İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov-Kələntəryanın 20 illik vəzifə sirri

Putinin yeni prezidentlik dönəmində də Rusiyanın baş diplomatı işini davam etdirəcək; uzun illər anti-Azərbaycan qüvvələrin arxasında Lavrovun dayandığı haqda iddialar vardı; Tofiq Zülfüqarov: “Onun yerində başqası da olsaydı...”

Prezident Vladimir Putin hökumətdə bəzi dəyişikliklər etsə də, Sergey Lavrovu yenidən Rusiyanın xarici işlər naziri postunda saxlamağa qərar verdi. Lavrov səbəb olmasa, daha 7 il Rusiyanın baş diplomatı kimi fəaliyyətini davam etdirəcək. 

Lavrov 21 mart 1950-ci ildə Moskvada anadan olub və 2004-cü ildə Rusiyanın xarici işlər naziri vəzifəsində çalışmağa başlayıb. Atası Tiflisdə doğulmuş ermənidir (Kələntəryan). İngilis və fransız  dillərini mükəmməl bilir. 1972-ci ildə Moskva Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1972-ci ildə SSRİ-nin Şri-Lanka səfirliyində işləməyə başlayıb. 1976-1981-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar şöbəsində işləyib. 1981-1988-ci illərdə SSRİ-nin BMT yanında Daimi Nümayəndəliyinin 1-ci katibi vəzifəsində çalışıb. 1988-1990-cı illərdə SSRİ Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi əlaqələr idarəsinin rəis müavini vəzifəsində çalışıb. 1990-1992-ci illərdə Rusiya Xarici İşlər Nazirliyinin qlobal problemlər və beynəlxalq təşkilatlar şöbəsinin müdiri vəzifəsində çalışıb. 1992-1994-cü illərdə Rusiya xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. O, 1994-2004-cü illərdə Rusiyanın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb. Nəhayət, 2004-cü ildə Rusiyanın xarici işlər naziri təyin edilib. 21 may 2012-ci ildə Dmitri Medvedyev tərəfindən yenidən eyni vəzifəyə təyin edilib. 

Qərarların qəbulunda böyük rolu olmadığı düşünülsə də, Rusiyanın tezislərini dünyaya məhz o təqdim edir. Lavrovun bu vəzifədə belə uzun müddət qalması Putinin köhnə kadrlara olduqca çox güvəndiyinin daha bir sübutudur. Uzun illər Lavrova Azərbaycanda münasibət birmənalı olmayıb. Hətta Rusiyadakı anti-Azərbaycan qüvvələrinin arxasında Lavrovun dayandığı haqda iddialar da vardı. Rusiya ermənilərə pulsuz olaraq çox böyük məbləğdə KTMT adı altında modern silahların ötürülməsinin bilavasitə xarici işlər naziri Sergey Lavrovun - Kələntəryanın dəstəyi ilə həyata keçirildiyi deyilirdi. Lavrov açıq-aşkar öz milli mənşəyi ilə fəxrlə danışır, atasının Kələntəryan soyadını daşıdığını qürurla dilə gətirirdi. 

2020-ci ildə Azərbaycanın qələbəsi ilə bitən müharibədən sonra Lavrovun da üslubunda dəyişikliklər baş verdi. İndi Lavrov Ermənistanla hədə dilində danışmağa üstünlük verir ki, bu da erməniləri bərk qıcıqlandırır. Putin müdafiə naziri və Təhlükəsizlik Şurası postlarında dəyişikliklərə getsə də, xarici siyasət bankında Lavrova üstünlük verdi. Bu, sırf onun təcrübəsi və güvən qazanması ilə bağlıdır, yoxsa bilmədiyimiz başqa səbəblər var?

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Sabiq naziri işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a qeyd etdi ki, hazırda Rusiyanın xarici siyasəti iflic vəziyyətindədir və ölkə izolyasiya edilib: “Hətta bolşevik inqilabından sonra belə təcrid yox idi. Əgər xarici işlər nazirindən bacarıq olsa belə, yenə də Rusiya tam izolyasiya edilib. Bu gün müharibəyə görə Qərb ölkələri, o cümlədən Çin və Hindistan da Moskvanı tənqid edir. Ona görə indiki şəraitdə diplomatın bacarığından, peşəkarlığından danışmaq yersizdir. Onun yerində başqası da olsaydı, heç nəyi dəyişə bilməyəcəkdi. Bu, şəxsiyyətdən, bilikdən asılı deyil. Hazırda Rusiya elə izolyasiya olunub ki, xarici işlər nazirinin professionallığı üçüncü dərəcəli məsələdir”. T.Zülfüqarov qeyd etdi ki, bəlkə XİN başçısı postunda yeni sima olsaydı, canlanma yarana bilərdi: “Amma Rusiya prezidentinin seçimi belə olub. Hər halda, Rusiya üçün böhranlı vəziyyətdir. İqtisadiyyatından tutmuş digər sahələrə qədər krizis şəraitindədir. Rusiya böhrandan çıxmasa, inkişaf olmayacaq”. 

Qabil Hüseynli: “Qərbi Azərbaycanda ən azı 6 dəfə deportasiya, soyqırım  törədilib”

Qabil Hüseynli

Professor Qabil Hüseynli Lavrovu təcrübəli diplomat hesab edir. Onun sözlərinə görə, Putin təkcə onu vəzifədə saxlamadı, demək olar ki, kabinetdə xüsusi dəyişikliyə getmədi. Bununla belə, Q.Hüseynlinin fikrincə, Rusiyanın xarici siyasəti “donub”. Bunu Ukrayna müharibəsi ilə əlaqələndirən politoloq xatırlayır ki, vaxtilə XİN başçısı beynəlxalq platformalarda çıxışlar edirdi, indi isə Rusiya izqoy vəziyyətə salınıb: “Sanksiyalar səbəbindən Rusiyanın xarici siyasəti Avropadan qopub. İndi Lavrov Afrika ölkələrinə, Şərq dövlətlərinə səfərlər edə bilir. Ona görə Moskvanın xarici siyasətində Qərb qütbü yoxdur. Bu da uzun müddət belə davam edəcək. Rusiyanın xarici siyasətinin çoxşaxəli olması üçün sanksiyalar ləğv olunmalıdır. Rusiya isə diplomatiyada müdafiə strategiyasına keçib və bəzi ölkələrin dəstəyi ilə sanksiyalardan yayınmağa çalışır. Buna xarici siyasət demək olarsa, o zaman Rusiyanın yeni xarici siyasəti adlana bilər”. 

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, Putin komandasına etibar edir və bu heyətlə Qərblə “soyuq müharibə”ni davam etdirməkdə israrlıdır. Onun dediyinə görə, Lavrov etibarlı fiqurdur və son 20 ildə sabit bir diplomat kimi fərqlənib: “Amma Rusiya özünə qapanır və müttəfiq olduğu ölkələrdən güc almağa çalışır. Halbuki Rusiyanın ən böyük bazarı Avropa idi. İndi də rus enerji məhsulları Qərb bazarlarına gedir, amma əvvəlki həcmdə deyil. Kömür, qızıl sata bilmir, qaz alışı azaldılıb. Məncə, Lavrov istəməzdi ki, ölkəsi belə situasiya ilə üzləşsin. Düzdür, Rusiyanın Türkiyə, Çin, Hindistan, ərəb ölkələri, Afrika qitəsinə çıxışları var. Yəni Qərbə qapıları bağlansa da, Şərqə açıqdır. Ona görə sanksiyalara dözüm immuniteti var. Lavrov isə diplomatdır və peşəkar siyasətçilər belə şəraitlə qane olmurlar. O, xarici işlər naziri kimi daha qlobal, çoxvektorlu bir siyasi kurs tərəfdarıdır”. Lavrovun Azərbaycana münasibətinə toxunan siyasi şərhçinin sözlərinə görə, Rusiya XİN başçısı tez-tez ermənilərə muxtariyyətdən danışırdı, Qarabağın “statusu”nu gündəmə gətirirdi, bir zamanlar “Lavrov planı” hazırlanmışdı, amma reallıqlarla barışmaq məcburiyyətində qaldı: “Bizim üçün təzadlı açıqlamaları ilə yadda qalan diplomatdır. Amma indi Qarabağla bağlı deyəcəyi nəsə qalmayıb və yalnız ikitərəfli əlaqələrin inkişafını müzakirə edə bilərik”. 

Emil SALAMOĞLU 
“Yeni Müsavat” 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR