İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank hansı qərarı verəcək? - Faizlər dəyişməsə...

Trampın neft qiymətlərini aşağı salmaq cəhdləri Azərbaycan üçün xarici risk amili yaradır

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dərəcəsi ilə bağlı qərar verəcək. Bu, tənzimləyicinin cari il ərzində ikinci belə qərarı olacaq. Birinci qərar yanvarın 22-də qəbul edilib və uçot dərəcəsi dəyişməz saxlanılıb. Beləliklə, AMB ötən ilin may ayından etibarən uçot dərəcəsini sabit saxlamış olub. Hazırda uçot dərəcəsi 7,25 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faiz təşkil edir.

Son qərarının izahatında tənzimləyici qeyd edib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasətinin iqtisadiyyata ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.

AMB bildirib ki, cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit (5.5 milyard ABŞ dolları) 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir. Rəsmi statistikaya əsasən bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 5 milyard 90,8 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70,5 faiz çoxdur. Xarici ticarət dövriyyəsinin 3 milyard 38 milyon ABŞ dolları ixracın, 2 milyard 52 milyon ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, ixrac illik ifadədə 64,8 faiz, idxal isə 79,7 faiz artıb. Ayın yekununda xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 40,5 faiz çoxdur.

Mərkəzi Bankın işçiləri ayda orta hesabla 3 444 manat maaş alırlar

Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq 2024-cü ildə sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb. Mərkəzi Bankın emissiya etdiyi notların həcmi ötən il 6.5 dəfə azalıb. Bu il də ötən müddət ərzində Mərkəzi Bank tərəfindən qısamüddətli notların yerləşdirilməsi həyata keçirilmədiyinə görə, tendensiyanın davam etdiriləcəyini söyləmək olar.

Mərkəzi Bank potensial olaraq inflyasiya təzyiqləri yarada biləcək qlobal risklər kimi mövcud geosiyasi gərginlik fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyini qeyd edib. ABŞ Prezidenti Donald Trampın rüsum siyasəti qlobal bazarlarda qeyri-müəyyənliyi sürətlə artırır. Yeni administrasiyanın əksər ticarət tərəfdaşlarına qarşı rüsumları artırması və ona qarşılıq olaraq qarşı tərəflərin də eyni addımları atması ABŞ-da inflyasiyanı sürətləndirəcək əsas amilə çevrilib. Artıq ABŞ və dünya analitik mərkəzlərində cari ildə ABŞ-da iqitsadi geriləmənin olacağına dair proqnozlar səsləndirilməyə başlayıb. Martın 18-19-da uçot dərəcəsinə dair növbəti qərarını verməli olan ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) inflyasiya gözləntilərinə görə dərəcələri dəyişməz saxlayacağı gözlənilir. FED rəhbəri Cerom Pauell bildirib ki, ticarət, immiqrasiya, maliyyə siyasəti və tənzimləmə ilə bağlı əsas siyasət dəyişikliklərini FED-in iqtisadi proqnozlarına mürəkkəblik əlavə edir. Pauell qeyd edib ki, bazar dəyişkənliyinə və iqtisadiyyatın yavaşlaması ilə bağlı narahatlıqlara baxmayaraq, proseslər daha aydın bir şəkil alana qədər dərəcələri dəyişdirməyə tələsməyəcəkləri: “Biz ticarət siyasətində, immiqrasiya siyasətində, maliyyə siyasətində və tənzimləmədə əhəmiyyətli dəyişikliklər görürük. Yüksək qeyri-müəyyənlik dərəcəsini nəzərə alaraq, hər hansı siyasət dəyişikliyi etməzdən əvvəl siqnallar və səs-küy arasında fərq qoymalıyıq”.

Trampın rüsum siyasətinin ölkə daxilində sürətləndirməkdə olduğu inflyasiyanın qarşısını almaq üçün neft qiymətlərini aşağı salmaq cəhdləri də Azərbaycan üçün xarici risk amili yaradır. Belə ki,  ötən həftə OPEC+ 2022-ci ildən bəri ilk dəfə razılaşmada iştirak edən ölkələr tərəfindən hasilatı artırmaq qərarına gəlib. Artım başlanğıcda kiçik olacaq - gündə 138 000 barel. Bu, OPEK+ ölkələrinin son bir neçə ildə hasilatı azaltdığı gündəlik 5,85 milyon barellə müqayisədə əhəmiyyətsiz görünür. Buna baxmayaraq, bu, bazarın doyması istiqamətində mühüm addımdır.  Çünki qeyri-OPEK+ ölkələri ilə yanaşı, razılaşma iştirakçıları da fevral ayında hasilat 170 min barel artırıb. Bunun  80 mini İran tərəfindən təmin edilib. Ay ərzində razılaşma iştirakçısı olan ölkələrin heç biri hasilatı əhəmiyyətli dərəcədə azaltmayıb. Eyni zamanda Çin yanvar-fevral aylarında neft idxalını 10,8 faiz azaldıb. Ölkə iqtisadiyyatının dəstəklənməsi üçün Pekin hökumətinin elan etdiyi stimullaşdırıcı addımları analitik mərkəzlər yetərli hesab etmirlər. Bu isə ən böyük istehlakçı olan Çində neftə tələbin artım səviyyəsinə dair bədbinlik yaradır. Trampın rüsum siyasətinin bütövlükdə qlobal iqtisadi artımı yavaşladacağı halda, neft qiymətlərinin hazırkı 70 dollardan azı 5-10 dollar aşağıya düşəcəyi gözlənilir.

Bu isə əsas gəlirləri neft ixracından formalaşan Azərbaycan üçün ciddi çağırışlar, o cümlədən neftin 70 dollarlıq qiyməti ilə hesablanmış büdcə gəlirlərinin təminatı sahəsində problemlər formalaşdıra bilər.

Mərkəzi Banka görə,  inflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı aiddir: “Məcmu tələbin izafi artımı büdcə xərclərinin və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə baş verə bilər. Qiymətləndirməyə görə dövlət büdcəsi xərclərinin və istehlak kreditlərinin inflyasiyaya toplam artırıcı təsirinin 2025-ci ildə 1 faiz bəndindən az olacağı gözlənilir. Bu səbəbdən, mövcud monetar şəraitin qalacağı halda qeyd olunan tələb amillərinə görə inflyasiyanın hədəf diapazonundan yayınması ehtimal olunmur.

Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə, illik inflyasiyanın cari ildə 5.5 faiz, 2026-cı ildə 3.8 faiz ətrafında olacağı gözlənilir".

Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən 2025-ci ilin yanvar ayında istehlak qiymətləri indeksi 2024-cü ilin yanvar ayına nisbətən 5,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5,0 faiz, qeyri-qida məhsulları üzrə 2,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,4 faiz artıb. Yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,0 faiz yüksəlib.

Bundan əlavə, yanvar ayında 2024-cü ilin dekabr ayı ilə müqayisədə sənaye məhsullarının istehsalçı qiymət indeksi 3,8 faiz artıb. Qeyri-neft-qaz sənayesi üzrə göstəricidə illik 4,6 faiz artım olub. 2025-ci ilin yanvar ayında 2024-cü ilin dekabr ayı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 1,0 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 1,7 faiz, heyvandarlıq məhsulları üzrə 0,3 artıb. İllik ifadədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indekslərində 7,7 faiz artım qeydə alınıb. İstehsalçı qiymət indekslərindəki artım adətən 1-2 ay ərzində istehlak qiymətlərində əksini tapır.

Neft ixracının azalması fonunda müsbət amil kimi qeyri-neft ixracının artımı, həmçinin Avropanın qaz bazarında qiymətlərin yüksəlməsini qeyd etmək olar. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın mart sayının ilkin göstəricilərinə əsasən 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artaraq 485 milyon  ABŞ dolları təşkil edib.  Bu zaman yeyinti məhsullarının ixracı 12,3 faiz artaraq 153,9 milyon ABŞ dollarına bərabər olub. Bu dövrdə ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66.9 faiz, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47 faiz, alkoqollu və alkoqolsuz içkilər 39,2 faiz, kimya sənayesi məhsulları 30 faiz, çay 21.3 faiz, alüminium və ondan hazırlanan məmulatlar 2.8 faiz artıb.

2025-ci ilin yanvar-fevral aylarında aqrar məhsulların ixracı 9,5 faiz artaraq 119,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 17,7 faiz artaraq 43 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 11,6 faiz artaraq 162,8 milyon ABŞ dolları təşkil edib.

Daxili amillər sırasında fevral ayından etibarən Azərbaycanda dollara tələbatın kəskin azalması da qeyd oluna bilər. Belə ki, 2025-ci ilin yanvar ayı ərzində AMB-də keçirilən 8 valyuta hərracında 498.8 milyon ABŞ dolları satılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.6 faiz çoxdur. Belə ki, ötən ilin yanvar ayı ərzində keçirilən 7 valyuta hərracında 417.1 milyon ABŞ dolları satılmışdı. Fevral ayında isə 8 valyuta hərracında 365,1 milyon dollar valyuta satışı həyata keçirilib. Bu, 870,6 milyon dollar satışın qeydə alındığı 2024-cü ilin fevralı ilə müqayisədə 2,4 dəfə azdır. Dollara tələbatın artması neft gəlirlərinin azalması halında manatın məzənnəsinin sabitliyi baxımından müsbət amil kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, bir sıra beynəlxalq agentlik və maliyyə qurumları AMB-nin faiz qərarları ilə bağlı proqnozlarını açıqlayıblar. Belə ki, bu günlərdə “Trading Economics” (TE) beynəlxalq iqtisadi statistika portalı AMB-nin uçot faiz dərəcəsi ilə bağlı proqnozuna bəzi dəyişikliklər edib. Portal yenidən AMB-nin 2025-ci ilin birinci rübündə faizləri dəyişməyəcəyi, ilin II rübündə isə uçot dərəcəsini 6,75 faizə qədər endirəcəyi gözləntisindədir. Bununla belə, “Trading Economics” qlobal makro modelləri və analitiklərin gözləntilərinə əsasən, III rüb üzrə proqnozunu 6,5 faizdən 6,25 faizə endirib, IV rüb üzrə isə 5 faizdən 5,5 faizə qədər artırıb. Bu isə müvafiq olaraq əvvəlki proqnozdan 0,25 faiz az və 0,5 faiz çoxdur (APA).

"Fitch Slutions" şirkəti AMB-nin uçot dərəcəsini 6,75 faizə endirəcəyini gözləyir. Niderlandın maliyyə korporasiyası “ING Group” isə əksinə, hesab edir ki, tənzimləyici göstəricini 7,25 faizdən 7,50 faizə yüksəldəcək.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

11 Mart 2025

BÜTÜN XƏBƏRLƏR