Onlayn ictimai-siyasi qəzet
Azərbaycanlılara qarşı soyqırım cinayəti törədən daha bir cani yaxalanıb! Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatdan bəlli olur ki, Madat Babayan amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri göstərib. Xocalı soyqırımını törədən qansızlardan olan Babayan Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılıb.
Meşəli soyqırımının iştirakçısı Vaqif Xaçaturyanın məhkəməsində qandonduran cinayətlər açıqlanır, şahidlər danışır. Sırada Madat Babayanla bağlı proses var. 31-32 il keçsə də, cinayət cəzasız qalmadı, ilahi ədalət də öz sözünü deyir.
Babayan Xocalıda qətlə yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini, xidmət etdiyi postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazılan əraziyə tökülərək kütləvi basdırıldığını etiraf edib, 1992-ci ilin fevral-mart aylarında Xocalıda törədilən talanlar barədə danışıb. Əslində bu etiraflar erməniçiliyin Azərbaycana qarşı xüsusilə də son illərdə uydurduğu ittihamların sabun köpüyü kimi dağılmasıdır. 30 ildən çoxdur davam edən bu davada tək suçlu tərəf varsa, o da Ermənistandır, onun tərəfdarlarıdır. Amma diqqət edin, görün Bakıda akkreditə olunmuş diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri Vaqif Xaçatryanın məhkəməsindəki cinayət dosyelərini dinləmək üçün prosesə qatılırlarmı? Avropa Məhkəməsi, Fransa Senatı, ABŞ rəsmiləri, Avropa İttifaqı təmsilçiləri həftə səkkiz, mən doqquz Azərbaycanı həbsdə olan erməniləri azad etməyə - özü də “dərhal” – çağırırlar, utanıb-qızarmadan. Bu çağırışı edən hansı ölkə vətəndaşlarına qarşı bunca alçaq əməllər törədənləri açıb buraxardı?! Belə çağırış etməyin özü beynəlxalq hüquqa tüpürməkdir, şərəfsizlikdir! Vaxtilə Türkiyəyə də təzyiqlər edilirdi, Öcalan başda olmaqla PKK-çıların azad edilməsi üçün davamlı çağırışlar olurdu. İndi də Azərbaycan...Bir paytaxtdan Ermənistana “həbs etdiyiniz azərbaycanlı iki əsgəri dərhal azad edin”, çağırışını eşitmədik, hansı ki, o əsgərlər Şahbuz istiqamətində yolu azıb Ermənistana keçmişdilər. Azərbaycan bu müddətdə dumana düşən nə qədər erməni hərbçini, mülkini azad edib, bircə dəfə beynəlxalq aləmdən təşəkkür eşitməmişik. Dünyanın hansı ölkəsində soyqırım cinayəti törədənləri qeyd-şərtsiz azad edirlər, bunu Makron Fransasından tutmuş, digərlərinə qədər desinlər, biz də oxşar addım ataq?!
Vaxt var idi hətta özümüzünkülər Qarabağdakı qətliamlarda birbaşa iştirak etmiş, qaniçən Zori Balayanın “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında “Xaçatur türk uşağını hissə-hissə doğradı”-yazmasına şübhə ilə yanaşırdılar, sanki belə bir şey ola bilməzdi. Hətta Serj Sərkisyanın etirafı da bir çoxlarının fikirlərini dəyişmədi.. Amma budur, Madat Babayan qətlə yetirdikləri dinc xocalıların kütləvi məzarlığını göstərir on illər sonra. Buna da inanmayacaqlar?! Xocalı və digər ərazilərimiz azad olunmamışdan öncə yazırdıq ki, o ərazilərdə çoxsaylı kütləvi məzarlıqlar var, torpaqlarımızın tam azadlığından sonra çox cinayət izləri aşkara çıxacaq. Azərbaycanın 4 minədək vətəndaşının taleyindən xəbər vermədi Ermənistan. Azərbaycana olmazın iftiralar yaxmağa çalışan paytaxtlardan da hansısa qınaq, çağırış olmadı...
Diqqət edin, ABŞ Dövlət Departamenti Lemkin İnstitutunun Ermənistan və Azərbaycanla bağlı narahatlığı ilə bağlı “Amerikanın Səsi”nin erməni xidmətinin sorğusuna cavab olaraq “Ermənistanın suverenliyi və ərazi bütövlüyünü QƏTİ ŞƏKİLDƏ (seçdirmə bizimdir-E.P.) dəstəklədiyini” bir daha bəyan edib.
Bu yerdə yada salaq ki, Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutu oktyabrın 31-də yaxın günlərdə və həftələrdə Azərbaycanın Ermənistana “təcavüzü” ehtimalından dərin narahatlığını bildirib və “qırmızı”casına şivən qoparıb.
ABŞ Dövlət Departamenti isə “Ermənistanın suverenliyi və ərazi bütövlüyünün hər hansı pozulmasının ciddi nəticələrə səbəb olacağını” vurğulayıb.
Sitat: “ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Biz vurğuladıq ki, bu suverenliyin və ərazi bütövlüyünün istənilən pozulması ciddi nəticələrə səbəb olacaq. Biz mütəmadi olaraq güc tətbiqinə qarşı xəbərdarlıq kimi gözləntilərimizi vurğulayırıq və vəziyyəti daim izləyirik. Ermənistan ABŞ-ın yaxın tərəfdaşı və dostudur və biz Ermənistanın siyasi və iqtisadi təhlükəsizliyini gücləndirmək üçün Ermənistan hakimiyyəti ilə işləməyi səbirsizliklə gözləyirik”. ABŞ Dövlət Departamentinin mövqeyinə baxın. Hansısa “bulaq başı” söhbətlərinə, küçə qadınlarının iftirasına bənzər iddiaya o qədər geniş mövqe bildirmək, üstəlik, davamlı şəkildə Ermənistanın ərazi bütövlüyünü QƏTİYYƏTLƏ dəstəkləmək...
Yaxşı, soruşmaq ayıb olmasın, bəs Azərbaycanın əraziləri 30 ildən artıq Ermənistanın işğalı altında olanda ABŞ DD niyə “Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edirik”-bəyanatını vermirdi? Desinlər də, bilək. Əksinə, BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü səsverməyə çıxarılanda digər iki həmsədr kimi, ABŞ da “bitərəf” qalmışdı. Məgər onda qətiyyətləri çatmamışdı? Bəs, Azərbaycanın öz ərazilərini işğalçılardan təmizlədiyi ilk illərdə, 1992-ci ilin bu vaxtlarında ölkəmizə qarşı 907-ci düzəliş, sanksiya sənədi nə idi? Onda qətiyyət fontan vururdu?!
Azərbaycan dövlət başçısı səviyyəsində bəyan edib ki, biz Zəngəzura tanklarla yox, avtomobillərlə gedəcəyik. Amma ABŞ dövlət katibi Entoni Blinken konqresmenlərlə görüşdə iddia etmişdi ki, guya Azərbaycan Ermənistanın cənubuna (Zəngəzura-M.) hücum edəcək. Düzdür, sonradan ABŞ-ın Azərbaycandakı səfirliyi təkzib yaydı. Amma təkzibdə yenə də Ermənistanın maraqları önə çıxdı, Azərbaycanın ərazi bütövlüyünün “qətiyyətlə” dəstəklənməsini görmədik.
Və...Budur, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuin Qafanda seyrangaha çıxır, Qarabağdan öz xoşu ilə köçən ermənilərlə görüşür, onların “dərd”inə şərik olur, amma Ağ Ev hələ də Azərbaycandakı səfirliyinə səfir yollamayıb. Necə olur ki, Bayden asministrasiyası İrəvandakı səfirliyinə dərhal səfir yollayır, amma Bakıdakı səfirlikdəki post 1 il 4 aydır boş qalıb?..
Xatırladaq: iyunun 13-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Mark Libbinin namizədliyi ilə bağlı dinləmələr keçirilib. Libbin “Mənim namizədliyim təsdiqlənərsə, söz verirəm ki, ABŞ-ın Azərbaycanda maraqlarını təmin etmək üçün bu Komitə və Konqresin bütün üzvləri ilə yaxından işləyəcəm”-deyib, amma hələ ki, onun namizədliyi ilə bağlı yekun qərar verilməyib...
Bu, həmin ABŞ-dır ki, indiyədək səfirini Şuşaya göndərməyib. Bu münasibətlə Xankəndi təklifindən də imtina edəcək?..
Elşad Paşasoy,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ