Onlayn ictimai-siyasi qəzet
Şübhəsi olanlara bəzi ardıcıllıqla danılmaz faktları bir daha təqdim etməyi dövlətimizin ayağına daş dəyməyi rəva bilməyən sıravi Azərbaycan vətəndaşı olaraq özümüzə borc bilirik. Fransa uzun illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq regionda “at oynadıb”. Azərbaycanda da bir çoxları ümid edib ki, bu ölkə nüfuzundanistifadə edib, işğalçı Ermənistana nəhayət, ona dəxli olmayan torpaqlardan rədd olmağı tövsiyə edəcək. Amma yox, Fransa həmsədr olduğu 30 ilə yaxın müddətdə nəinki ədalətli həll yoluna cəhd göstərmədi, əksinə, Ermənistanın təcavüzkar siyasətinin əbədiliyini təmin etməkdən ötrü hər cür fitnə-felə əl atdı. Qarabağla bağlı status-kvonun təmin olunması, Azərbaycanın 20 faiz ərazisinin Ermənistana birləşdirilməsindən ötrü hərbi-siyasi-diplomatik-maliyyə dəstəyini səxavətlə sərgiləyən rəsmi Paris bunu nümayişkəranə şəkildə də həyata keçirirdi, beynəlxalq hüquqa məhəl qoymadan. Baxmayaraq ki, Azərbaycan ərazilərinin işğaldan qeyd-şərtsiz azad edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə səs vermişdi, 5 daimi üzvlərdən biri olaraq. Amma bu ölkə özünə hörmət qoymağı bacarmadı, işğalçı, terrorçu, uşaq, qadın, qoca qatili Ermənistanın tərəfində dayanmağı üstün tutdu.
Qeyd etdiyimiz kimi, bəzi faktları xatırladaq:
23 avqust 2011-ci il. Fransanın Sent-Etyen şəhərinin meri Qarabağa qanunsuz səfər edir. “Fransa-Artsax” dostluq qrupunun üzvü Qael Perdrion da onunla birgə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinə gəlir və “Dostluq bəyannaməsi” imzalanır.
2014-cü ilin iyun ayı. Keçmiş “Dağlıq Qarabağ”dakı separatçı rejimin nümayəndələri Parisdə görüşlər keçirir. Separatçı qurumun “parlament sədri” Aşot Qulyanın rəhbərlik etdiyi nümayəndə heyəti Fransaya səfər zamanı Parisdıki “Dprosaser” gimnaziyasına baş çəkir, Ermənistanın Fransadakı səfirliyində də olur, həmçinin Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşürlər. Həmsədr ölkənin parlamentarları ilə!
2018-ci il: Fransa merləri növbəli qaydada “Dağlıq Qarabağ” separatçıları ilə xartiya imzalayırlar. Azərbaycan XİN Qarabağa səfər edən Fransa şəhərinin meri “qara siyahı”ya salınacağını elan edir.
2 oktyabr, 2018: Fransanın Sent Etyen şəhərinin meri Qael Perdrion yenə də Qarabağda peyda olur, bu dəfə Şuşada! Azərbaycan XİN bəyanat verir: “Qətiyyətlə pisləyirik!” Meri bu səfərdə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən və Fransa erməni lobbisinin təsiri altında olan Fransua Roşbluan müşayiət edir. Cinayətkar rejimlə “Dostluq haqqında Bəyannamə” imzalanır... İşğal dövrü ilə bağlı belə faktlar saysız-hesabsızdır...
Mişel Barnier
44 günlük Vətən müharibəsindən sonra da fransızlar Qarabağdan əl çəkmirlər. 2021-ci ildə Fransanın yeni baş naziri Mişel Barnier 2021-ci ilin 21-23 dekabrında Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edir. zaman M.Barnier Fransada prezidentliyə namizəd Valeri Pekreslə birgə Azərbaycan ərazilərində erməni separatçılarının yerləşdiyi ərazilərdə olub. Beynəlxalq hüququ ayaq altı edən, erməni pulları ilə qidalanan bu şəxslər Xankəndidə hətta rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsini təklif edirlər!
03.06.2022-ci ildə Rusiyalı sülhməramlıların müvəqqəti olaraq məskunlaşdığı Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər edən əcnəbilərin sayı açıqlanır. Qarabağ separatçılarının nümayəndəsi Gevork Arakelyan etiraf edir ki, təkcə 2019-cu ildə Qarabağa təqribən 42 min əcnəbi şəxs qanunsuz səfər edib. Xarici turistlərin böyük əksəriyyəti Rusiya, ABŞ, Fransa, Almaniya və digər ölkələrdən olub. Azərbaycan XİN-in “arzuolunmaz şəxslər” siyahısında da əsasən üç həmsədr ölkələrin vətəndaşları yer alırdılar.
2022-ci ilin dekabrında Xankəndidəki keçmiş separatçıların başçısı Araik Arutyunyan Fransaya gedir. Fransanın İle-de-Frans şəhəri şurasının sədri Valeri Pekres Tvitter hesabında bu barədə yazırdı.
Pekres bu səfər çərçivəsində separatçıların başçısı ilə görüşdüyünü bildirir. Anti-Azərbaycan mövqeyi ilə tanınan Pekres Araiki “artsax prezidenti”, Azərbaycan ərazilərindəki qondarma qurumu isə “respublika” adlandırır. Qarabağdakı cinayətkarların başçısını yüksək səviyyədə qəbul edən Fransa rəsmiləri yenə də beynəlxalq hüququ tapdayırlar.
Belə bir ölkə, belə bir rejim bu gün Azərbaycanı Fransanın “daxili işlərinə qarışmaqda” ittiham edir. Bu dəfə eyni iddialarla Fransanın xarici işlər naziri Jan-Noel Barro çıxış edib. Onun əsassız iddialarına görə, Azərbaycan dənizaşırı ərazilərin işlərinə qarışır. Əlcəzairli on minlərlə günahsız insanı soyqırım edən və hətta onların kəllə sümüklərinin (!!!) muzeyini yaratmaqla heyrətamiz addıma qərar verən ölkənin baş diplomatı Azərbaycanın beynəlxalq hüquqa istinad edən addımlarını ölkəsinin “daxili işlərinə müdaxilə” sayır.
Fransız hakimiyyətinin xətrinə dəyən təməli Azərbaycanda qoyulan Beynəlxalq Dekolonizasiya Cəbhəsinin 2025-ci ilin 23-24 yanvarında Kanakidə (Yeni Kaledoniya) keçirilən Konqresi olub. Müstəmləkələrin dekolonizasiya prosesini “Fransanın daxili işi” adlandıran bu “demokratiya dağarcıqları” Bakı Təşəbbüs Qrupunu Fransanın daxili işlərinə müdaxilədə günahlandırır. Yeni Kaledoniya Azərbaycana pənah gətirib və Fransa tərəfindən pozulan hüquqlarının bərpa olunmasına yardımçı olmağı xahiş edib. Bu insanlara diqqət göstərməli olan beynəlxalq təşkilatlar rəsmi Parisin “Domokl qılıncı”nın qorxusundan ədalətli davrana bilmirlər. Etirazlar da Fransa polisinin, ordusunun müdaxiləsi ilə yatırılır, dinc etirazçılar qətlə yetirilir, həbs olunur. Belə olduğu təqdirdə onlar nə etməlidirlər? Əgər onlar ədalətin bərpasını Azərbaycanın olduğu ünvanda görürlərsə, Azərbaycan dövləti də beynəlxalq hüquqa istinadən onların səsinə səs verirsə, buna görə Fransa hakimiyyəti Prezident İlham Əliyevə təşəkkür etməli və ondan üzr istəməlidir, hansısa sərsəm iddialarla çıxış etməkdənsə! Bəli, Azərbaycan bayrağının Kanakidə dalğalandırılması kanak xalqının Azərbaycana və onun liderinə minnətdarlıq jestidir, Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov çox doğru deyib. Həmçinin bu da bir həqiqətdir ki, fundamental insan hüquqları, habelə insanların azad olmaq istəyi bir ölkənin daxili işi sayıla bilməz! Təsəvvür edin, XXI əsr və Ukraynaya “demokratiya, ədalət” vəd edən Fransa müstəmləkəçilik siyasətini həyata keçirməkdə israrlıdır, buna qarşı çıxanlara isə çamur atır. Makron Fransası Azərbaycanın Qarabağ zəfərini həzm edə bilmədiyi üçün ölkəmizin bütün addımlarına, tarixi qərarlarına, bəşəriyyətin xilasına yönəlik fəaliyyətinə qara eynəkdə baxır. Belə olmasaydı, COP29-a qarşı mənfur siyasət sərgiləməzdilər. Azərbaycana qarşı “TIR siyasəti”, “binokl diplomatiyası”, “Avropa İttifaqının mülki müşahidə missiyası”, Ermənistanın sürətlə silahlandırılması, İrəvana davamlı maliyyə dəstəyinin verilməsi, BMT Təhlükəsizlik Şurasında ölkəmiz əleyhinə qətnamələrin qəbulu cəhdi, Bakıda ədalət məhkəməsində mühakimə olunanların azadlığa buraxılması istiqamətində cəhdlərin uğursuzluqla başa çatması ilə əlaqədar əsəbi ritorikanın sərgilənməsi Makron Fransasının iç üzünü ortaya qoyub. Şairə Natəvanın heykəlinə qarşı vandalizm hərəkətinə yol verənlərdən ayrı nə gözləmək olar? Fransa hökuməti, parlamenti, ayrl-ayrı siyasətçiləri növbəyə düzülüblər, Azərbaycana qarşı əndazəni aşan mövqelər sərgiləyirlər. Torpaqlarımız azad ediləndən sonra Qarabağa, Şuşaya səfər etməyən Fransa səfirinin mövqeyi bu ölkənin gerçək sifətini ortaya qoyur. Ermənistanın tanıdığı ərazi bütövlüyümüzü faktiki olaraq Makron Fransası tanımaq istəmir! Yeni Kaledoniya da keçirilən tədbir bunları elə yandırıb-yaxıb ki...
Yalnız Makrondan hələlik reaksiya gəlməyib. Azərbaycanı hibrid müharibədə ittiam edən Fransa hakimiyyəti görəsən, Parisdən Qarabağa edilmiş qanunsuz səfərləri xatırlayırmı? Bəs o səfərlər nə idi, bəlkə Azərbaycana qarşı hibrid müharibə, yaxud daxili işlərimizə müdaxilə deyildi? Qarabağdakı cinayətkar rejim cəhənnəmə göndərilib, qandallanmış separatçılar 21-ci əsrin “Nürnberq prosesi”ndə cəzalarını alacaqlar. Amma indiyədək qondarma “Artsax”ın nümayəndəliyi Parisdə saxlanmaqdadır. Bunun özünə nə ad qoymaq olar, bəlkə Makron bilər?! Bilirik, 2022-ci ildə Parisdə yüksək səviyyədə qəbul etdikləri Arayik Arutyunyan və digərlərinin müttəhimlər kürsüsündə oturması Fransa hakimiyyətini çox narahat edir. Axı, faktlar danışacaq. Artıq Arayik etiraf edib ki, Gəncəni raketlə vurmağı o əmr etməyibmiş. Növbəti məhkəmə iclaslarında hələ nələr danışılacaq. Ermənistanın “böyük bacısı” Fransada narahat olanlar çoxdur, çünki Bakıdakı “Nürnberq perosesi”ndə onların da adları çəkilə bilər...Məsələn, “Ohanyan səddi”nin, bunkerlərin tikilməsi, qızıl, mis mədənlərimizin istismarında “böyük xidmətləri” olan fransızların adları... Makron da narahatdır. Ona görə də Bakıdakı hərbi canilərin azad olunması üçün sonadək çalışdı...
Elşad Paşasoy,
Musavat.com
28 Yanvar 2025
27 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ