İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis büdcə müzakirələrini ilk oxunuşda təsdiqlədi

Parlamentin yaz sessiyası bitdi, növbədənkənar sessiya çağırıldı

Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. İlk olaraq “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Müzakirələrdə Nazirlər Kabinetinin üzvləri də iştirak edirdi.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxışında bildirdi ki, təqdim olunmuş sənədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 24 may 2023-ci il tarixli iclasında ətraflı müzakirə edilib: “İclasda Maliyyə və İqtisadiyyat nazirlikləri, Hesablama Palatası, Dövlət Gömrük Komitəsi və Dövlət Vergi Xidmətinin nümayəndələrinin iştirakı ilə dövlət büdcəsinin icrasının əsas parametləri, 2022-ci ilin makroiqtisadi göstəriciləri ətraflı müzakirə edilib”. Komitə sədri qeyd etdi ki, azad olunmuş ərazilərdə işlərin aparılması üçün hesabat ilində dövlət büdcəsindən 4.3 milyard manat vəsait xərclənib.

“2021-ci il ərzində davam edən qlobal iqtisadi bərpa prosesi 2022-ci ildə yavaşlama meyilləri ilə müşayiət olunub. Beynəlxalq təşkilatların son hesabatlarına əsasən qlobal artım 2022-ci ildə orta hesabla 3,2 faiz ətrafında qərarlaşmışdır ki, bu da 2021-ci ildə qeydə alınmış göstəricidən 2,7 faiz bəndi azdır. Qlobal artımla müqayisədə Azərbaycanda 2022-ci ildə iqtisadiyyatın real artımı gözlənilən 3.5% proqnoza qarşı 4.6% olub, Ümumi Daxili Məhsulun həcmi isə ilk dəfə ən yüksək həddə - 133.8 milyard manata çatıb”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da layihə barədə çıxış etdi.

Deputat Qüdrət Həsənquliyev bir sıra sahələrlə bağlı tənqidi fikirlərini səsləndirdi. “Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri, hörmətli Tahir Mirkişili və Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun çıxışlarını dinlədik. Həmin çıxışlarda qeyd olunan nöqsanlar, çatışmazlıqlar, qanun layihəsi və ona dair Hesablama Palatasının rəyi ilə tanış olanda, tanış olmasaq belə, gündəlik rastlaşdıqlarımız, daxil olan informasiyalar təsdiq edir ki, ölkəmizdə maliyyə intizamının gücləndirilməsinə ciddi ehtiyac var” - deyə deputat bildirdi.

Qüdrət Həsənquliyev qeyd etdi ki, büdcə vəsaitlərinin xərclənməsində qanunvericiliyə ciddi əməl olunmaması, şəffaflığın yetərincə olmadığı göz önündədir: “Konstitusiyanın 95-ci maddəsinin 5-ci bəndinə görə, Milli Məclis dövlət büdcəsini təsdiq edir, onun icrasına nəzarəti həyata keçirir. Biz Hesablama Palatası yaratmaqla, Hesablama Palatası və Nazirlər Kabinetinin hesabatlarını dinləyib qənaətbəxş hesab etməklə öz işimizi bitmiş, nəzarət funksiyamızı yerinə yetirmiş olduğumuzu düşünürük. Milli Məclis Hesablama Palatasının rəyində, deputatların çıxışlarında göstərilən nöqsanların aradan qaldırılması və növbəti büdcə ilinə qədər Milli Məclisə məlumat verilməsinə dair qərarlar qəbul etməlidir. Müvafiq komitə bu tipli qərar layihələri hazırlamalıdır. Milli Məclisin nəzarət funskiyasının ölkəmiz üçün daha faydalı olması naminə MM-də daha çox konkret şəxslərə vəzifə verilməsi məqsədilə yaradılmış bir çox bir komitələr birləşdirilməli, əvəzində büdcə və büdcəyə nəzarət komitəsi yaradılmalıdır. Milli Məclis həmin komitə vasitəsilə birbaşa, peşəkar səviyyədə bu işlə məşğul olmalı, büdcəni icra etməyən vəzifəli şəxslərdən ciddi hesabatlar tələb olunmalı, məsuliyyətə cəlb edilməli, şəffaflığın artırılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi məqsədilə ciddi təkliflər hazırlanmalıdır. Biz özümüz də qanunverici orqan kimi, qanun yaradıcılığı ilə məşğul olmalı, yalnız hökumətdən qanun layihələri gözləməməliyik”.

Deputat Fazil Mustafa bildirdi ki, müzakirəyə çıxarılan büdcə layihəsində 4,3 milyardlıq vəsait işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulur və vəziyyətdən asılı olaraq, bu vəsait arta da bilər. F.Mustafa problemlərə diqqət çəkdi. Dedi ki, bu gün işsizliklə bağlı problemin həll olunmaması qarşımıza həyəcan siqnalı qoymaqdadır. Deputatın sözlərinə görə, büdcədə milyonlarla manat işsizliyin aradan qaldırılması üçün vəsait nəzərdə tutulur. Bildirdi ki, işsizliyin aradan qaldırılması üçün 233,5 milyon manat ayrılıb. Hətta 2021-ci ildən fərqli olaraq, 91 milyon manat vəsait də artırılıb. F.Mustafa qeyd etdi ki, əslində bu vəsaiti sahibkarlığın inkişafına yönəltmək lazımdır. O bildirdi ki, sahibkarlara aşağı faizlə kredit verilmirsə, işsizliyi aradan qaldırmaq mümkün olmayacaq.

Deputat ardınca qeyd etdi ki, məktəblərdə yer məsələsi problemdir, həmin məktəblərdə 6 günlük dərslər nəzərdə tutulub. Həmçinin min yerlik məktəblərdə 2500 şagird təhsil alır.

Milli Məclisdə büdcə müzakirələri BAŞLADI

Deputat Razi Nurullayev bildirdi ki, öz işinin öhdəsindən gələn məmurların fonunda görülən işlərə, aparılan siyasətə ləkə salanlar da var: “Tutduğu vəzifəyə özünün ata-baba obyekti kimi yanaşanlar var, hörmətli xanım sədr! Xüsusən ölkəyə sərmayə qoymaq istəyənlərin başını tumarlamaq əvəzinə, onların başına qapaz vuranlar var. Məmurun, vəzifəli şəxsin bir nömrəli vəzifəsi iş adamına şərait yaratmaqdır ki, o da yaradılmır. Bəzən məni qınayırlar ki, niyə ölkədə azad biznes mühiti yoxdur, deyirsən. Kağız üzərində hər şey yaxşıdır, amma bir iş adamı məmura gəlib çatanda onun cəhənnəm əzabları başlayır. Heç sovet dönəmində bu qədər get-gələ salmırdılar. Mən hörmətli nazirimiz Mikayıl müəllimin də nəzərinə bəzi məsələləri çatdırmaq istəyirdim, amma təəssüf ki, danışa bilmədim. Mikayıl müəllimə hörmətim var, həmişə bu hörməti saxlamağa çalışmışam və saxlayacağam. Hörmətli Mikayıl müəllimin bir sıra sahələrdə yaratdığı şəffaflığı və idarəetməni alqışlayıram. Amma bu gün vergi güzəştləri lazım deyil, ləğv olunsun hamısı. Vergi güzəştləri yox, əlverişli biznes mühiti yaratmaq lazımdır. Vergi güzəştləri ayrı-ayrı bizneslərə xidmət edir, biznes mühitini yaxşılaşdırmır”.

Müzakirələrdən sonra Milli Məclis “Azərbaycan Respublikasının "2022-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini müzakirələrdən sonra ilk oxunuşda qəbul etdi. Qəbul olunan qanun layihəsinə görə, 2022-ci il dövlət büdcəsinin icrası üzrə gəlirlər 30 milyard 679 milyon 646,4 min manat, xərclər isə 32 milyard 64 milyon 568 min manat məbləğində olmaqla təsdiq edilir. Sənədə əsasən, 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 30 milyard 679,6 milyon manat olub. Bu da 2021-ci illə müqayisədə 4 milyard 283,4 milyon manat (16,2 faiz) çoxdur. Dövlət büdcəsi gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi isə 22,9 faiz təşkil edib. 2022-ci il dövlət büdcəsinin xərcləri ilkin olaraq 29 milyard 879 milyon manat məbləğində təsdiqlənib. Dövlət büdcəsinə yenidən baxılaraq, onun xərcləri artırılaraq 32 milyard 303,8 milyon manat məbləğində müəyyən edilib. Büdcə xərcləri 99,3 faiz həcmində icra olunub. Bu da 2021-ci illə müqayisədə 4 milyard 283,4 milyon manat (16,2 faiz) artıqdır.

Müzakirələrdən sonra layihə ilk oxunuşda təsdiqləndi.

İclasda parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihələrini ikinci oxunuşda təqdim etdi. Layihədə yaşı 60-ı keçmiş təhsil işçilərinin sertifikasiyadan azad edilməsi nəzərdə tutulur. Eyni zamanda sertifikasiya müddəti 5 ildən 3 ilə endirilir. Komitə rəhbəri çıxışında bildirdi ki, ölkədə yaşı 65-dən yuxarı olan müəllimlərin sayı 6-7 min arasında dəyişir: “Həmin müəllimlərin əmək fəaliyyətini, xüsusilə də kənd yerlərində müəllimlərin çatışmazlığını nəzərə almaq lazımdır”. B.Əliyev ardınca təkliflər səsləndirdi: “Hesab edirəm ki, bununla bağlı müəyyən dəqiqləşdirmələr aparılmalıdır. Bundan başqa, "Təhsil haqqında" Qanuna ixtisas təcrübəsi anlayışı gətirilməlidir. Müəllim işləmək istəyənlər çoxdur, amma vakant yerlərin sayı azdır". Komitə sədri dedi ki, biz hər il bu problemlərlə qarşılaşırıq: “Belə ki, şəhər yerlərində işləmək istəyənlər bölgələrdə işləmək istəyənlərdən çoxdur. Buna görə də Elm və Təhsil Nazirliyi tərəfindən sertifikasiya və diaqnostika imtahanları keçirilir. Hesab edirik ki, yaxın 5 ildə problem aradan qaldırılacaq”.

Azərbaycan parlamentinin büdcə müzakirələri - Baku Research Institute

Komitə sədri Siyavuş Novruzov “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihələrinin ikinci oxunuşu zamanı çıxış edərkən elm və təhsilin önəmindən bəhs etdi. Daha sonra müəllimlərin sertifikasiyası ilə bağlı danışan S.Novruzov bildirdi ki, müəllimlərin hazırlaşması üçün vəsait yoxdur: “Müəllim bilmir nəyə hazırlaşsın, nədən başlasın, nədə qurtarsın. Abituriyent bilir ki, filan materiallar var, onları oxuyub, hazırlaşır. Neçə ildir müəllimlərin sertifikatlaşdırılması müzakirəsi gedir, amma ortada material yoxdur. Deyirlər müəllimlərin hazırlaşması üçün 57 mərkəz var. Amma görün bu qədər sayda müəllimə 57 mərkəz kifayət edərmi? Yaxud müəllim həm də pedaqoqdur. Deyək ki, müəllimin yüksək əxlaqı var, onu hansı testlə göstərəcəyik? Sertifikatlaşdırma ilə bağlı 5 il deyilirdi, amma indi 3 ilə salırıq. Bu halda sertifikasiyadan keçən müəllimlə keçməyənlərin əmək haqqı arasında böyük fərq yaranacaq”.

S.Novruzov ardınca təkliflərini səsləndirdi: “Türkologiya və Cənubi Azərbaycan məsələsinə geniş yer ayrılmalıdır. Sovet hökumətinin vaxtında türkologiya jurnalı var idi, indi o da yoxdur. Biz türk dünyası qururuq, amma elm bu prosesdə iştirak etmir”.

Komitə rəhbəri bildirdi ki, bu gün bir nazirlik bir peşə məktəbi açmır: “Mingəçevir kimi böyük sənaye mərkəzində cəmi 2 peşə məktəbi, Gəncədə 4-ü var. Sumqayıt kimi böyük sənaye şəhərində peşə məktəblərinə ehtiyac var. Hər quruma tapşırıq verilməlidir ki, ciddi peşə məktəbi açsın”.

Daha sonra “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarıldı. Komitə sədri Əhliman Əmiraslanov layihə barədə məlumat verdi.

Gündəlikdəki məsələlərin müzakirəsi bitdikdən sonra spiker Sahibə Qafarova yaz sessiyasının başa çatdığını söylədi. Amma onu da bildirdi ki, Milli Məclisin 85 deputatı növbədənkənar sessiyanın çağırılması barədə müraciət edib. Odur ki, növbədənkənar sessiya çağırılıb.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

 

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR