Onlayn ictimai-siyasi qəzet
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin təqvim planına uyğun olaraq, növbəti “Açıq mikrofon” aksiyası Lənkəran şəhərində keçirilib.
Musavat.com xəbər verir ki, aksiyada 16 sakin iştirak edib.
Qazlaşma, sonradan ödənişli qaz sayğacının əvvəlcədən ödənişli sayğacla əvəzlənməsi, qaz xəttinin eləcə də qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı vətəndaşlar tərəfindən qaldırılan məsələlər Lənkəran RQİİ-nin rəhbərliyi tərəfindən cavablandırılıb, icrası qısa müddətdə mümkün olan müraciətlərin həllinə dair yerindəcə tapşırıq verilib.
Vətən müharibəsi qazisi, ehtiyatda olan zabit Emil Bəqiyev bu kimi aksiyaların təşkilinə görə Birliyin baş direktoruna öz təşəkkürünü bildirərək səhhəti ilə bağlı müvəqqəti yaşadığı Lənkəran rayonu Daşdatürk kəndi ərazisində onun üçün ayrılmış yaşayış sahəsinin qazlaşdırılmasını xahiş edib.
Digər Vətən müharibəsi qazisi Aqil Nuriyev istehlak etdiyi təbii qaza görə debitor borcun hissə-hissə ödənişinə şərait yaradılması üçün mənzilinə smart-kart tipli qaz sayğacının quraşdırılmasını xahiş edib.
Aksiyaya üz tutan Digah qəsəbə sakinləri yaşadıqları yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı müraciət ediblər. Daxil olan hər bir müraciət qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib.
10 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ