İnsanlara hürriyət, millətlərə istiqlal!

Kriminal avtoritetə silahlı hücum edənlər məhkəmə qarşısına çıxarıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Musavat.com xəbər verir ki, müttəhimlər kürsüsünə çıxarılan bu şəxslər Nəsimi rayonu ərazisində silahlı insident törətməkdə təqsirli bilinirlər.

Təqsirləndirilən Şahmar İsmayılov 1995-ci ildə anadan olub. Ukraynada ali təhsil alıb. Əvvəllər Naxçıvan aeroportunda işləyib. Təqsirləndirilən Vüqar Quliyev 1998-ci ildə Babək rayonunda anadan olub. Taksi sürücüsü işləyib. Təqsirləndirilən Ramal Məmmədov Şərur rayonunda anadan olub. Əvvəllər məhkum edilib. Zərərçəkmiş, kriminal aləmdə “Nicat Lənkəranski” kimi tanınan Nicat Əkbərov 1983-cü ildə Lənkəranda doğulub. Əvvəllər məhkum edilib. O, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını və növbəti proseslərdə iştirak etmək istəmədiyini bildirib. Məhkəmənin hazırlıq iclası sentyabrın 13-də davam edəcək.

İttihama görə, Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərləri bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qanunsuz əldə olunmuş odlu silahdan ona atəş açıblar. Sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimli müxtəlif xəsarətlər alıblar. Toplanmış sübutlar əsasında Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrlə ittiham irəli sürülüb. Cinayət işi üzrə üç nəfər - Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR