İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə narkotik bəlasından danışıldı

Deputat deyir ki, səhiyyə siyasətində ciddi axsamalar var və bu mövzuda ictimai dinləmələr keçirilməlidir 

Milli Məclisin 23 aprel iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Cari məsələlər zamanı çıxış edən deputat Kamran Bayramov Qazağın kəndlərinin azad olunmasından danışaraq bildirdi ki, Tavuş vilayətində revanşistlər nə qədər həyasızlıq etsələr də, Azərbaycan istəyinə nail olub.

Komitə sədri Siyavuş Novruzov Azərbaycana qarşı ikili standartlarla çıxış edən mərkəzlərdən bəhs etdi. Bildirdi ki, zamanında Azərbaycana qarşı soyqırımların, müharibə cinayətlərinin törədilməsinə reaksiya verməyən, AŞ PA-da çıxış edərək Xocalı soyqırımında iştirakını fəxrlə bəyan, cinayətlərini etiraf edən Ermənistan prezidentinə qarşı hər hansı tədbir görməyən “demokratiya” paytaxtları bu gün də ənənəvi mövqedədirlər.

Deputat Razi Nurullayev  dedi ki, səhiyyə siyasətində ciddi axsamalar var: “Birincisi, Səhiyyə Nazirliyi və TƏBİB arasında konkret və ikili yanaşmaya heç bir əsas verməyən vəzifə və səlahiyyət bölgüsü təxirəsalınmadan həyata keçirilməlidir. Ikincisi, Azərbaycan bütün bölgələri üzrə səhiyyə siyasəti müəyyənləşməlidir ki, ona görə də səhiyyə xidmətləri göstərilsin. Yas məclislərində olan zaman şahidlik edirəm ki, bəzi yerlədə ürək, bəzi yerlədə onkoloji, bəzi yerlərdə şəkər və buna bənzər xəstəliklər üstünlük təşkil edir. Bunlar araşdırılırmı? Səbəblər nədir? Ətraf mühitə, suya, ərzaq məhsullarına, yaxud hansısa sənaye obyektlərinə və sairə. Üç dəqiqə ərzində çox az şeyi deyə bilərəm. Amma deyiləsi və danışılası məsələlər həddindən artıq çoxdur. İstərdim ki, xanım sədr, məsləhət bilsəniz, məhz ölkəmizin səhiyyə siyasəti ilə bağlı ictimai dinləmə olsun. Çox vacibdir, ümid edirəm ki, hörmətli Əhliman müəllim bunu daha yaxşı əsaslandıra bilər”.

Deputat Qüdrət Həsənquliyev dedi ki, vaxtilə Azərbaycan Xalq Cəbhəsi Qarabağ hərəkatından yarananda qarşısına iki əsas məqsəd qoymuşdu: “Birincisi, ölkənin ərazi bütövlüyünü təmin eləmək, ikincisi isə müstəqilliyə nail olmaq. Biz, müstəqilliyə nail olsaq da Qarabağ üzərində Azərbaycanın dövlət suverenliyini bərpa edə bilmədik. Bu missiyanı Yeni Azərbaycan Partiyası yerinə yetirdi. Ona görə, əlbəttə, Yeni Azərbaycan Partiyasına mən öz təşəkkürümü və minnətdarlığımı bildirirəm”. Daha sonra deputat sədrə xitabən bildirdi: “Onu da qeyd eləməyi özümə borc bilirəm ki, biz bu parlament tribunasından növbəti dəfə Ermənistana müraciət eləməliyik ki, onlar Azərbaycana qarşı düşmənçilik siyasətinə son qoymalıdırlar. Naxçıvana gediş-gəlişi təmin eləməlidirlər. Bu ölkənin gələcəyi Azərbaycanla, qardaş Türkiyə ilə dostluqdan, kommunikasiya xətlərinin açılmasından keçir. Bölgənin gələcək inkişafı və Ermənistanın bir dövlət kimi mövcudluğu, əmin-amanlıq içərisində yaşaması qonşuları ilə normal münasibətlər qurmasından keçir. Ermənistan xalqı, Ermənistan siyasi rəhbərliyi bunu nə qədər tez başa düşsə bu, bölgənin inkişafına bir o qədər böyük təkan vermiş olacaq”. Q.Həsənquliyev cənub qonşumuzla bağlı da fikirlərini açıqladı: “Mən eyni zamanda düşünürəm ki, bu gün buradan həm də qonşu, müəyyən mənada da bizim elə az qala əhalisinin yarısı Azərbaycan türkləri olduğu üçün türk dövləti saydığımız İran İslam Respublikası da Azərbaycana münasibətdə öz siyasətini dəyişməlidir. Onların rəsmiləri, səfirləri Azərbaycan xalqını qıcıqlandıran, münasibətlərimizə zərər verən açıqlamalardan çəkinməlidir. Necə ki, Ermənistanın Azərbaycana münasibətdə yürütdüyü düşmənçilik siyasəti heç bir nəticə vermədi, İranın da Azərbaycana münasibətdə yürütdüyü bu bəzi hallarda təzyiq, bəzən gözdənsalma, daxilimizdəki ayrı-ayrı qruplardan istifadə etmək məqsədilə müəyyən təxribatlar törətmək cəhdləri də heç bir nəticə verməyəcək. Ona görə İran da nə qədər tez düz yola qayıtsa, bir o qədər yaxşıdır”.

“19 apreldə 4 kəndin işğaldan azad olunması xəbəri 44 günlük müharibədə Ali Baş Komandanın xalqa tarixi müraciətlərinin davamıdır. Nəinki bir kənd, hətta bir ev də Vətəndir! Təkcə Qarabağ və ətraf ərazilərdə deyil, daha böyük coğrafiyalarda itirdiyimiz tarixi yurd yerlərinin qaytarılması İlham Əliyevi son 3 əsrin qəhrəmanına çevirir. Bir kəndin-Nüvədinin itirilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi tarixi reallığı, indi qaytarılan 4 kəndin ərazisindən daha böyük mənəvi-siyasi və hərbi-təhlükəsizlik əhəmiyyətini sübut edir”.

Bunu komitə sədri Zahid Oruc söylədi. Deputat bildirdi ki, elə Rusiya-Ukrayna müharibəsində hər kənd uğrunda həyatını itirən minlərlə insanı gördükdə Ağdam, Kəlbəcər, Laçın, Zabux, Sus, o cümlədən 4 kənd üçün verilməyən şəhidlərimiz üzərindən hesablayanda Qələbəmizin dəyəri daha  böyük görünür: “Rus dilində məşhur bir ifadə var - "sobiratel zemel". Dilimizdə qarşılığı ona görə yoxdur ki, onu qazanan rəhbərimiz olmayıb. İndi sərhəd xətlərini ordunun və diplomatiyanın gücü ilə yenidən çəkən, Rəsulzadənin, Nərimanovun, Bağırovun yarımçıq qalan arzularını gerçəkləşdirən lider məhz “sobiratel zemeldir!” Torpaqları toplayanda millət də, dövlət də böyüyür. Prezident dünən kollektiv Qərblə savaşan Putinə onun 1960 nəfərlik ordusundan çox, məhz Azərbaycanın qlobal  fitvalara qoşulmadan, forpost olmadan, Bakıdan Moskvaya zərbə vurulmayacağına zəmanət verir. Ən böyük sülhməramlı da Odur - bizim liderdir! “Qarabağ işğal olunub” deyən Avropa Parlamenti, Fransadan fərqli olaraq, 19 aprel razılaşması Qərbin əleyhimizə apardığı etnik təmizləmə və ilhaq kampaniyasına da zərbə vurur, “Azərbaycanın Ermənistana hücum edəcəyi”nə dair son 6 ayda tirajlanan dezinformasiyaları alt-üst edir. Ona görə sazişi BMT Baş katibi, ABŞ dövlət katibi, Avropa İttifaqının rəhbərləri və onlarla ölkənin xarici siyasət idarəsi də alqışlamalı oldu". 

Daha sonra gündəlikdəki məsələlərin müzakirəsinə keçildi. Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq. Bu, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə" qanun layihəsində əksini tapıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edildi.

“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi keçirildi.

Deputat Qüdrət Həsənquliyev layihə barədə danışarkən bir sıra məsələlərə diqqət çəkdi: “Qaradağda dənizdə layihə üçün Dünya Bankından 1 milyard pul götürüldü, faktiki olaraq bu pul dağıdıldı. Qaradağda dənizdə olan yarımçıq tikinti göz dağı kimi orada qalır”. Q.Həsənquliyev bildirdi ki, dövlətin payı olan bankların və fondların bu cür layihələri maliyyələşdirməsinə qadağa qoyulmalıdır: “Bu sənəd təsdiq olunandan sonra müəyyən icra hakimiyyəti orqanlarının ekspertiza aparılması üçün razılığı olmalıdır. Bunun maliyyə sənədləri və smeta xərcləri layihədə qeyd olunsa, yaxşı olar. Tütünlə bağlı qanunda, məsələn, 34 milyon həddi qoyur. Bu, inhisarçılıq yaradır, amma bu hədd "Xəzər dənizinin  Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanun layihəsində qoyulmalıdır. Çünki bu meqa-layihədir, böyük ada yaradılır". Deputat sahibkarın vəsaiti hesabına dənizdə ada yaradılmasının ardınca həmin əmlakın dövlət nəzarətinə keçirilməsini doğru saymadı. Bildirdi ki, bu, məntiqli deyil.

 

Deputat Fəzail Ağamalı vətəndaş nikahından danışdı. Bildirdi ki, vətəndaş nikahı Avropadan Azərbaycana keçib: “Avropada, araşdırmalara görə, vətəndaş nikahı azalır. Amma Azərbaycanda vətəndaş nikahı getdikcə artır. Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb”. Deputat həmçinin vətəndaş nikahının insanlara yaratdığı çətinliklərdən danışdı.

Spiker Sahibə Qafarova isə “vətəndaş nikahı qanunsuzdur. Kişi də, qadın da bunu bilir. Ona görə də vətəndaş nikahına girməsinlər”, deyərək reaksiyasını bildirdi.

 “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda “ təklif edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edən parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov dedi ki, bu gün bütün cəmiyyəti narahat edən məsələ narkotikdir. O bildirdi ki, narkotik artıq məktəblərə yol tapıb: "Bu insanların müalicəsi üçün dispanserlər yoxdur. Bir dispanser var idi, onun da rəhbərliyi korrupsiya üstündfə məsuliyyətə cəlb edildi. “İran vətəndaşından almışam” ifadəsi artıq mövcuddur. Kimdir bizim ölkəni zəhərləyən, İran vətəndaşı kimdir? Narkotiklə mübarizəni ciddiləşdirməliyik. Bu problem hər bir şəxsin qapısını döyə bilər. Azərbaycanın milli mentalitetinə zidd olan və Azərbaycan uşaqlarının gələcəyini məhv edən bu sistemə son qoyaq".

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR