İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ludoqorets”in “yeddisi çıxdı” - “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin qapısını döydü

Qürurumuz “Qarabağ” futbol klubu avqustun 13-ü gecəsi futbolseverlərə adından söz etdirməyi növbəti dəfə bacardı. Azərbaycanın əfsanəvi baş məşqçisi Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda bir həftə əvvəl 2-1 hesabı ilə məğlub olduğu Bolqarıstan çempionu “Ludoqorets”in sözün əsl mənasında “daşını daş üstündə qoymadı”.

Bolqar təmsilçisinin qapısından 7 qol keçirən Ağdam təmsilçisi 3-cü dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşmək üçün pley-off-a yüksəldi. Burada rəqibimiz Xorvatiya çempionu "Dinamo" (Zaqreb) kollektividir.  "Köhlən atlar" ilk görüşü avqustun 20-də səfərdə, cavab matçını isə 28-də evdə keçirəcək.

Məlumat üçün bildirək ki, Xorvatiya təmsilçisini keçməsə belə klubumuz Avropa Liqasının qrup mərhələsində yoluna davam edəcək. Bununla da “Qarabağ” ardıcıl 11-ci  dəfə avrokuboklarda qruplarda mübarizə aparacaq ki, bu da Azərbaycan futbolu üçün sözlərlə ifadə edilməsi çətin olan çox böyük bir uğurdur.

Artıq kəs, dünya Qurban Qurbanov və onun “Qarabağ”ından danışır.

“Azarkeşlərimizi, Azərbaycanımızı təbrik edirəm. Qalibiyyət öz yerində, amma ümumən bu cür oyunlar futbolçularımızı böyüdür, klub olaraq böyüyürük, daha xarakterli oluruq. Futbol daha da sevilir. Əsas da azarkeşlərdə adrenalin görəndə buna şad oluram. Bu gün sanki bir triller idi. Bu, mənim “Qarabağ”ım idi, Azərbaycanın “Qarabağ”ı idi”. 

Q.Qurbanov oyundan sonrakı mətbuat konfrasında belə deyib. Əfsanəmiz Çempionlar Liqasının pley-offunda qarşılaşacaqları Zaqreb “Dinamo”su haqda geniş məlumata malik olmadığını söyləyib:

“Çünki bütün fikrimiz bu matçda idi. Məlum məsələdir ki, rəqib çox böyük təcrübəyə malikdir. Onları yaxından tanımaq üçün vaxtımız olacaq. Mərhələ keçdikcə daha ciddi, daha təcrübəli, daha dinamik, daha güclü rəqiblə üz-üzə gəlirsən. Buna hazır olmalıyıq. Bu oyunun sevincini tez bir zamanda klub olaraq yaddan çıxartmalıyıq. Qarşıdakı günlərdə matça hazır olmalıyıq. Pley-off təcrübəmiz var. Artıq üçüncü dəfədir bu mərhələyə yüksəlirik”. 

“Qarabağ”ın çalışdırıcısı qeyd edib ki, hazırkı kollektivin ÇL-in qrup mərhələsində oynamasını istəyir: “Zədəlilərimiz bizə problem yaşada bilər. Belə matçlarda rotasiya etmək çox vacibdir. İnanıram ki, futbolçularım “Dinamo” ilə matça kimi hazır olacaqlar. Çox istərdim bu kollektiv ÇL-in qrupunda oynasın. Çünki çox əziyyət çəkən kollektivdir. Azarkeşlərimiz də qrup mərhələsini arzulayır. Amma bura qədər də böyük iş görmüşük. Əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək. Onlar hər zaman bizə inanıblar, güvəniblər. Soyuq başla hazırlaşmalıyıq. Rəqibi daha yaxşı analiz etməliyik. Qarşımızda böyük futbol ölkəsinin təmsilçisi var”.   

Türkiyəli məşqçi Naci Şensoya Ağdam təmsilçisini Türkiyə klublarına nümunə göstərib: "Qarabağ" son 11 ildə avrokuboklarda öz damğasını vurur. Çünki bizim üst səviyyəli klublardan fərqli olaraq "ununu ələmiş, ələyini asmış" transferlər əvəzinə məşhur olmayan, dinamik və məhsuldar oyunçulara üstünlük verir".

N.Şensoy "Qarabağ"ın avrokuboklardakı bu qələbələrinin həm də siyasi uğur olduğunu bildirib: "Bəli Qarabağ torpaqları qanla alındı. Buna görə bütün şəhidlərə rəhmət diləyirəm, amma unutmaq olmaz ki, "Qarabağ" futbol klubu da yaşıl meydanlarda qeyri-adi təbliğatı ilə Qarabağın Azərbaycanın olduğunu bütün dünyanın, o cümlədən avropalıların şüuruna həkk etdi".

VI çağırış Milli Məclisin deputatı Aqil Abbas isə “Qarabağ”ın növbəti tarixi uğurunu bu cür xoş sözlərlə qiymətləndirib: “Qarabağ" Çempionlar Liqasının üçüncü təsnifat turunda Bakıda uduzmağına baxmayaraq, Bolqarıstanda "Ludoqorets" komandası ilə Qarabağın ayğırları kimi döyüşdülər. Son nəfəsədək çarpışdılar və möcüzə göstərdilər. Rəqib komandanın qapısına onun öz meydançasında 7 top vurdular. 

7-ci top vurulanda şərhçimiz çox gözəl bir söz dedi:

- Yeddi oldular, bəy!

Qurban Qurbanov həm oyunun əvvəlində uduzanda, həm də sonra dönüş yaradıb qələbə qolları vurulanda yenə həmişəki kimi özünü təmkinli aparırdı. 

Qurban Hoca bir məktəbdir. Bu məktəbin nə sirri varsa, bircə özü bilir. Onun məktəbində ən zəif oyunçusu da qısa bir müddətdə ulduza çevrilir. Bu məktəbi atıb gedənlər başqa komandalarda oyun göstərə bilmirlər və getmələrinə də peşman olurlar. Çünki həmin komandaların müəllimləri Qurban hoca ola bilməzlər. 

Hocamızı ürəkdən təbrik edirəm, eləcə də bütün yetirmələrini.

Eyni zamanda klubun prezidenti Tahir Gözəli və direktoru Emrah Çelikeli də təbrik edirəm. 

Tanrı "Qarabağ"ımızı qorusun! Tanrı Qurban Qurbanovu qorusun! 

Tanrı həmişə yar və yardımçıları olsun”.

Tanınmış idman mütəxəssisi Kənan Məstəliyev “Yeni Müsavat”a oyun barədə təəssüratlarını bölüşdü:

kenan.jpg (48 KB)

“Hələ də hesabı inandırıcı gəlməyən bu matç hələ uzun illər xatırlanacaq, təmsilçilərimizin avrokuboklardakı ən böyük qələbələri sırasına daxil olacaq. “Qarabağ” bu qarşılaşmada daha da böyüdüyünü, bir Avropa klubu olduğunu sübut edə, təsdiqləyə bildi. Böyük qələbə idi. Ancaq “bu qələbəni komandanın əsas yox, ikinci heyəti gətirdi” deyə bilirik və bunun özü belə “Qarabağ” üçün kompliment sayılmalıdır. Çünki böyük komandalar həm də ehtiyat oyunçular skamyası ilə fərqlənə bilirlər. Qurban Qurbanov bu mənada növbəti master-klassını nümayiş etdirdi. Veşoviç və Yankoviçin zədələnərək meydanı tərk etməsi şərdən doğan xeyir oldu. Heç biri lazımi performansı nümayiş etdirə bilmirdi, yorğun idilər, zədə almalarının səbəbi də ilk növbədə bu idi. Onların yerinə çıxan Mateus və Partik isə əla oynadılar. Xüsusilə Andrade möhtəşəm idi. Məhz bu məqamda həm adıçəkilən iki nəfər, həm də sonradan oyuna girən Toral, Cica və Nərimanın oyuna az qala oyundaymış kimi qoşulması, uyğunlaşma dövrünə vaxt sərf etməməsi haqda danışmaq lazımdı. Qurban Qurbanov əsas heyəti avrokubokda, “Ludoqorets”i məğlub edən “ikinci heyəti” Premyer Liqada oynatmaqla 22 nəfəri həm tonusda saxlaya, həm də oyun təcrübəsi qazandıra bilmişdi. Bir növ hər müharibədə lazım olan “arxa cəbhə” formalaşdırılmış, gücləndirilmişdi. Bolqarlarda bu yox idi. Heyətləri bizimkindən geniş idi, ancaq sonradan meydana çıxanların faydalı iş əmsalının sıfıra yaxın olmasını gördük, bunu da həmin balansın olmaması ilə izah etmək olar. Bəlkə də “Ludoqorest” də çempionat oyunlarını təxirə salmasa, ehtiyat qüvvəyə oyun şansı versəydi, 120 dəqiqə çəkən bu marafonda futbolçulardan daha çox xeyir götürərdilər.

 “Qarabağ” layiqli qələbə qazandı və yoluna tam sürətlə davam edir. Zədəlilərin durumundan hələ xəbərsizik. Ümid edək ki, Bolqarıstandakı qələbə “Pirr qələbəsi” olmayacaq və növbəti qarşılaşmada təmsilçimiz Zaqrebdə tam gücü ilə oynaya biləcək. Çünki xorvatlar artıq anti yox, normal futbol oynayacaqlar. Belə olan halda isə, həm Markolara, həm də digərlərinə ehtiyacımız olacaq. “Dinamo” güclü rəqibdir, böyük avrokubok təcrübəsi var, dəfələrlə ÇL-in qrup mərhələsində oynayıblar, heyətlərində yüksək səviyyəli yetərincə oyunçu var. Onları ciddiyə almaq, çox çalışmaq lazımdır. İlk oyunun səfərdə olması əslində yaxşı olmadı, çünki evdə nələrə qadir olduqlarını görüb, səhvləri tapıb cavab matçında düzəldə bilərdik. Digər tərəfdən, səfərdə sərfəli nəticə qazanaraq evdəki cavab matçında öz azarkeşlərimiz qarşısında daha bir tarixi nəticəyə imza atmaq olar. İnanıram ki, belə də olacaq. “Qarabağ” bu il ÇL-in qrupunda oynamağa layiq olduğunu sübut edib”.  

“Qarabağ” superqələbə ilə tarixində üçüncü dəfə Çempionlar Liqasında pley-off-a vəsiqə qazandı.

Maraqlıdır, Qurban Qurbanov etdiyi 3 məcburi, 2 digər əvəzetməsi komandanın bütün oyununu tamam dəyişdi.

Mateus Silva əvəzlədiyi Veşoviçin yoxluğunu hiss etdirmədi. Patrik birinci hissədə orta xətdə yaradıcı oyunda yaranmış problemi aradan qaldırdı, 2 vacib qol vurdu. Toral əlavə vaxtda gözəl qola imza atdı.

Redon Cica da əlavə vaxtda mühüm qol vurdu. Gənc Nəriman da fəallığı ilə seçildi.

Bütün komanda isə fiziki cəhətdən əla idi. “Ludoqorets” kimi ağır və qapalı komandaya səfərdə 7:2 hesabı ilə qalib gəlmək, 7 qoldan 4-nü əlavə vaxtda vurmaq tarixi qələbədir.

Bravo!

Amma qələbə var deyə, müdafiənin mərkəzindəki boşluqları da unutmamalıyıq”.

“Qarabağ” indi artıq ən pis halda Avroliqanın Liqa mərhələsindədir. Amma bu oyun və əzmkarlıqla ÇL-də çox uzaq olmamalıdır.

Qol.az saytının baş redaktoru Aydın Bağırov “Qarabağ” barədə futbolsevərlərin diqqətini çəkəcək həm araşdırma yazısı hazırlayıb, həm də oyunçuları bir-bir dəyərləndirib: “Görəsən, indiyədək avrokuboklarda elə bir komanda olubmu ki, əlavə təyin olunan 30 dəqiqə ərzində rəqibin qapısından düz 4 top keçirsin.

Bəlkə də olub, indi isti başla bunu xatırlamaq çətindir. Amma olubsa belə, fakt dəyişmir. “Qarabağ”ın sarsılmaz iradəsini, qələbə əzmini, heyrətamiz psixoloji və fiziki gücünü görüb, təəccüblənməyə bilmirsən. 

Qurban Qurbanova, onun məşqçi korpusunun hər bir üzvünə alqış düşür ki, “Ludoqorets” kimi axmaq, zəhlətökən oyun tərzi olan narahat bir komandaya qarşı səfər matçına futbolçuları tam hazırlaya bilmişdi.

Bir fikri yadıma düşür Qurbanovun. “Oyunda ən xoşlamadığım şey əvəzetmələrdir” demişdi. 

Tərslikdən Bolqarıstandakı Çempionlar Liqasının 3-cü raundunun bu həlledici cavab oyununda o, 3 məcburi dəyişikliyə əl atmalı oldu.

Amma Mateus Silva Veşoviçi layiqincə əvəzlədi, matçın ən yaxşılarından birinə çevrildi.

Patrik Andrade komandasının Yankoviç zədələnənə qədər orta xətdə yaradıcı oyun planındakı problemi aradan qaldırdı. Üstəgəl özü də 2 qol vurdu.

Ümid, inam yaranmağa başlayır. Əvvəlki Patrik qayıdırmı görəsən?

Elvinin yerinə oyuna daxil olan Toral o möhtəşəm qolu ilə komandasını parlaq qələbəyə daha da yaxınlaşdırdı.

Sonradan oyuna daxil olan Cica qol vurdu, sevincini də öncə baş məşqçisi ilə bölüşdü. Onda mənə elə gəldi ki, bu, elə bil vəfa borcu idi. Cica Qurban Qurbanova sanki sağ ol deyirdi ki, mənə etimadını hələ itirməmisən. 

Gənc Nəriman Axundzadə… 

Fəallığı ilə seçilməsi bir yana, demək olar, sonuncu qolu da özü yaratdı, gözəl ötürmə etdi. 

Və 7:2 hesablı qələbə.

Zubir, Benzia, Romao. 120 dəqiqə dayanmaq bilməyən “generatorlar”… 

Benzia yaxşı formadadır. Bir daha özünü təsdiq etdi: 2 qol və 1 qol ötürməsi.

Juninyo isə artıq ÇL-də təsnifat mərhələsinin ən çox qol vuran (6) oyunçusudur.

Müdafiənin mərkəzi də üzərinə düşən işin öhdəsindən ümumən yaxşı gəldi. Amma “Ludoqorets”lə hər iki matçdakı ciddi boşluqlar (hansı ki, qapımıza qolların vurulması ilə nəticələndi) da vurğulanmalıdır. Qarşıda daha çətin rəqiblər var və onlarla matçda ols bilsin, artıq bəxt də adamın üzünə gülməsin.

İndi isə hələlik müvəqqəti qələbə eyforiyası günləridir. O da uzağı gələn həftəyə qədər aradan qalxar. Axı, “Dinamo” Zaqreblə Çempionlar Liqasının pley-off mərhələsinin oyunları gəlir. 

Necə də gözəl səslənir. Çempionlar Liqasının “pley-off”u. Bu möhtəşəm yarışın şah əsəri olan himni canlı dinləmək.

Sonra?.. 

Daha bir uğurmu?..

ÇL-in Liqa mərhələsimi?...

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR