İnsanlara hürriyət, millətlərə istiqlal!

“Metsamor AES-in radioaktiv tullantıları Araza axıdılır” iddiası

Ekspert: “Bakıdakı su yaxşıdırsa, niyə bütün vəzifəli adamlar evlərində...”

“Metsamor AES-in radiaktiv tullantıları Araza axıdılır, Arazla Kürə, Kürlə də Bakıya gəlir. Bu, faktdır. Bu barədə hələ 15 il qabaq dəyərli alimimiz Məmməd Salmanov da həyəcan təbili çalmışdı. Lakin məndən başqa buna reaksiya verən və gündəmə gətirən olmadı”. Sosioloq, su təchizatı ilə bağlı ekspert Elçin Bayramlı “Yeni Müsavat”a belə deyib.

Elçin Bayramlı: “Rüşvətsiz cəmiyyət bu günə qədər olmayıb, olmayacaq da” -  Oxu.az

Elçin Bayramlı

Onun sözlərinə görə, su təchizatı ilə məşğul olan qurumlar deyir ki, Bakıya verilən su  təmizdir: “Bakıdakı su yaxşıdırsa, niyə bütün  vəzifəli adamlar evlərində bahalı su filtr aparatları quraşdırıb? Üstəlik, Gürcüstanın və bizim bir çox şəhərlərin bütün kanalizasiyası, zavodların təhlükəli kimyəvi tullantıları da Kürə axıdılır. Suya bir az xlor vurmaqla  çox sayda təhlükəli maddələri təmizləmək olmur. Xlor onların heç on faizini belə təmizləmir. Ona görə də xloru normadan artıq vururlar. Bu da orqanizmə ciddi zərər vurur. Son dövrlər xəstəliklərin artmasının da səbəbi məhz içməli suyun  çirkli olmasıdır. Suyu anbarlarda saxladıqda lil çökür. Amma molekulyar tərkibi dəyişmir. Tərkibindəki bakteriyalar, kimyəvi maddələr yoxa çıxmır. Müasir ultrakimyəvi maddələri, qaynama temperaturunda belə ölməyən bakteriyaları suyu saxlamaqla, ya da qaynatmaqla məhv etmək olmur. Su filtrləri çıxış yollarından biridir. Bu filtrlər faydalı mineralları tutsa da, bütün zərərli maddələri tutur və saf su verir. Ona görə də istisnasız olaraq bütün imkanlı və vəzifəli şəxslər evlərində filtr aparatları quraşdırıb. Bu aparatların da normalı 500 manatdan başlayır və hər adam ala bilmir. Nəticədə imkanlı təbəqədən fərqli olaraq kasıb təbəqə təhlükə altında qalır. Bununla bağlı çox ciddi tədbirlər görülməlidir”.

Qeyd edək ki, 2024-cü il, martın 21-də Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçilərinin Nüvə Enerjisi Sammitinin rəhbərliyinə ünvanladıqları məktubda da bu məsələyə toxunulub. Qeyd edilir ki, Metsamor Atom Elektrik Stansiyasının maye tullantıları son nəticədə transsərhəd çayı olan Araz çayına axıdılır: “Bu stansiya su qıtlığı olan ərazidə yerləşir, köhnələn reaktorunu soyutmaq üçün su dərinlikdəki quyulardan götürülür. Zəlzələlər zamanı yeraltı suların səviyyəsinin və axınların istiqamətinin dəyişməsi mümkündür, bu isə soyutma sisteminin etibarsızlığını aydın nümayiş etdirir.

Metsamordan qaynaqlanaraq bəzi nüvə materiallarının qanunsuz ticarətinin aparılması da böyük narahatlıq doğurur. Ermənistan ərazisində 200-dən artıq radioaktiv mənbələr mövcuddur. Bu mənbələr sırasına müxtəlif növ izotoplar daxildir. Ermənistanda radioaktiv izotoplarla əlaqədar qaçaqmalçılıq faktları da mövcuddur. Bu, radionuklidlərin terror məqsədilə istifadə edilməsi ehtimalını artırır.

Metsamor Atom Elektrik Stansiyasının tullantılarının yerləşdirildiyi poliqonların artıq dolduğu və yeni nüvə tullantıları poliqonunun yaradılması göstərir ki, bu tullantıların yerləşdirilməsi ilə bağlı ciddi problemlər mövcuddur. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi və digər aidiyyəti beynəlxalq qurumları bu sahədə əsas təsirlənən ölkə kimi Azərbaycan Respublikası ilə sıx əməkdaşlığa çağırırıq".

Məktubda 30-dan çox QHT-nin imzası var.

Rövşən Abbasov: Azərbaycanda tezliklə milli biomüxtəliflik fəaliyyət planı  qəbul olunacaq - AZƏRTAC

 Rövşən Abbasov

Ekoloq Rövşən Abbasov “Yeni Müsavat”a mövzu ilə bağlı deyib ki, atom elektrik stansiyalarının tullantıları kifayət qədər təhlükəlidir: “Orada iridium, uran və digər birləşmələr olur, bunlar radioaktiv baxımından çox təhlükəlidir. Onların hər hansı bir əraziyə baxımsız olaraq atılması, çay hövzələrinə atılması əlbəttə yolverilməzdir. Bu cür tullantılar adətən uzun müddət reaktorda qalır və reaktor dayandırılandan sonra çıxarılır və xüsusi avadanlıqlardan istifadə edilərək soyudulur. Onlar da müəyyən qaydada saxlanılır. İndiki halda Metsamordan Kür çayına hansısa tullantıların axıdılmasına inanmıram. Çünki bu tullantılar axıdılarsa, bu ağır bir cinayət olardı. Bu axıntılar Ermənistanın öz ərazisindən keçməlidir. Bu iddianı əsaslandırmaq üçün çox ciddi faktlar lazımdır, araşdırmalar lazımdır. Kür çayında hansısa radioaktiv tullantının olmasını istisna edirəm. Qətiyyən vətəndaşlarımız narahat olmasınlar ki, sularda radioaktiv tullantılar var və onlar Bakıya gəlir. Bakıya gələn su müvafiq qurum tərəfindən analiz olunur”.

Mövzu ilə bağlı aidiyyəti qurumlara da sorğu göndərmişik. Cavablandırıldığı təqdirdə yayımlayacağıq.

Qeyd edək ki, Metsamor AES müvafiq təhlükəsizlik normalarına riayət edilmədən daha artıq güclə fəaliyyət göstərir. 2009-cu ilin sonunda Ermənistan hökuməti AES-in yeni blokunun tikilməsi barədə qərar qəbul edib. Onu da qeyd etmək lazımdır ki, Ermənistan bu AES-in texniki təhlükəsizliyi və fəaliyyəti barədə informasiyanın beynəlxalq təşkilatlar üçün lazımi dərəcədə əlçatan olmasını təmin etmir. Azərbaycan və Ermənistan transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi barədə BMT-nin Avropa İqtisadi Komissiyasının Espo Konvensiyasının da tərəfidir. Həmin konvensiyaya görə, potensial təhlükəli layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedura (o cümlədən açıq müzakirələr) təkcə dövlət daxilində deyil, həm də bu obyektlərin təsirinə məruz qala biləcək həmsərhəd ölkələrdə aparılmalıdır. Konvensiyaya uyğun olaraq qiymətləndirmə proseduru planlaşdırmanın erkən mərhələrində həyata keçirilməlidir.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR