İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron ABŞ və Almaniyanı “satdı” - seçki uğursuzluğu, yoxsa...

Fransa lideri Kiyevin alyansa üzvlüyünə bu iki dövlətin əngəl olduğunu açıqlayıb - özünə alibi yaradır...

Seçkilərdə uğur qazanmayan Fransa prezidenti Emmanuel Makron düşdüyü siyasi böhran səbəbindən, yoxsa hansısa maraqları naminə ABŞ və Almaniyanı “satıb”. O deyib ki, ABŞ və Almaniya Ukraynanın NATO-ya qoşulmasının əleyhinədirlər, buna imkan vermirlər. “Yeni Müsavat” bildirir ki, Makron bunu alyansın 75-ci ildönümü münasibətilə keçirilən sammitindən öncəki açıqlamasında deyib. 

O, ABŞ və Almaniyanın Ukraynanın alyansa qoşulmağa dəvət edilməsinin şiddətlə əleyhinə olduğunu vurğulayıb. “Nəticə etibarilə, Ukraynanın NATO-ya qoşulmağa dəvət edilməsi müttəfiqlərin qərarı olacaq”, - Fransa prezidenti deyib. Makron NATO-nun Litvada keçirilən sonuncu sammitində Ukraynanın alyansa dəvət edilməməsinin ukraynalıların üzvlüklə bağlı ümidlərinə zərbə vurduğunu, Vaşinqton sammitinin ssenarisinin də eyni olacağı qənaətində olduğunu əlavə edib. “Ukraynalılar qapı açıq olduğu, lakin o qədər də açıq olmadığı qənaətinə gələndə kifayət qədər əsəbiləşdilər. Məncə, Vaşinqton sammitinin ssenarisi də eynidir”, - deyə Makron deyib. 

Hansı ki, daha əvvəllər Fransa özü bunda ittiham olunurdu. Makron bu davranışı ilə nə demək istədi? O, seçki uğursuzluqlarına görə özünə alibi yaradır, yoxsa başqa səbəblər var? Çünki Fransa prezidenti parlament seçkilərində qələbə qazana bilmədi və indi nüfuzunu qaldırmaq üçün ABŞ-la Almaniyanı hədəfə çıxarır. Ancaq o da var ki, Bayden Kiyevin alyansa üzvlüyünün tərəfdarı deyil. ABŞ prezidenti Cozef Bayden deyib ki, NATO-ya üzv olmaq üçün Ukrayna eyni standartlara cavab verməlidir. Almaniya kansleri Olaf Şolts da Ukraynanın yaxın 30 il ərzində NATO üzvü olmayacağına əminliyini ifadə edib. Bundan əvvəl məlum olmuşdu ki, Ukrayna alyansın iyulda keçiriləcək sammitində NATO-ya üzv olmaq üçün dəvət almayacaq. Eyni zamanda sammit zamanı müttəfiqlər Kiyevə əhəmiyyətli dəstək nümayiş etdirməyi planlaşdırırlar.

“Avropada Makron erası bitir. Onun nüfuzu yerlərdə sürünür. Fransa tarixində belə rəzil siyasətçi olmamışdı. Xalq özü də mövqeyini ifadə etdi ki, bizə belə hakimiyyət lazım deyil. Bundan sonrakı prezident seçkisində Makron 90 faiz məğlub olacaq. Amma o zamana qədər reputasiyasını düzəltməyə can atır”. Bu fikirləri “Yeni Müsavat”a Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli söylədi. VHP nümayəndəsi qeyd etdi ki, Ukraynanın NATO-ya tezliklə üzv qəbul edilməyəcəyini prezident Zelenski özü də bəyan edib. S.Əsədli hesab edir ki, nizamnaməyə əsasən Ukrayna hazırda alyans üzvü ola bilməz, çünki ərazilərinin bir qismi ilhaq edilib, 4 regionu Rusiyaya birləşdirilib, ağır döyüşlər davam edir, ordusu da NATO standartları səviyyəsinə tam çatmayıb: “Lakin o demək deyil ki, bu istək reallaşmayacaq. Sadəcə, yaxın gələcəkdə görünmür. Ukrayna üçün indi prioritet məsələ ərazi bütövlüyünü təmin edə bilməkdir. Üstəgəl, ona verilən silahlar, keçirilən təlimlər NATO-ya aiddir və Ukrayna ordusu artıq bu modelə keçid etməkdədir. O baxımdan üzvü olmasa belə, bu ölkə NATO dövləti kimi bir statusdadır. Eyni zamanda nəzərdən qaçırmayaq ki, alyansa qoşulana qədər NATO ölkələri onun təhlükəsizliyinə zəmanət veriblər”. 

S.Əsədli bildirdi ki, bu məqsədlə Zelenski ABŞ, Britaniya, Almaniya, Fransa kimi dövlətlərin liderləri ilə təhlükəsizliyə dair əməkdaşlıq sazişi imzalayıb: “Ona görə də Makronun yalnız ABŞ və Almaniyanı günahlandırması birmənalı yanaşma deyil, ilk növbədə nizamnaməyə diqqət yetirmək lazımdır. İstənilən halda, Ukrayna NATO-ya yaxınlaşıb. Rusiya hərbi əməliyyatları başlayanda səbəblərdən biri kimi NATO-nun şərqə doğru genişlənmə planına əngəl olmağı göstərmişdi. İndi qonşusu Finlandiya bloka qoşulub, Baltik gölü NATO gölü olub, sərhədlər yaxınlaşıb, son olaraq da Kreml liderinin atəşkəs şərti kimi irəli sürdüyü Kiyevin NATO-ya üzvlükdən imtinası təklifi də Zelenski tərəfindən qəbul olunmayıb. O deməkdir ki, Ukraynanın üzvlüyü istiqamətində iş davam etdiriləcək. Sadəcə, Makron bu sayaq bəyanatlarla özünü yaxşı tərəfdən göstərməyə can atıb”.

Hərbi ekspert Ramil Məmmədli isə qeyd etdi ki, Ukrayna Şimali Atlantika Alyansına qoşulmaq üçün işğala sona bilməlidir: “Məlumdur ki, Rusiya Krımı qaytarmaq niyyətində deyil. Ümumiyyətlə, Krım "qırmızı xətt" elan edilib. Kiyev isə deyir ki, Krımsız bu iş yarımçıq qala bilər. Amma yarımadanın geri qaytarılması üçün Ukraynanın NATO-dan aldığı hərbi yardımlar belə yetərli deyilsə, buna necə nail olacaqlar? Deməli, alyansa üzvlük yaxın illərdə mümkün görünmür". Onun sözlərinə görə, ikinci məsələ müharibə zamanı işğal edilən 4 regiondur: “Donbas əməliyyatı Ukraynadan böyük bir ərazi qoparıb. Həmin torpaqları da azad etmək müşkül görünməkdədir. Ukrayna ildırımsürətli əks-hücum planı qura və əməliyyatlara başlaya bilmir. Əksinə, rus qoşunları Donetsk, Xarkov istiqamətində addımlayır, yaşayış məntəqələrini tutur. Belə bir Ukraynanı, parçalanmış vəziyyətdə, şəhərləri bombalar içində, iqtisadiyyatı ağır zərbələr almış bir dövləti NATO-ya üzv qəbul edərlərmi?”

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR