Onlayn ictimai-siyasi qəzet
Əksər məsələlərdə qənaət rejiminə əməl olunur
Türkiyə Böyük Millət Məclisi resurs və vəsaitlərə qənaətlə bağlı yeni tənzimləmə hazırlayır. Musavat.com “Ekonomim” qəzetinə istinadən xəbər verib ki, bu reqlament çərçivəsində bir çox xarici səfərlərdən, rəsmi nəqliyyat vasitələrinin icarəsindən, özəl xəstəxanalarda tibbi xidmətdən və sənədləşmə işlərindən imtina ediləcək. Reqlamentin son variantının gələn həftə hazır olacağı gözlənilir.
Deputatların sonda bütün parlament parkını təşkil edəcək Türkiyənin “Togg” elektromobillərinə keçəcəyi gözlənilir. Bu avtomobillərin xeyrinə spiker müavinləri, fraksiya rəhbərləri və komissiya rəhbərlərinin istifadə etdiyi rəsmi “Audi”lərdən də imtina ediləcək. Parlament ənənəvi olaraq iyul ayında yenidən baxılan avtomobil parkının icarə müqavilələrini yeniləməməyi planlaşdırır.
Reqlamentdə parlamentin müxtəlif komissiyalarının ölkədaxili və xarici səfərlərinin sayına da məhdudiyyətlər qoyulacaq. Məcburi səfərlər və ezamiyyələr qalacaq. Bu cür xərclərin məqsədəuyğunluğu hər bir fərdi halda öyrəniləcək. Parlamentin bütün şöbələrində kağız sənəd dövriyyəsi dayandırılacaq, bütün kommunikasiyalar rəqəmsal sferaya keçəcək. Ehtimal olunur ki, mövcud ofis ləvazimatları və çap avadanlığı üçün tonerlər qurtardıqda yeniləri alınmayacaq. Müvafiq olaraq satınalma tenderləri keçirilməyəcək.
Qanunverici orqan həmçinin özəl tibb müəssisələrində deputatlara və işçilərə tibbi xidmət göstərilməsi praktikasına son qoymaq, müvafiq sığorta proqramlarını dövlət xəstəxanalarına keçirmək niyyətindədir. Parlamentin qəbulları və tədbirləri sadə menyu deyilən menyu ilə həyata keçiriləcək. Bundan başqa, deputatların qohumlarının parlamentin dövlət əmlakından və sosial obyektlərindən istifadəsinə məhdudiyyətlər qoyulacaq, xalq nümayəndələrinin ştatında işçilərin say normaları azaldılacaq.
Milli Məclis də belə məhdudiyyətlərə gedilə bilərmi?
Vüqar Bayramov
Deputat Vüqar Bayramov “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan Milli Məclisi üçün şəffaflıq və qənaət prioritet məsələlərdəndir: “Praktik olaraq Milli Məclis fəaliyyətində bu prinsiplərə xüsusi önəm verir. Növbəti dövrlərdə də mövcud prinsiplər əsasında Milli Məclisin fəaliyyətini davam etdirəcəyi gözləniləndir. Nəzərə alsaq ki, yeni dövrün yeni tələbləri var. Bu tələblərə uyğun olaraq, digər dövlət qurumları kimi, qanunverici orqan da öz fəaliyyətini formalaşdırır və həyata keçirir”.
Fazil Mustafa
Deputat Fazil Mustafa hesab edir ki, Milli Məclisdə qənaət rejiminə keçilməsinə ehtiyac yoxdur: “Türkiyə parlamentində məsrəflər həddən artıq böyükdür. Eyni zamanda millət vəkillərinin sayı çoxdur. Azərbaycan Milli Məclisində isə millət vəkillərinin sayı o qədər də çox deyil. Digər tərəfdən, bizdə onsuz da Milli Məclisin sədri Sahibə Qafarova bütün əlavə məsrəflərin qarşısını almaq üçün kifayət qədər ciddi tədbirlər görüb. Hətta bir sıra xərclər və başqa izafi xərc kimi görünən məsələlərə də məhdudiyyət qoyulub. Milli Məclisdə bununla bağlı hər hansı şəkildə xüsusi narahatlıq yaradan məsələ yoxdur. Ezamiyyət və başqa məsələlərdə ancaq vacib tədbirlərdə iştirak nəzərdə tutulur. Hətta avtomobillərin istismarı və s. məsələlərdə də kifayət qədər ciddi qənaət rejiminə əməl olunur. Buna görə də yeni problem yaranarsa, aydınlaşanda dərhal münasibət bildirilə bilər. Amma indiki situasiyada deputatların, komitə sədrlərinin, Milli Məclisin rəhbərliyinə daxil olan şəxslərin bütün iş rejimi və fəaliyyəti qənaət prinsiplərinə uyğun həyata keçirilir”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ