Azərbaycanın hərbi birləşmələrini mühasirəyə almağı və ərazilərini yenidən işğal etməyi planlaşdıran Ermənistanın gözlənilən təxribat planlarının qarşısını almaq üçün Ordumuzun keçirdiyi uğurlu əməliyyatlar nəticəsində strateji və operativ əhəmiyyət daşıyan bir sıra hakim yüksəkliklər nəzarətə götürüldü, düşmənin plasdarmlar yaratmaq niyyəti tam iflasa uğradıldı. Nəticədə Ordumuz təxribat törədilən ərazilərimizdə yerləşən düşmən mövqelərində qərarlaşdı. Hazırda bu mövqelər Azərbaycan Ordusuna Ermənistan ərazilərini geniş müşahidə imkanları verir.
Bu əməliyyatlardan əvvəl Azərbaycan dəfələrlə Ermənistana təhlükəli fəaliyyətlərdən çəkinmək barədə xəbərdarlıq edib. Lakin erməni hərbi siyasi rəhbərliyi başlarına gələn bu qədər fəlakətdən dərs çıxarmayıb atəşkəsi pozmağa və Azərbaycan əraziləri üzərində dronla müşahidələr aparmağa cəhd edirlər. Son yarım gün ərzində Ermənistan tərəfi Naxçıvan istiqmətində iki dəfə atəşkəsi pozaraq bölmələrimizin mövqelərini atəşə tutublar. Yenə də Azərbaycan tərəfi Ermənistanı gərginlik yaratmamağa çağırır, lakin qarşı tərəf tərəf təxrabatlara son qoymaq əvəzinə rəsmi məlumatlarımızı təkzib edir. Bu isə vəziyyəti daha da gərginləşdirir.
Vaxtilə suveren ərazilərində Ermənistanın plasdarm yaratmaq cəhdinin qarşısını alan Azərbaycanı isterik bəyanatlarla dayandırmağa çalışan ABŞ və Qərb ölkələri, bu gün Ukraynanın Rusiya ərazisində hərbi əməliyyatlar keçirməsinə bəraət qazanıdırır, hərtəfli dəstək göstərir və hətta F-16 qırıcılarının, “Abrams”, “Challenger 2” və “Leopard” tanklarının, uzaqmənzilli “Storm Shadow” raketlərinin, M777 haubitsalarının, HIMARS reaktiv yaylım atəşi sistemlərinin, “Harpoon” raketlərinin, NLAW, “Stinger” və “Javelin” raket komplekslərinin və adını çəkmədiyim yüzlərlə texnika və vasitələrin Rusiyaya qarşı istifadəsinə imkan yaradır. Halbuki müharibə zamanı Azərbaycan ərazisindəki aerodromda dayanan və bir dəfə də olsun döyüş zonasına tərəf uçuş keçirməyən Türkiyənin F-16 qırıcıları ilə qərb mətbuatında yayılan dezinformasiyaları yaxşı xatırlayırıq.
Belə çıxır ki, Ukrayna Rusiya ərazisində öz dövlət maraqlarını qoruyanda və 1200 kvadrat kilometrlik ərazini nəzarət götürəndə ABŞ və Qərb ona hərtərəfli dəstək verir, Azərbaycan isə Ermənistan ərazisinə daxil olmadan sərhədində plasdarm yaradılmasının qarşısını almaq üçün əməliyyatlar keçirəndə eyni ölkələrin neqativ reaksiyası ilə qarşılasır. Bəziləri isə, xüsusilə Fransa Prezidenti Emanuel Makron və AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrel qeyri adekvat və ikiüzlü bəyanatları ilə anti-Azərbaycan siayasəti aparmaqla bizə qarşı təzyiq göstərməyə çalışırlar. Lakin ermənipərəst qüvvələr unutmalı deyil ki, bütün bu bəyanatlar Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə təsir edə bilməz. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı öz fəaliyyətini Borel və ya Makron kimi sağlam məntiqdən uzaq siyasi cəsədlərin əsassız bəyanatlarına görə deyil, Azərbaycanın milli və dövlət maraqları çərçivəsində həyata keçirir. Ermənistan birdəfəlik anlamalıdır ki, atəşkəsin pozulması, Azərbaycan vətəndaşının həyatını itirməsi və ya xəsarət almasına görə İrəvan mütləq cəzasını alacaq və buna kimsə mane ola bilməyəcək.
Biz bir növ adət etmişik ki, ABŞ, Qərb ölkələri hər addımda ikili standartlar nümayiş etdirir, ikiüzlü siyasət yürüdürlər. Məhz bu münasibət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin 30 il sürməsinə şərait yaratdı. Ancaq necə olur ki, bir halda təcavüzə məruz qalmış ölkəyə hər cür dəstək verilir, yardım göstərilir, başqa halda isə digər ölkəyə öz torpaqlarını azad etmək, ədaləti bərpa etmək çox görülür. Bu nədir, geosiyasi maraqlar, xristian həmrəyliyi, yoxsa başqa səbəblər var?
Ermənistana və oradan da digər ölkələrə miqrasiya edən ermənilərin dərdini çəkməkdən gözünə yuxu getməyən ikiüzlü siyasətçilər, nədənsə 30 illik işğal dövründə Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşən və haqqları müdafiə olunmayan yüzminlərlə azərbaycanlını heç görmədilər. Bu günə qədər davam edən Ermənistanın mina terroru və erməni vandalizmi nəticəsində dağıdılan Azərbaycan əraziləri barədə kəlmə kəsməyənlər heç olmazsa bir az səmimi olmalıdırlar.
Ədalət Verdiyev, hərbi ekspert
(AzVision.az)
ŞƏRHLƏRŞƏRH YAZ