İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenkonun Tramp üçün önəmi - bir zəngin sirri

Fövqəlgüc dövlətin lideri Putinlə görüşdən az əvvəl məhz Belarus Prezidenti ilə danışdı - “Normand formatı” qayıdır?

Ötən həftə dünya siyasi arenasında maraqlı hadisələrdən biri ABŞ Prezidenti Donalda Trampın Rusiya Prezidenti Vladimir Putinlə Alyaskada görüşündən bir neçə saat öncə Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng etməsi, Putinin isə Alyaska görüşündən sonra Lukaşenkoya zəng etməsi oldu. Trampın Lukaşenko ilə telefon danışğında nələrin müzakirə edildiyi barədə geniş rəsmi informasiya verilməyib. Sadəcə, rəsmi məlumatda belə bir telefon danışığının Trampın zəngi nəticəsində reallaşdığı, Belarus Prezidentinin Trampı ailəsi ilə birlikdə Belarusa səfərə dəvət etdiyi, Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitinin müzakirə edildiyi deyilir. Bildirilib ki, tərəflər əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Telefon danışığının ardınca ABŞ Prezidenti sosial media hesabında Lukaşenko ilə telefon danışığı apardığını yazıb. O, telefon danışığını müsbət qiymətləndirib. Tramp qeyd edib ki, telefon zəngində məqsəd 16 məhbusu azadlığa buraxdığına görə Lukaşenkoya təşəkkür etmək olub. O, sosial şəbəkəsində Aleksandr Lukaşenkoya təşəkkür edərək, onu “qüdrətli lider” adlandırıb və 1300 nəfərin tezliklə azadlığa buraxılacağına ümid etdiyini bildirib. “Belarusa və onun qüdrətli liderinə təşəkkür edirəm. Ümid edirəm ki, 1300 nəfər də tezliklə azad olunacaq!”, - Tramp yazıb.

Qeyd edək ki, iyun ayında ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi, general Kelloqun Belarusa səfəri zamanı bir qrup siyasi məhbus, o cümlədən Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey azad edilib. Tramp bildirir ki, telefon danışığında daha 1300 məhbusun buraxılmasını müzakirə edib.

Rusiya Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenkonun telefon danışığında isə Rusiya mediasının məlumatına görə, Putin Alyaskada ABŞ Prezidenti Donald Trampla baş tutan sammitin nəticələrini Lukaşenkoya ətraflı izah edib. Liderlər regional vəziyyəti müzakirə ediblər və ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparıblar.

Bu hadisə hazırkı reallığı göstərir: Rusiyanın ən yaxın müttəfiqi, sirdaşı və Putinə ən yaxın şəxs Lukaşenkodur. MDB-yə daxil olan digər dövlətlər Moskvanın ekspansionist və aqressiv siyasətinə cavab olaraq Kremlə məsafə qoyublar. Amma görünən budur ki, Belarus rəhbərinin belə bir seçimi yoxdur və bu səbəbdən hələ də Putinin yanında qalır. Məhz buna görə də Putin mühüm görüşlərdən sonra ilk olaraq Lukaşenkoya zəng edir, onunla foto və videolar paylaşır və sammitlərin detallarını “sirdaşı” kimi məhz onunla müzakirə edir. Alyaska sammitindən sonrakı telefon danışığı da bunun bariz nümunəsi oldu.

 Azad Məsiyev

Politoloq Azad Məsiyev “Yeni Müsavat”a şərhində bildirdi ki, dünyanın iki super dövlətinin maraqları onlarla yaxın əlaqələrdə olan ölkələrdə də toqquşur: “Ona görə də hər iki dövlət öz rəqibinin yanında olan dövlətlərin sayını mümkün qədər minimuma endirmək üçün addımlar atır. Trampın Amerikanın illər uzunu diktator adlandırdığı Lukaşenkoya zəng etməsi, danışıqlardan sonra isə sosial şəbəkədə Lukaşenkonu qüdrətli lider adlandırması da bu siyasətdən irəli gəlir. Eyni zamanda Tramp Putinlə görüşdən öncə Putinin ən yaxın müttəfiqi olan Belarusun prezidentinin müzakirə olunacaq məsələlərə münasibətini şəxsən dinləmək və öyrənmək məqsədi güdə bilərdi. Çünki bu məsələ Trampa Putinlə danışıqlarda lazım olacaqdı. ABŞ lideri Rusiya lideri ilə görüşə öz müttəfiqləri ilə yanaşı Putinin də müttəfiqi ilə danışaraq getmək taktikasını seçdi. Məqsəd görüşə əlini daha da gücləndirərək getmək idi. Siyasi məhbuslarla bağlı məsələyə görə zəng etmədiyi şübhəsizdir. Siyasi məhbus məsələsi ola bilsin telefon danışığı zamanı, sadəcə, bir epizod olub. ABŞ Rusiyanı tamamilə müttəfiqsiz qoymağa çalışır”.

O ki qaldı Vladimir Putinin Trampla görüşdən sonra Aleksandr Lukaşenkoya zəng etməsinə, ekspert hesab edir ki, burada qeyri-adi bir məsələ yoxdur: “Rusiya Prezidenti öz müttəfiqinin Alyaska danışıqlarının necə keçdiyi barədə məlumatları birbaşa müttəfiq kimi onun dilindən dinləmək arzusunda olduğunu bilməmiş deyildi. Ona görə də Lukaşenkoya zəng edib şəxsən məlumatlandırıb. Müttəfiqliyin, belə demək mümkündürsə, tələblərinə uyğun addım atılıb. Bu, diplomatik normadır. Ola bilsin ki, bu zəng zamanı Lukaşenko da Trampla telefon danışığı barədə Putini bilgiləndirib”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR