Onlayn ictimai-siyasi qəzet
Aİ missiyasının mandatının uzadılması ilə bağlı Makron planını dəstəkləməsi Ermənistana baha başa gələ bilər - Bakıdan xəbərdarlıqlar
Avropa İttifaqının (Aİ) Ermənistanda Azərbaycanla sərhəd zonasına yerləşdirilmiş missiyası faktiki olaraq sülhə əngəl olan amillərdən biridir. Görünən budur ki, Aİ həmin o qanunsuz və əsassız missiyanı nəinki geri çəkmək niyyətindədir, əksinə, formatını daha da genişləndirir.
Əlbəttə, Bakı bunu ciddi şəkildə müşahidə edir və reaksiyalar da adekvatdır.
“Son dövrlər baş verən proseslər onu göstərir ki, Avropa İttifaqının Ermənistandakı missiyası 5-10 il müddətinə qalacaq”. Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair mətbuat konfransında bildirib. Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki missiyasının fəaliyyətinə toxunan mərkəz rəhbəri Kanadanın ona qoşulması ilə onun “Avropa İttifaqı Plus” formatına keçdiyini söyləyib: “Sərhəd zonasında heç bir üçüncü dövlətin qüvvələri olmamalıdır. Hazırda Ermənistan-Azərbaycan sərhədindəki missiya "Avropa İttifaqı Plus" formatına çevrilib. Son dövrlər baş verən proseslər onu göstərir ki, Avropa İttifaqının Ermənistandakı missiyası 5-10 il müddətinə qalacaq. Ermənistan istəyir ki, həmin missiyanın fəaliyyətini uzatsın". F.Şəfiyev əlavə edib ki, rəsmi İrəvan hazırkı mövqeyini davam etdirsə, 2025-ci ildə sülh müqaviləsinin imzalanması qeyri-real görünür.
Azərbaycan bir neçə dəfə ən yüksək səviyyədə Ermənistana və onun himayədarlarına Aİ missiyası ilə bağlı xəbərdarlığını edib. Xüsusilə də bu missiyanın mülki adında, əslində casus şəbəkəsi olduğu şübhə doğurmur. Eyni zamanda Aİ-nin missiyasına Kanadanın qoşulması artıq bölgədə NATO-nun olduğunu göstərir. Ermənistan bununla da təhlükəli oyunlarını davam etdirmiş olur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari il oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunmuşdu. Prezident qeyd etmişdi ki, Brüssel Ermənistanla Azərbaycan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə danışıqların uğurla keçirildiyi bir məkan olub və həqiqətən orada mühüm irəliləyişə nail olunub. “Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu, çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi”, dövlətimizin başçısı bildirmişdi. Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasıdır. Sitat: “Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Dövlətimizin başçısı bildirdi ki, biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq".
Bundan sonra Ermənistanda səfərdə olan Polşa prezidenti Andjey Dudanın Azərbaycanla şərti sərhəddə getməsi, Arazdəyən istiqamətində, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının heyəti ilə görüş keçirməsi də bu qurumun bölgə ilə bağlı planlarından xəbər verir. Yaxın zamanlarda Avropa İttifaqı Şurasına sədrlik edəcək Polşa prezidentinin bu addımı təbii ki, etirazla qarşılandı. Azərbaycan hesab edir ki, Ermənistanla danışıqlar ikitərəfli formatda aparılmalı və şərti sərhədlərdə hər hansı üçüncü qüvvə olmamalıdır. N.Paşinyan isə hesab edir ki, delimitasiya prosesi başa çatdırılanadək Aİ missiyası ölkəsində qala bilər. Bu da rəsmi İrəvanın destruktiv mövqeyidir və sülhü uzaqlaşdırır.
Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsində də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan əsas səbəblərdən biri kimi Avropa İttifaqının Ermənistandakı müşahidəçilərini göstərib. Bununla da dövlət başçısı Aİ missiyasını şərt olaraq irəli sürüb.
Məlum olduğu kimi, 2025-ci ilin yanvarında Avropa İttifaqı missiyasının Ermənistanda mandatı başa çatır. 209 nəfərlik missiyaya növbəti dəfə mandat verilməsinə cəhdlər göstərilir ki, Azərbaycan da bunun qəti əleyhinədir. N.Paşinyan isə özbaşına deyil, ona bu missiyanın başında dayanan Makron təzyiqlər göstərir.
Mənfi məqsədli “Aİ Plus” missiyasının Ermənistanın Azərbaycanla sərhədində saxlanılmasının arxasında hansı məkrli planlar dayanır? Bu missiya niyə genişləndirilir və bu beynəlxalq hüquqların pozulması deyilmi?
Elxan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Avropa İttifaqının missiyasının Ermənistanda 5, ya 10 il qalacağını zənn etmir: “Aİ missiyası daha qısa müddətdə Ermənistanı və bölgəni tərk etmək məcburiyyətində qalacaq. Çünki qalmalarına ehtiyac da yoxdur. Düzdür, sayları artırılıb. Amma əgər sərhədlər müəyyənləşirsə və keçmiş illərdən fərqli olaraq, şərti sərhədlərdə sakitlikdirsə, atəş səsləri eşidilmirsə, ümumiyyətlə, Aİ missiyasına ehtiyac qalmır. Üstəgəl, Azərbaycanın Ermənistanla sülh sazişini imzalamasının şərtlərindən biri də məhz budur ki, həmin missiya Ermənistandan çıxarılmalıdır. Çünki bu missiyadan Azərbaycan əleyhinə də istifadə olunur. Bu isə bölgədə gərginliyi daha da artırır ki, məntiqlə Avropa İttifaqının maraqlarına cavab vermir. Ona görə də mən hesab edirəm ki, missiyanın 5-10 il uzadılması mümkün görünmür. Çünki belə olarsa, bölgədə gərginlik daha da artacaq. Halbuki Azərbaycan və Ermənistan sülh danışıqlarını intensivləşdiriblər və sülh sazişinin mətninin haradasa 90 faizi razılaşdırılıb”. E.Şahinoğlu hesab edir ki, gələn il sülh sazişinin imzalanması üçün münbir şərait yaranacaq: “Bir şərtlə ki, Ermənistanda konstitusiya dəyişikliyi olsun. Ondan sonra isə ümumiyyətlə, Avropa İttifaqının missiyasına ehtiyac qalmayacaq. Necə ki, Minsk Qrupunun fəaliyyətinə ehtiyac yoxdur. Minsk Qrupu de-fakto yoxdur. Eləcə də Ermənistandakı Aİ missiyasının vaxtının uzadılması məntiqli olmayacaq”.
Sahib Məmmədov
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bu fikirdədir ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla olan şərti sərhəd xətti yaxınlığında yeləşdirdiyi “mülki missiya” adlanan qüvvələrin məqsədi heç də regionda davamlı sülhün bərqərar olunmasına xidmət etmir: “Fransanın lobbiçiliyi ilə yaradılmış bu missiya genişlənməkdə davam edir. Əlbəttə, bu qüvvələrin Cənubi Qafqazda yerləşdirilməsinin məqsədi genişdir. İlk növbədə bu kiçik kontingentin regionda olması artıq Aİ-nin Rusiyanın əsas forpostu olmuş və hələ də bəzi problemlərə baxmayaraq, forpost olaraq qalan Ermənistan ərazisində yerləşdirilməsinə bir başlanğıc kimi baxılır. Rusiyanın Ermənistandan hərbi, siyasi və iqtisadi baxımdan sıxışdırılması fonunda bu missiyanın statusu, mandatı və dislokasiya müddəti artırıla bilər. Digər əsas məqsəd sürətlə silahlandırılmaqda olan Ermənistanın şərti sərhəddə törədəcəyi silahlı təxribatlara Azərbaycanın cavabını qeydə almaq və bunu öz bildikləri kimi rəsmiləşdirərək Ermənistana Beynəlxalq Cinayət Məhkəməsində "Azərbaycanın Ermənistan ərazilərində müharibə cinayətləri törətməsi" kimi saxta ittihamlar irəli sürməsinə “əsas” yaratmaqdır". S.Məmmədov da bu missiyanın bölgəyə sakitlik gətirməyəcəyi qənaətindədir: “Bir sözlə, Ermənistan Cənubi Qafqazda qonşu dövlətlərə qarşı, o cümlədən Azərbaycan, Rusiya, Türkiyə və gələcəkdə İrana qarşı planların platsdarmına çevrilməkdədir. Ola bilsin ki, Ermənistan hələlik manevr edir. Avropadan, ABŞ-dan siyasi, hərbi və maddi dəstək alır və sonra ənənəsinə sadiq olaraq onlara qarşı da dönüklük nümayiş etdirəcək. Bu, artıq geosiyasi vəziyyətin dəyişməsindən asılı olacaq. Rusiya-Ukrayna münaqişəsinin nəticələri də Ermənistanın hazırkı "şaxələndirilmiş" xarici siyasətinin dəyişməsinə gətirə bilər".
Gözləyək, görək Azərbaycan Prezidentinin xəbərdarlığının ardınca İrəvan hansı mövqeni tutacaq? Minsk Qrupunun qovulmasından sonra Aİ missiyasını qoruyub-saxlamağa xidmət edən bu siyasət bölgədə gərginliyi artıran faktorlardandır və bu cığallığı Ermənistanın başında çatlaya bilər.
E.PAŞASOY,
“Yeni Müsavat”
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ