Onlayn ictimai-siyasi qəzet
Bakı metrosunda istifadə qaydalarının pozulmasına görə bəzi cərimələrin məbləği artırılıb.
İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən, stansiyaların vestibülləri, keçidləri, platformaları, eskalatorlar və vaqonların salonlarının zibillənməsi və ya üzərlərində yazılar yazılması, məhdudiyyət çəpərləri və qadağanedici nişanlarla qorunan yerlərdən stansiyaya daxil olunması, eləcə də zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə edilməsi üçün cərimələr 15 manatdan 200 manata qədər artırılıb. Bu, cərimələrin 13,3 dəfə çoxalması deməkdir. Bundan əlavə, dəmir yoluna əşya atılmasına görə tətbiq edilən cərimə 30 manatdan 200 manata qədər yüksəldilib ki, bu da 6,7 dəfə artım deməkdir.
Bəzi digər qayda pozuntuları üzrə cərimələr dəyişməz qalıb. Məsələn, eskalatordan istifadə zamanı sürahinin üzərinə əşya qoymağa görə cərimə 20 manatdır. Eskalatorun sürahisini çıxarmaq, “Stop” düyməsindən zərurət olmadan istifadə etmək, siqaret çəkmək, qatar hərəkətdə olarkən vaqonun qapılarını açmaq, qatarın hərəkətini gecikdirmək, özbaşına dəmir yoluna düşmək və ya tunellərə, xidmət otaqlarına daxil olmaq kimi hallara görə isə cərimə 50 manat təşkil edir.
Həmçinin Bakı metrosunda icazəsiz olaraq metropolitenin elektrik şəbəkəsinə elektrik cihazlarının qoşulması üçün 70 manat, ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə əşya yandırılmasına görə isə 100 manat cərimə nəzərdə tutulub.
“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov jurnalistlərə açıqlamasında bildirib ki, ötən il qayda pozuntuları ilə bağlı ümumilikdə 374 nəfər inzibati məsuliyyətə cəlb edilib. Onun sözlərinə görə, təhlükəsizlik tələblərinə əməl olunmaması sərnişinlərin həyatını təhlükəyə ata bilər. “Keçən il qatar stansiyaya daxil olarkən üç dəfə sərnişinlərin relslərə düşməsi halları qeydə alınıb. Təəssüf ki, bu hadisələrdən ikisi ölümlə nəticələnib. Digər iki halda isə sərnişinlərin ehtiyatsızlığı ciddi təhlükə yaradıb”, - deyə V. Aslanov vurğulayıb.
Ümumiyyətlə, son dövrlər ictimai yerdə siqaret çəkməyə, avtomobildən əşya atmağa və digər xoşagəlməz hərəkətlərə görə inzibati cəzaların məbləği artırılıb. Lakin cərimələrin artırılması çarədirmi? İctimai qınağın, maariflənmənin burada təsiri varmı?
Mütəxəssislər qeyd edir ki, cərimələrin artırılması yalnız qanun pozuntularını ödəmək məqsədini güdür və müəyyən qədər effektiv ola bilər, amma bu, məsələnin köklü həlli deyil. Cərimələr insanların davranışını dəyişməyə yetərli olmaya bilər, çünki bəzən insanlar yalnız cərimələrdən qaçmaq üçün deyil, qaydaların və təhlükəsizliyin vacibliyini anlamalıdırlar. Burada ən önəmli məsələ, əhalinin maarifləndirilməsidir. Metroda şuarlar yazılmalı, qaydalara riayət etmək barədə görüntülər və təlimatlar paylanmalıdır. İstifadəçilərə qaydaların vacibliyi anlatılmalı, təhlükəsizlik məsələləri gündəmə gətirilməlidir.
Əlbəttə ki, metronun problemləri təkcə zibillə bağlı deyil. Məsələn, sıxlıq və qrafikin artırılması məsələləri də ciddi əhəmiyyət kəsb edir. Bəzi saatlarda metronun iş yükü o qədər böyük olur ki, sərnişinlər rahat hərəkət edə bilmir və bu, həm də təhlükəsizlik riskləri yaradır. Qatarların intervallarının azaldılması, yeni vaqonların əlavə edilməsi və müasir texnologiyaların tətbiqi ilə metronun bu sıxlıq problemi həll edilə bilər. Bununla yanaşı, qrafiklərin tənzimlənməsi, sərnişin axınının daha yaxşı idarə edilməsi və əlavə tədbirlər görmək metronun ümumi effektivliyini artırar.
Beləliklə, cərimələrin artırılması müəyyən qədər müsbət nəticələr verə bilər, lakin yalnız bu tədbirlər problemi tamamilə həll etməyə yetərli olmayacaq. Əsas məsələ, həm maariflənmə işlərinin gücləndirilməsi, həm də metronun infrastrukturunun inkişaf etdirilməsidir. Bu yolla həm insanların davranışı dəyişə bilər, həm də metroda istifadə rahatlığı təmin edilə bilər.
Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a danışıb. Ekspertin fikrincə, cərimələrin artırılması tamamilə vəziyyətdən çıxış yolu deyil, lakin bəzi hallarda buna ehtiyac duyulur: “Həqiqətən də, bəzən belə tədbirlər qaçılmazdır. Məsələn, normal bir insan niyə metroya girib sürahının üstünə çıxsın, orada siqaret çəksin, qatarı saxlasın və ya maşinistin işinə mane olsun? Bu cür davranışların səbəbini anlamaq çətindir. Nə məqsədlə bunu edir, nə qazandığını düşünür və ya nəyi ifadə etmək istəyir? Bu suallar təbii olaraq ortaya çıxır.
Elməddin Muradlı
Bu səbəbdən mən şəxsən cərimələrin artırılmasının əleyhinə deyiləm. Çünki normal bir insan metroda nizam-intizamlı olmalı, davranış qaydalarını pozmamalıdır. Həmçinin digər insanların rahatlığını və hərəkətini ləngitməməlidir.
Əlbəttə, cərimə mexanizmləri tətbiq edilir və qanunlar buna uyğun şəkildə dəyişdirilir. Amma burada ciddi nəzarətin olduğunu söyləmək də çətindir. Uzun illər metrodan istifadə etmiş biri olaraq deyə bilərəm ki, indi ara-sıra yoldaşlarla istifadə edirik və müəyyən qayda pozuntularını hələ də müşahidə edirik.
Bəzi situasiyalarda bu cərimələr tətbiq edilir. Lakin bu cərimələrin olması, məncə, sırf metronun fəaliyyətini və ya işini yaxşılaşdırmaq üçün nəzərdə tutulmayıb. Cərimə, sadəcə, inzibati bir tənbeh növüdür və onun metroya birbaşa aidiyyəti yoxdur. Yəni bu cərimələr metronun büdcəsinə daxil olmur və onun üçün heç bir əhəmiyyəti yoxdur. Çünki cəriməni polis əməkdaşları tətbiq edir.
İnzibati cərimələr qanunlara uyğun olaraq dövlət büdcəsinə daxil edilir və metro ilə əlaqəsi yoxdur. Əslində metronun bu cərimələrdən asılılığı da yoxdur, çünki bu məbləğlər elə də böyük deyil. Amma hər halda, qanuni çərçivədə baxsaq, demək olar ki, bu cərimələr metronun bir məsələsi deyil. Metro əməkdaşları cərimə yazmır; cəriməni orada xidmət edən polis əməkdaşları tətbiq edir.
Ancaq sözsüz ki, burada maarifləndirmə işlərinə ehtiyac var. Metroda şüarların yazılması, qaydaları əks etdirən görüntülərin divarlarda yerləşdirilməsi vacibdir. Azərbaycan dilindən başqa, rus və ingilis dillərində də elanlar verilməsi faydalı olar. Belə addımlarla insanları maarifləndirmək mümkündür. Əsas məsələ budur. Lakin metronun digər problemləri də mövcuddur, məsələn, qatarların gecikməsi, intervalların pozulması və s. Bir daha qeyd edirəm ki, cərimələrin artırılması metronun gəlirini dəyişməyəcək".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ