İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın şəhərinin nəzarətimizə keçməsinin qazandıracağı üstünlüklər

Hərbi ekspert: “Təhvilvermə mərhələsində düşmən təxribatlar həyata keçirərsə, yenə layiqli cavabları veriləcək”

Azərbaycanın “Qisas” əməliyyatı ermənilərə növbəti dərs oldu. “Dəmir yumruq” yenidən işə düşdü və separatçılara Laçın şəhərini boşaltmaq üçün vaxt verildi. Ermənilər bildirir ki, artıq Laçın şəhərini və Zabux kəndini boşaltmaqla bağlı Xankəndindəki qondarma rejimin rəhbəri Araik Arutyunyan göstəriş verib.

AzadlıqRadiosunun erməni redaksiyasının boşaldılması nəzərdə tutulan Zabux kəndindən yaydığı reportajdan da görünür ki, ermənilər Laçından, eləcə də Laçın dəhlizi boyunca yerləşən yaşayış məntəqələrindən çıxmağa başlayıblar.

Məsələnin məğzi, hüquqi tərəfi ondan ibarətdir ki, işğala qədər Laçında erməni yaşamayıb. Ermənilər Laçına işğal dövründə köçürülüblər. Onların bir çoxu xaricdən - Livandan, Suriyadan və s. ölkələrdən köç ediblər.

İndi həmin ermənilər Qarabağdakı qondarma rejimə qarşı üsyana çıxıblar. Arayik Arutyunyanı axtaran Zabux sakinləri talelərinin necə olacağına dair ona kəskin suallar vermək niyyətindədir. Onlar AzadlıqRadiosuna deyiblər ki, buralardan köçürüləcəklərini onsuz da bilirlər. Lakin haraya gedəcəklər, onlara ev-eşik veriləcəkmi, iş yerləri olacaqmı, bunu hələ bilmirlər. İşğalçılığın sonu budur!

Laçın dəhlizinin və rayon mərkəzinin Azərbaycanın nəzarətinə keçməsi mərhələ xarakterli prosesdir. Azərbaycan bu günü 30 ildən artıqdır ki, gözləyirdi. İndi bunun baş verməsi və erməni sakinlərin köçməsi ilə yanaşı, Rusiya sülhməramlılarının da dislokasiya yerlərini dəyişdirməsi prosesi paralel gedəcək. Bütün bunlar Qarabağda ermənilər yaşayan ərazilərin daha da məhdudlaşmasına, Laçın dəhlizinin Şuşa döngəsinin tam olaraq, Azərbaycanın nəzarəti altına keçməsinə, bununla da Xankəndinə nəzarəti həyata keçirməyə daha yaxşı şərait yaradan yüksəkliklərin ordumuzda olmasına imkan verir.     

Bəs Laçın dəhlizinin təhvil alınması ərəfəsində hansı təxribatlar ola bilər? Laçın şəhəri və dəhlizi tam şəkildə bizim nəzarətimizə keçdikdən sonra bizim üçün hansı üstünlüklər, perspektivlər açılır ?

Bəzi məmurlar xalqa deyil, özlərinə xidmət edirlər” – Alp Arslan İmamqulu

Alp Arslan İmamqulu

Mövzu ilə bağlı hərbi ekspert Alp Arslan İmamqulu “Yeni Müsavat”a açıqlamasında ermənilər tərəfindən istənilən zaman təxribatın törədilə biləcəyini vurğulayıb: “Təxribatlar hər zaman törədilə bilər, bu səbəblə daim hazır olmalıyıq. Bu istiqamətdə Azərbaycanın və onun əli silah tutan bütün qurumlarının yetərli hazırlıqları var.

2020-ci ildə imzalanan üçtərəfli bəyanatdan sonra iki il ərzində ermənilər tərəfindən bir çox təxribatlar həyata keçirildi və ordumuz tərəfindən müxtəlif dövrlərdə düşmənə adekvat, layiqli cavablar verildi. Hazırda da bir sıra antiterror əməliyyatları həyata keçirilir ki, bu da həmin təxribatların layiqli cavabının verilməsi olaraq qiymətləndirilir. Düşünürəm ki, təhvilvermə mərhələsində də düşmən bu cür təxribatlar həyata keçirərsə, yenə layiqli cavabları veriləcək".

Ekspert əldə edəcəyimiz üstünlüklər və perspektivlər məsələsinə də toxunub:

“Ümumiyyətlə, bu proses mərhələli olaraq həyata keçirilir. Biz öncə 28 illik işğala son qoyduq. İşğala son qoyduqdan sonra Laçın, Kəlbəcər və Ağdamın heç bir insident olmadan tərk edilməsini gördük. Lakin müəyyən ərazilərdə silahlı qruplar qalmış durumda idi ki, bu da tələblərin yerinə yetirilməməsi səbəbindəndir. Xüsusən də sülhməramlı qüvvələrin cavabdehliyi, bir növ ikili standartlarda yanaşma və onlara himayədarlıq sayəsində belə bir vəziyyət yaranıb. Artıq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu silahlı qrupların tam olaraq təmizlənməsi zamanlı çatıb. Bunun davamında isə tamamən Laçın dəhlizi terminalogiyasını işlətməyə heç bir gərək qalmayacaqdır. Çünki bütün bu ərazilər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qiymətləndirilir. Təbii, bununla yanaşı, bir sıra ərazilər var ki, tez bir zamanda tam nəzarətimizin təmin edilməsi qaçılmazdır. Laçın dəhlizinin bizim nəzarətimiz altında olması və buna alternativ yolun istifadəyə verilməsi o deməkdir ki, artıq ərazilərimizə giriş və çıxışlar tam olaraq Azərbaycanın nəzarətinə keçmiş olacaq. Bu da gələcəkdə ola biləcək terror aktları cəhdlərinin qarşısını almaq deməkdir”.

Anar ƏHMƏD,
“Yeni Musavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR