İnsanlara hürriyət, millətlərə istiqlal!

“Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsi təsdiqləndi


Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, layihəyə görə, Milli Məclis və onun aparatının gələn il üçün xərclər smetası 50 milyon 919 min 10 manat məbləğində təşkil edəcək. 

Belə ki, Milli Məclis və onun aparatının əməyin ödənişi xərcləri 38 milyon 248 min 130 manat təşkil edəcək. Ştatda olan işçilərin əməkhaqqına 28 milyon 390 min 119 manat, ştatdankənar işçilərin əməkhaqqına isə 26 min 880 manat xərclənəcək. Həmçinin, Milli Məclisin ezamiyyət xərcləri 2 milyon 170 min manat təşkil edəcək. Sənədə əsasən, parlamentin və onun aparatının ölkədaxili ezamiyyət xərclərinə 70 min manat, xarici ezamiyyət xərclərinə isə 2 milyon 100 min manat ayrılacaq.

Parlamentin İşlər müdiri Firudin Hacıyev layihə barədə danışarkən bildirib ki, xarici qonaqların Milli Məclisdə qarşılanması, Milli Məclisin deputatlarının xaricə səfərləri üçün ezamiyyə xərcləri artıb.

F.Hacıyev onu da bildirib ki, 2023-cü ildə Milli Milli Məclisin avtoparkının yenilənməsi üçün avtomobillər də alınıb.

Yekunda sənəd səsə qoyularaq təsdiqləndi.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR