Onlayn ictimai-siyasi qəzet
Hüquqşünas deyir ki, lombard fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi icazənin tələb edilməsi qanunvericiliklə birbaşa tənzimlənməyib
Paytaxtda lombardların sayı son illərdə əhəmiyyətli dərəcədə artıb. Lombardların sayının artmasının əsas səbəblərindən biri kimi bankların kredit siyasətindəki sərtləşmələri göstərilir. Bankların istehlak kreditləşməsini məhdudlaşdırması və tələbləri sərtləşdirməsi nəticəsində vətəndaşlar alternativ maliyyə mənbəyi kimi lombardlara müraciət etməyə başlayıb.
Bununla yanaşı, lombardların fəaliyyətinin tənzimlənməsi məsələsi də gündəmdədir. Ekspetlərin fikrincə, əgər lombard fəaliyyətinin lisenziyalaşdırılması həyata keçirilsə, bu bazar iştirakçılarının 90%-i bağlanacaq.
Ümumiyyətlə, Bakıda lombardların sayının artması vətəndaşların maliyyə uehtiyaclarını qarşılamaq üçün alternativ yollar axtarması ilə əlaqələndirilir. Lakin bu sahədə tənzimləmə və nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir ki, vətəndaşların hüquqları qorunsun və maliyyə bazarında şəffaflıq təmin edilsin.
Bəs bu qədər lombardın fəaliyyət göstərməsi hüquqi baxımdan doğrudurmu? Gələcəkdə nə kimi problemlər yarana bilər?
Hüquqşünas Aqşin Atalızadə mövzu ilə bağlı Musavat.com-a deyib ki, hazırda bu məsələ mübahisə obyektidir:"Azərbaycan Respublikasının qanunvericiliyində lombard fəaliyyətinin lisenziyalaşdırılması məsələsinə müxtəlif dövrlərdə fərqli yanaşma mövcud olub. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 1998-ci il tarixli, 89 nömrəli qərarı ilə "Lombard fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları” təsdiq edilmiş və bu fəaliyyət həmin qaydalar əsasında lisenziyalaşdırılıb. Lakin həmin qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 173 nömrəli qərarı ilə qüvədən düşüb. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı”nda lombard fəaliyyətinə “toxunulmayıb”.
Hazırda Mülki Məcəllədə də əşyanın lombardda girovu girovun bir növü hesab edilir və qeyd edilir ki, şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar – lombardlar həyata keçirə bilərlər. Lakin lisenziyalar barədə qanunvericilikdə lombard fəaliyyətinin birbaşa lisenziyalaşdırılmasına dair müddəa təsbit edilməyib. Dövlət rüsumuna dair qanunvericilikdə də bu faəliyyətin lisenziyalaşdıılmasına dair dövlət rüsumunun məbləği nəzərdə tutulmur.
Göstərilənlərdən belə nəticə çıxır ki, hazırda lombard fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi icazənin (lisenziyanın) tələb edilməsi məsələsi qanunvericiliklə birbaşa tənzimlənməyib. Təcrübədə də ayrı-ayrı fiziki və ya hüquqi şəxslər hər hansı lisenziya (icazə) almadan sərbəst şəkildə bu fəaliyyətlə məşğul olurlar.
Bir neçə il əvvəl bu sahədə tənzimləyici qurum olan Maliyyə Bazarlarına Nəzarət Palatası lombard fəaliyyətinin yenidən lisenziyalaşdırılması istiqamətində ilkin təşəbbüs göstərsə də, Palatanın ləğvi bu təşəbbüsü yarımçıq qoymuşdu. Hazırda bu məsələ maliyyə bazarlarını tənzimləyən qurum kimi Mərkəzi Bankın səlahiyyətindədir və həmin qurum tərəfindən bu istiqamətdə iş aparılmaqdadır".
Afaq Mirayiq,
Musavat.com
30 Mart 2025
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ