 1933-cü ildə Reyxstaq binası yandırılanda Frits Dits şübhəli şəxs kimi saxlanılıb və işlədiyi teatrdan heç bir günahı olmadan qovulub. Yanğını törədənlər aşkar olunanda Frits Dits sərbəst buraxılıb. Bu hadisədən sonra o, Almaniyanı tərk edərək İsveçrəyə köçüb və bu ölkədə aktyor kimi fəaliyyətini davam etdirib.

fritz-diez-osvobozhdenie.jpg (63 KB)

Frits Dits Adolf Hitleri insanlığın bir nömrəli düşməni adlandırıb və kütləvi tədbirlərdə nasist partiyasını tənqid etməkdən çəkinməyib

Aktyor öz vətəninə 1945-ci ildə, İkinci Dünya müharibəsindən sonra qayıdıb. O, kinoda və teatr səhnəsində tanınmış aktyorlardan biri sayılıb. Hitlerin obrazını yaratdıqdan sonra isə, Frits Ditsin populyarlığı daha da artıb.

“Azadlıq” kinoepopeyasının çəkilişləri başa çatdıqdan sonra Frits Dits Moskvada növbəti bir təklif alıb. Rejissor Tatyana Liozonova onu “Baharın on yeddi anı” filminə dəvət edib. Beləliklə, aktyor SSRİ-də ikinci dəfə “nifrət obyekti”nə çevrilib.

Qazandığı “nifrət”lərə baxmayaraq Frits Dits bir neçə dəfə Kremlə dəvət olunub və Mərkəzi Komitənin rəsmi təşəkkürlərini alıb.

Alman aktyorunun SSRİ ilə bağlı təəssüratları yüksək olub. Yəqin elə buna görə də o, Yuri Ozerovun digər bir təklifinə, “Moskva uğrunda döyüş” filmində Hitlerin roluna çəkilməyə razılıq verib. Amma bu çəkiliş ona qismət olmayıb. Frits Dits 1979-cu ildə, 78 yaşında vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR