Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda seçki ili başladı. Fevralın 7-nə təyin edilmiş növbədənkənar seçkidə prezidentliyə namizədliyini irəli sürmüş 17 namizəddən hələ ki, ancaq hazırkı dövlət başçısı İlham Əliyev rəsmən qeydə alınıb. Daha bir namizəd -Zahid Oruc da(deputat)imza vərəqələrini MSK-ya təhvil verib. Digər 15 namizəddən ikisi rəsmi işsizdir, ikisi təqaüdçü. Sabiq “liberal” Əvəz Temirxan, Milli Şurada təmsil olunmuş vəkil Namizəd Səfərov, vaxtilə Elçibəyin hakimiyyətində təmsil olunan, sonra isə öz partiyalarını yaratmış iki sədr, AXCP-nin “şinelindən” çıxmış daha iki isim, bir iqtisadçı, elmi araşdırmaçı, siyasi şərhçi, jurnalist və sairə...
Yanvarın 8-dək zaman var və hələ namizədliyini irəli sürənlərin sayı bəlkə də arta bilər. Aydındır ki, namizədliyini irəli sürənlər hamısı imzatoplama mərhələsindən keçməyəcək. Ötən seçkidə (2018-ci il) namizədliyi rəsmən qeydə alınanların sayı 8 olub. 2013-cü ildə bu say 9, 2008-ci ildə isə 7 olub. Məncə, bu dəfə də namizədlərin sayı 10-dan çox olmayacaq...
Prezidentliyə namizədliyi rəsmən qeydə alınanlara seçkiqabağı təşviqat aparmaq məqsədilə İTV-də ödənişsiz efir vaxtı veriləcək, bir neçə qəzetdə öz proqramlarını dərc etmək üçün yer ayrılacaq. Şəxsən mənim üçün seçkinin bu mərhələsi maraqladır, görək Prezident Əliyevə rəqib olanlar nə təklif edəcəklər, xalqa hansı vədlər verəcəklər... Daha bir gözlənti seçki yaxınlaşdıqca bəzi dairələrdə Azərbaycana beynəlxalq təzyiqlərin arta biləcəyidir. Bunların anonsu artıq görünməkdədir.
Ümumiyyətlə 2024-ci il dünyada seçkilər üçün tarixdə ən böyük il olacaq. Belə ki, 76 ölkədə seçkilər keçiriləcək. Əhalinin sayına görə 10 ən böyük ölkədən 8-də (Çin və Nigeriya istisna olmaqla) seçkilər olacaq-Hindistan, ABŞ, İndoneziya, Pakistan, Braziliya, Banqladeş, Rusiya və Meksika. Daha konkret rəqəmlərlə desək, bu il keçirikləcək seçkilər 4,2 milyarddan çox insanın həyatını əhatə edəcək. 10 milyon civarındakı Azərbaycan da bu siyahıda var...
Dünya çapındakı bu seçkilərdən yalnız ikisi bizim üçün xüsusi əhəmiyyətli sayıla bilər. Martın 15-18-i aralığı keçiriləcək Rusiyadakı prezident seçkisi bizim üçün bir neçə xüsusda önəmlidir. Bəlkə bu sıraya Pakistanda elə fevralda olacağı gözlənilər parlament seçkilərini də əlavə edə bilərik. Çünki bu ölkə Azərbaycanla hərbi-siyasi müstəvidə ciddi əməkdaşlıq edir. Pakistanda bir müddətdir ki, stabil hökumət qurmaq olmur. Pakisatanda bu seçimlərdə nəhayət, sabit hökumətin qurulması Azərbaycanın maraqları daxilindədir.
Pakistanın qonşusu-dünyanın ən sıx əhalisi olan Hindistan isə apreldə baş naziri təyin edəcək parlamenti seçməlidir. Ermənistana silah satan Hindistanla münasibətlərimiz hamar sayılmaz, amma indiki Modi hökumətinin daha bir neçə il görəvdə olacağı deyilir.
Daha bir kritik seçkilər Tayvanda gözlənilir. Yanvarın 13-də keçiriləcək seçkini bəziləri “Tayvanın müstəqilliyi uğrunda mübarizənin kuliminasiya nöqtəsi” hesab edirlər. Tayvanın indiki prezidenti (Tsay İnq-Ven) ikinci səlahiyyət müddətini başa vurur və yenidən namizəd ola bilməz. İndi seçkidə əsas namizəd Tayvanın vitse-prezidentidir (Lai Qingdedir). O, Çin yönlü partiyanın sədri (Hou Yuyi) ilə mübarizədə təmsil olunduğu partiyanın hakimiyyətini qoruyub saxlamağa çalışacaq. Son sorğulara görə, namizədlər təxminən 30-35% dəstək səsi toplayaraq bərabər mövqedədirlər. İndiki prezident və namizədliyi irəli sürülmüş vitse-prezidentin təmsil olunduğu hakim partiyanın 2016-cı ildən bəri Pekinlə heç bir rəsmi əlaqəsi yoxdur. Ekspertlər qorxurlar ki, bu dəfə də onların partiyası qalib gəlsə, Çin özünün hesab etdiyi ərazi ilə müharibəyə başlaya bilər.
2024-cü ilin iyununda Avropa Parlamentinə də seçkilər keçiriləcək. Ümumilikdə, Avropa Birliyinə daxil olan 18 ölkədə bu il seçkilər olacaq. Britaniyanın baş naziri Rişi Sunak da öz yerində qalmağa çalışacaq. Mühafizəkarlar Partiyası son illərdə çox qarışıqlıqdan keçib və bir neçə dəfə liderini dəyişib. Tarixi hələ müəyyən edilməmiş yeni seçkilərdə bu dəfə leyboristlər ölkəyə rəhbərlik edə bilər.
Nəhayət, bu il daha bir kritik seçki ABŞ-da olacaq. Hazırda bu posta əsas namizədlər hazırkı prezident Co Bayden və keçmiş prezident Donald Tramp kimi görünür. Həm demokratlar, həm də respublikaçılar üçün praymeriz hələ də baş tutmayıb, ona görə də kiminsə onların mübarizəsinə qoşulub-qoşmayacağı ilə bağlı intriqa qalır. Seçkiyə mane ola biləcək faktorlardan biri Donald Trampın məhkəmə prosesidir. ABŞ-ın keçmiş prezidenti 2020-ci il seçkilərində uduzduqdan sonra Kapitoliyə hücum etməyə çağırdığı zaman demokratiyaya qarşı da daxil olmaqla çoxsaylı cinayətlərdə ittiham olunur.
Görünən odur ki, əjdaha kimi bir il qarşımızdadır. Azərbaycan və dünyamız üçün xeyirli olsun...
Nazim SABİROĞLU,
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ