İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonda yaşayan azərbaycanlı skripkaçı: Xarici tamaşaçılar bizim musiqiyə böyük maraq göstərirlər

Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı və Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu Ceyla Seyidova artıq bir ildir ki, Britaniyada yaşayır və musiqi karyerasını burada davam etdirir.

Ceyla Seyidova Londondakı karyerası, gördüyü işlər və COP29-un açılış mərasimində çıxışı barədə AZƏRTAC-ın London bürosuna müsahibə verib.

Ceyla Seyidova musiqiçi ailəsində dünyaya gəlib və uşaqlıqdan musiqi ilə əhatə olunub: “Anam həmişə istəyirdi ki, mən pianoçu olum. Mənim qardaşım da skripka ifaçısıdır. Skripkanın səsi mənim ürəyimə daha yaxın idi və mən həmişə deyirdim ki, skripkada ifa etmək istəyirəm. 6 yaşımda Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil oldum. Məktəbdə Prezident təqaüdçülərinin şəkillərini gördüm. Özümə söz verdim ki, onların arasında olacağam. İlk çıxışım 7 yaşımda Azərbaycan Dövlət Filarmoniyasında oldu və o andan səhnəni sevdiyimi anladım”.

O, 9 yaşında İtaliyada keçirilən beynəlxalq müsabiqədə qalib olub. Bu gün Londonda fəaliyyət göstərən sənətçi müxtəlif layihələrdə iştirak edir və solo konsert proqramları ilə çıxış edir. Ceyla Seyidova qeyd edir ki, Britaniya klassik musiqinin beşiyidir və burada çıxış etmək böyük məsuliyyətdir: “Londonda özünü tanıtmaq asan deyil, burada çox sayda istedadlı ifaçı var. Bu rəqabət mühitində Azərbaycan musiqisini tanıtmaq üçün üzərimdə çox çalışıram”, - deyə o bildirib.

Müsahibimiz Azərbaycanın zəngin musiqi irsini dünyada tanıtmağı öz missiyası hesab edir: “Azərbaycan bəstəkarlarının əsərləri çox zəngindir. Xarici tamaşaçılar bizim musiqiyə böyük maraq göstərirlər. Mənə yaxınlaşıb bu əsərlərin fərqli ritmlərinin və melodiyalarının onlara necə təsir etdiyini deyirlər. Hətta bəzi tamaşaçılar məndən notları da istəyirlər. Belə məqamlarda çox xoşbəxt oluram, çünki musiqimizin sevilməsi mənim üçün böyük qürurdur”.

Skripkaçı, həmçinin il ərzində Fransada və Niderlandda konsert proqramları ilə çıxış edib, Londonda müxtəlif tədbirlərdə və muzeylərdə Azərbaycan musiqisini təbliğ edib. Ötən il Azərbaycanın Londondakı səfirliyində də onun konserti təşkil olunub.

Ceyla Seyidovanın çıxışlarından biri də bu yaxınlarda böyük beynəlxalq tədbir olan COP29-un Liderlər Sammitinin açılış mərasimində baş tutub. O, dünya liderlərinin qarşısında Azərbaycan musiqisini ifa edib: “Bu, mənim üçün həm böyük məsuliyyət, həm də qürur anı idi. Azərbaycanın musiqisini belə nüfuzlu səhnədə təqdim etmək mənim üçün xüsusi əhəmiyyət daşıyır”.

Sonda sənətçi gənc musiqiçilərlə bağlı tövsiyələrini bölüşüb: “Uğur qazanmaq üçün insan öz üzərində çox çalışmalı və peşəsini sevərək seçməlidir. Xaricdə təhsil alan və çalışan gənclərə uğurlar arzulayıram. İnanıram ki, onlar Azərbaycanı layiqincə təmsil edəcək və bayrağımızı hər zaman uca tutacaqlar”.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR