İnsanlara hürriyət, millətlərə istiqlal!

Medvedyev III dünya müharibəsinin anonsunu verdi - “hazırıq...”

Rusiya-NATO müharibəsi açıq fazaya keçir?

Neçə vaxtdır qlobal səviyyədə üçüncü dünya müharibəsinin başlayacağından danışılır. Bəzi ekspertlər hətta deyir ki, artıq III dünya müharibəsi başlayıb. Yaxın Şərqdə baş verənlər, Ukrayna müharibəsi bunun detalları, yaxud da “müjdəsi” kimi qiymətləndirilir.

Rusiyadan da tez-tez belə anonslar verilir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev sentyabrın 26-da qəzəbli bir açıqlama ilə çıxış edib.

Sitat: “Qərb ölkələri get-gedə Rusiyaya daha az seçim buraxır və Moskvanı NATO ilə birbaşa hərbi münaqişəyə sövq edirlər”.

O, bu yaxınlarda “Abrams” tanklarının Kiyevə təhvil verilməsini və yaxın mənzilli ATACMS raketlərinin tədarükünü xatırladıb.

“Rusiyaya faşist blokuna çevrilmiş NATO ilə quruda birbaşa münaqişədən başqa çox az seçim buraxırlar. Biz hazırıq”, - Medvedyev deyib.

Eyni zamanda o qeyd edib ki, bəşəriyyət üçün bunun nəticəsi 1945-ci ildəkindən daha ağır olacaq.

Hesab etmək olarmı ki, NATO-Rusiya müharibəsi artıq bir addımlıqdadır və Medvedyev təsadüfən danışmayıb. Burada qalib kim ola bilər? Yaxud da indidən qarşısını almaq mümkündürmü?

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən  koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə NATO arasında olan qarşıdurmalar zaman-zaman şiddətlənir və səngiyir. Aydın məsələdir ki, NATO birbaşa olaraq Rusiya ilə toqquşmalardan yayınır, ehtiyat edir. Çünki NATO-nun Rusiya ilə birbaşa toqquşması üçüncü dünya müharibəsinin elan olunması anlamına gələcək: “Bu təhlükədən Brüssel və Vaşinqton özünü sığortalamağa çalışır. Rusiya tərəfi isə NATO silahlarının Ukraynada ona qarşı işlədilməsinə çox sərt reaksiyalar verir. Dmitri Medvedyevin fikirləri də bunu deməyə əsas verir ki, hazırda Rusiya çox qəzəblidir. Bu reaksiyada artıq bir sıra təhdid mesajları da var. NATO-Rusiya müharibəsinin bəşəriyyət üçün İkinci Dünya müharibəsindən daha dəhşətli olacağı mesajı aydın şəkildə verilir. Lakin nüvə riskləri haqqında Rusiya rəsmiləri və ekspertlərinin çıxışlarında hələ ki nüvə başlıqlarından istifadə edilməsi riskinin olmadığını söyləmək olar. Üçüncü dünya müharibəsinin başlanması isə nüvə silahlarının işə düşməsi riskini də gətirəcək ki, bu da bəşəriyyət üçün dəhşətli fəlakətlərə səbəb olar. Rusiya tərəfindən Medvedyev ranqlı adamların mesajları anons sayıla bilər. NATO ilə Rusiya arasında müharibə başlasa, bu müharibənin episentri Pribaltika ölkələri və ya Polşa ola bilər. Bu müharibənin qalibi olmaz, çünki nüvə silahı işlənərsə, burada qalib tərəf ola bilməz. Ona görə də bütün dünya Rusiya-NATO müharibəsinin olmaması üçün addımlar atmalıdır”.

Yeganə Hacıyeva: "Başda Fransa olmaqla Aİ Qarabağdakı ermənilərdən istifadə  edir"

Yeganə Hacıyeva 

Politoloq Yeganə Hacıyeva isə bildirdi ki, Ukraynada müharibə başlayan ilk gündən Rusiya rəsmiləri, həmçinin bir sıra Avropa rəsmiləri də bu müharibənin nüvə müharibəsinə çıxaracağı ilə bağlı ehtimallarını irəli sürürlər. Bu ehtimal həmişə səsləndirilir, bu gün də səsləndirilir: "Avropa İttifaqı ölkələri Rusiyaya qarşı arqument kimi bu ehtimalı göstərirlər. Rusiyadan verilən mesajlarda da təzyiqlərin qarşısında nüvə silahına əl ata biləcəkləri fikirləri tez-tez səslənib. İndi Medvedyev yenidən NATO-ya əslində xəbərdarlıq edib və Rusiyanın ondan çəkinmədiyini bildirib. Ancaq Rusiyanın nüvə silahını tətbiq edə biləcəyini düşünmürəm. Rusiya, sadəcə, nüvə silahını istifadə etmək kimi özünü göstərir. Qarşı tərəf isə mesaj verir ki, buna imkan verməyəcəyik. NATO-Rusiya müharibəsi isə əslində xeyli vaxtdır gedir. Sadəcə, NATO müharibədə birbaşa iştirak etmir. Ukraynaya Almaniya və Polşanın köhnəlimiş silahlarını göndərdiyi barədə Avropa İttifaqı rəsmilərinin dilindən bu yaxınlarda açıqlamalar səslənmişdi. Ancaq Priqojinin ölümündən sonra Ukraynanın Rusiyaya qarşı addımları azaldılıb. Bir sözlə, hazırda yaxın dövr üçün Rusiya ilə NATO-nun birbaşa açıq şəkildə müharibəsi gözlənilmir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR