İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank inflyasiya proqnozunu yüksəltdi - SƏBƏB

Dollara tələb artır, xaricdən pulköçürmələr azalır...

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti iyulun 31-də uçot dərəcəsinə dair yeni qərarını açıqlayıb. Mərkəzi Bankdan “Yeni Müsavat”a verilən məlumata görə, qərarla uçot dərəcəsi 7.25 faiz, faiz dəhlizinin aşağı həddi 6.25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8.25 faiz səviyyəsində dəyişməz saxlanılıb.

Mərkəzi Bank bəyan edir ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2 faiz) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub: “Ötən iclasdan bəri illik inflyasiya yüksəlsə də hədəf diapazonunun (4±2%) aşağı həddinin altında olub. Belə ki, 2024-cü ilin iyun ayında 12 aylıq inflyasiya 1.1 faiz, baza inflyasiya isə 0.8 faiz təşkil edib. İllik ərzaq inflyasiyası 0.2 faiz, qeyri-ərzaq inflyasiyası 1 faiz, xidmətlər inflyasiyası isə 2.4 faiz olub.

İnflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Bununla belə, əvvəlki aylarda müşahidə edilən davamlı qiymət azalması dayanıb və bəzi məhsullar üzrə qiymət artımı müşahidə edilib. Bu dövrdə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 6 ayında 3 faiz) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.

 Tədiyə balansının başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin 6 ayında 4 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Bu dövrdə ölkənin strateji valyuta ehtiyatları 1.8 faiz artaraq 69.7 milyard. ABŞ dolları olub. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1.1 faiz artaraq 11.7 milyard ABŞ dollarına çatıb".

Mərkəzi Bank bildirir ki, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. İyul ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 6.94 faiz olmaqla (iyunda 6.75 faiz) faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq sterilizasiya əməliyyatlarının həcmini azaldıb.

Mərkəzi Bankın uçot dərəcəsinə dair bundan əvvəlki qərarının qəbul edildiyi ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib: “Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski hesab olunmaqdadır. Aparıcı iqtisadiyyatlarda monetar şərait sərt olaraq qalır. İnflyasiyanı artıra biləcək daxili risk amillərinə isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı aiddir. İlkin qiymətləndirmələrə görə, 2024-cü ilin dövlət büdcəsinə edilən dürüstləşmə nəticəsində xərclərin artımının əhəmiyyətli inflyasiya təzyiqi yaradacağı gözlənilmir. Bununla belə, ortamüddətli dövrdə büdcə xərclərinin və kredit qoyuluşlarının inflyasiyaya təsirləri xüsusi diqqətdə saxlanılır. 

Ümumilikdə, mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Yenilənmiş proqnozlara görə, mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə, baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5.4 faiz, 2025-ci ildə isə 5.5 faiz olacağı gözlənilir". 

Xatırladaq ki, Mərkəzi Bank aprel iclasında 2024-cü ildə gözlənilən inflyasiya səviyyəsinə dair proqnozunu kəskin şəkildə aşağı salmışdı: 5,3 faizdən 3,5 faizə. Üç aydan sonra proqnozun yenidən kəskin formada artırılmasını AMB belə izah edir: “İnflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır. Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1.5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər. Uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq”. 

AMB faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı barədə məlumatı ictimaiyyətə 2024-cü il sentyabr ayının 18-də açıqlayacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti artırılıb. Belə ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manatdan 1,10 manata, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 0,80 manatdan 1 manata çatdırılıb. Bundan əlavə, şəhər və ölkədaxili sərnişindaşıma tarifləri də artırılıb.

Maraqlıdır ki, Tarif Şurasının qərarının inflyasiyaya təsiri ilə bağlı Mərkəzi Bankın hesablamaları iqtisadçı-ekspert Rövşən Ağayevin  qiymətləndirməsi ilə üst-üst düşür. Ekspert yanacağın və ictimai nəqliyyatda daşımaların qiymətindəki artımların iqtisadiyyata qarşıdakı dövrdə inflyasiyaya real artırıcı təsirini 1 faiz civarında qeyd etmişdi: “Bu təsiri proqnozlaşdırmaq üçün ailə büdcələrində yanacağa və ictimai nəqliyyata çəkilən xərclərin payını nəzərə almaq lazımdır. Rəsmi statistika bunu 7 faiz ətrafında göstərir. Amma mən özümün, ətrafda olan müxtəlif insanların məlumatları əsasında hesablama apardım, bu göstərici 10 faizi aşır. Bu o deməkdir ki, bilavasitə şəxsi avtomobilə görə yanacağa və ictimai nəqliyyata sərf olunan ailə xərclərinin artımına görə iqtisadiyyat əlavə 1 faiz inflyasiya görəcək”. 

Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib ki, həm dövlət xərclərinin, həm də tənzimlənən xərclərin inflyasiyaya təsiri 2024-cü il və 2025-ci ilin sonuna kimi qiymətləndirilib. Onun sözlərinə görə, proqnozlarda dəyişiklik olmasa, faiz və pul siyasəti ilə bağlı Mərkəzi Bankın qərarları sabit qalacaq: “Yəni hər hansı makroiqtisadi çağırışlar olmadığı halda pul siyasətinin sərtləşməsinə getməyəcəyik”.

Azərbaycanda makroiqtisadi sabitliyin qorunmasında neft və qazın dünya bazar qiyməti əhəmiyyətli rol oynayır. Mərkəzi Bank bu il üçün Azərbaycan neftinin orta qiymətinin 84.9 ABŞ dolları, qazın 1000 kubmetrinin isə 296.1 ABŞ dolları olacağını proqnozlaşdırır. T.Kazımovun dediyinə görə, tənzimləyici 2025-ci ildə neftin orta qiymətinin 83.8 ABŞ dolları, qazın 1000 kubmetrinin isə 332.5 ABŞ dolları civarında olacağını gözləyir. Bu isə Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanması üçün komfort şərtlər formalaşdırır. 

Qeyd edək ki, Azərbaycanda dollara tələbatın ötən ilin sonlarından başlanan artım prosesi davam edir. Belə ki, bu ilin yanvar-iyul aylarında Mərkəzi Bankın (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 4 milyard 195,9 milyon ABŞ dolları məbləğində satış olub. AMB-nin açıqladığı məlumatlar üzrə aparılan hesablama göstərir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Təkcə iyul ayında valyuta satışının məbləği 597,1 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,2 dəfə çoxdur.

Valyuta hərraclarında tələbatın 2 dəfədən çox artmasına baxmayaraq, AMB makroiqtisadi sabitliyə yönəlik hər hansı çağırış görmür. Bankın rəhbəri Taleh Kazımovun faiz qərarının açıqlandığı mətbuat konfransında dediyinə görə, valyutaya tələbin kəskin artması yanvar-fevral aylarında müşahidə edilib ki, bu da əsasən 2023-cü ilin dekabrında büdcə xərcləmələrindəki kəskin artımla bağlı olub: “Bu ilin əvvəlindən təkcə yerli şirkətlər və fərdi sahibkarlar xarici ticarət tərəfdaşlarına olan borclarını bağlamaq üçün 800 milyon ABŞ dolları ödəniş edib. Eyni zamanda dövlət xarici borcu ilə bağlı 1 milyarddan çox ödəniş edib. Bütün bunlar valyuta hərraclarında satışın artmasına təsir edi. Amma bunlar ilin əvvəli üçün çağırışlar yaradan amillərdir. Hazırda valyuta bazarında hər hansı çağırış müşahidə olunmur”.

Bankların dollara tələbatının artmasında ölkəyə xaricdən daxil olan vəsaitlərin azalması da mühüm rol oynayır. Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 893.1 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 259.3 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, keçən ilin yanvar-iyun aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 31.3 faiz və ya 406.8 milyon manat, banklardan xaricə köçürmələr isə 19 faiz və ya 61 milyon manat azalıb.

Nəzərə çatdıraq ki, ötən ilin I yarısında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 299.9 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 320.3 milyon manat təşkil edib.

Xaricdən pulköçürmələrinin azalması, xaricə turizmin, həmçinin idxalın artması fonunda dollara tələbatın artması təbii görünür. Lakin bu prosesin davamlı xarakter alması ölkənin valyuta gəlirlərinin mühüm hissəsinin xaricə axmasını şərtləndirir ki, bu da kifayət qədər arzuolunmaz nəticələrə səbəb ola bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR