Onlayn ictimai-siyasi qəzet
Son illərdə orta məktəblərin yuxarı sinif şagirdlərinin bir-birini bıçaqlaması, öldürməsi, xəsarət yetirməsi halları nisbətən artıb. Son bir il ərzində Gəncədə 3 məktəbli, Bakıda 4, rayonlarda ümumilikdə bir neçə məktəbli digərini bıçaqlayıb.
31 may tarixində axşam saat 22:00 radələrində Xaçmaz rayonu Ləcət kənd tam orta məktəbinin 10-cu sinif şagirdi eyni məktəbdə oxuyan həmyaşıdına aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.
Bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, xəsarət almış şagird tibb müəssisəsinə yerləşdirilib: “Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb".
Əlbəttə, heç bir halda bütün məsuliyyəti məktəbin üzərinə qoymaq olmaz. Ancaq eyni zamanda məktəblilərin kriminallaşmasının səbəblərini də öyrənmək, çıxış yolu tapmaq lazımdır.
Sirr deyil ki, hazırda ölkədə xeyli yeniyetmə, gənc kriminal ünsürlərin təsiri altındadır. Bu, həm də ailələrin problemidir. Ancaq məsələni təbii axara buraxmaq olmaz, cəmiyyəti sağlamlaşdırmaq üçün proqramlar icra edilməlidir. Bunu kim və necə etməlidir? Təbliğat necə qurulmalıdır?
Deputat: “Bəzi valideynlər övladına kifayət qədər vaxt ayırmır, onlara normal tərbiyə verə bilmir”
Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a danışıb: “Çox təəssüf ki, son zamanlar məktəblilər arasında bıçaqlanma hadisələrinin artdığını müşahidə edirik. Burada bir çox amillərin rolu var. Həmin amillərdən biri valideynlərin öz övladlarına düzgün tərbiyə verə bilməməsi ilə bağlıdır. Bu amil çox ciddi rol oynayır. Təəssüf ki, bir çox valideyn övladına kifayət qədər vaxt ayırmır, onlara normal tərbiyə verə bilmirlər. Bir sıra hallarda valideynlərin özlərinin kifayət qədər dəyərlərə bağlı olmamağı, tərbiyələrinin yüksək olmaması bu prosesə öz ciddi təsirini göstərir. Valideynlər öz övladlarına daha çox vaxt ayırmalı, ilk növbədə özləri nümunə olmalı və bunu bacarmalıdırlar”.
Millət vəkili qeyd edib ki, bu məsələdə məktəblərin də üzərinə böyük vəzifə düşür: “Məktəbin işi yalnız təhsil vermək deyil, həm də tərbiyə vermək, şagirdlərə milli-mənəvi dəyərlərimizi aşılamaqdan ibarətdir.
Burada digər məsələ, bir sıra seriallarda və yaxud sosial mediada kriminal əməllərə meylin təbliğ olunmasıdır.
Hesab edirəm ki, burada bir neçə istiqamətdə iş getməlidir. Birincisi, ciddi şəkildə tərbiyə işinə önəm vermək, yəni həm məktəblərdə, həm də ailələrdə tərbiyə işini gücləndirmək, bu istiqamətdə valideynlərlə sıx iş aparmaq, eyni zamanda geniş maarifləndirmə, təbliğat işləri təşkil etmək lazımdır.
Həmçinin bu kimi hallara qarşı barışmaz mövqe nümayiş olunmalıdır. Yəni bıçaqlanma hadisəsini törədənlərə qarşı ciddi cəza tətbiq edilməlidir. Bu cəza olacaqsa, nəticə əldə edə biləcəyik, əks halda, yenidən eyni problemi yaşaya bilərik. Yəni cəza faktoru önəmlidir. Bu baxımdan çox yaxşı olardı ki, cinayəti törətmiş şəxslərin hansı cəza ilə cəzalandırıldığı barədə dəqiq məlumatımız olsun. Yəni həqiqətən cəza oldumu, yoxsa bu və digər formada cəzadan yayınma baş verib və sairə. Bunu xüsusi diqqətdə və nəzarətdə saxlamalıyıq".
Ekspert: “Yeniyetmələr, uşaqlar daha çox sosial şəbəkələrin təsiri altına düşüblər, məktəbin təsir imkanı TikTok-dan daha azdır"
Təhsil eksperti Kamran Əsədov isə qeyd edib: “Ümumiyyətlə, şagirdlər 1-ci sinifdən 11-ci sinfə qədər təhsil müəssisəsinin, tədris prosesinin iştirakçısıdır. Biz necə ki, onların məktəbdən kənar nəticələrinə sevinirik, eləcə də uğursuzluqlarına görə də pis olmalıyıq.
Əlbəttə ki, son illərdə baş verənlər ürəkaçan deyil. Burada həm məktəbin, həm də valideynin üzərinə böyük yük düşür. Problem odur ki, məktəb olaraq üzərimizə düşəni tam şəkildə yerinə yetirmirik. Yəni məqsədimiz şəxsiyyət yetirmək olmalıdır. 2009-2011-ci illərdə təhsillə bağlı qəbul edilmiş qanun və qaydalara görə məktəb şəxsiyyət yetişdirməlidir. Əgər məktəbdə şagirdlər arasında bir-birinə hörmət, dəyərlər sistemi formalaşdıra bilmiriksə, demək ki, problem həm də məktəbdədir.
Ailələrlə bağlı məsələ müxtəlif ola bilər. Ola bilər ki, ailə başçısı yoxdur və yaxud onlar hər hansı təhsilə malik deyillər. Amma məktəbdə çalışanların hamısı təhsilli insanlardır, onların dünyagörüşləri var. Bu baxımdan məktəbin yükü, öhdəliyi ayrıdır və ən çoxdur.
Həmçinin məktəbdə psixoloqlar uşaqlara bağlı ciddi monitorinqlər aparmalıdır.
Beləliklə, biz birinci növbədə məktəblərdə şəxsiyyət yetişdirməli, dəyərləri formalaşdırmalyıq ki, şagirdlər başa düşsünlər ki, sinif yoldaşlarını, həmyaşıdlarını qorumalıdırılar.
Həmçinin dərsliklərlə insani davranışlar aşılamalıyıq. Çox təəssüf ki, dərsliklərimiz şəxsiyyət yetişdirə bilmir. Uşaqlar dərsliklərdən yalnız informasiya alır, amma informasiyanın tətbiqi, müqayisəsi, təhlili yoxdur. Yəni biz ədəbiyyat, tarix və digər fənn dərslərində uşaqlarda insanı hisslər oyatmalıyıq.
Necə ola bilər ki, 10-cu sinif şagirdi öz həmyaşıdına kəsici alətlə xəsarətlər yetirsin, sağlamlığına ağır zərbə vursun. Bu onu göstərir ki, bu gün yeniyetmələr, uşaqlar daha çox sosial şəbəkələrin təsiri altına düşüblər. Yəni məktəbin təsir imkanı TikTok-dan, İnstagram-dan daha azdır.
Hesab edirəm ki, bu cür xoşagəlməz, neqativ halların qarşısını almaq üçün tanınmış şəxsiyyətləri, Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda döyüşmüş qaziləri, şəhidlərin döyüş, müharibə yoldaşlarını məktəblərə dəvət etməliyik, qoy şagirdlər görsünlər ki, onlar öz qanları, canları bahasına yoldaşlarını necə qoruyublar".
Xalidə GƏRAY,
“Yeni Müsavat”
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ