Onlayn ictimai-siyasi qəzet
Ekspertlərə görə, erməni baş nazir Rusiyadan kəskin və sürətli uzaqlaşmanı əməldə reallaşdırarsa, o zaman Moskvanın addımları daha sərt olacaq
Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə etirazlar davam edir. Son olaylar isə hakimiyyətin kifayət qədər dayanıqlı, monolit olduğunu, güc qurumlarının ən sərt şəkildə onun müdafiəsində durduğunu bir daha göstərdi. Qərbyönlü rejimin dəyişməsində maraqlı qüvvələrdən biri də, təbii ki, bəlli səbəblərdən Rusiyadır.
Lakin bəzi iddialara görə, Moskva prosesləri daha çox müşahidə eləməyə üstünlük verir, çünki Paşinyana real alternativ tapa bilmir, Köçəryan-Sərkisyan cütlüyü timsalında keçmiş xunta rejiminə isə erməni cəmiyyətində faktiki heç bir inam-etimad qalmayıb. Bu arada Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə rəhbərinin birinci müavini, hər zaman ermənipərəst mövqeyi ilə fərqlənən deputat Konstantin Zatulin Nikol Paşinyan barədə çox sərt danışıb. O deyib ki, Paşinyanın hakimiyyətdə qaldığı hər gün Rusiya üçün təhqirdir. Deputat Paşinyanı anti-Rusiya əhvalı yaratmaqda və nankorluqda suçlayıb: “Ermənistan adlı bir dövlətin mövcud olması Rusiya sayəsində baş verib. Paşinyan isə özünün əməlləri nəticəsində son illərdə baş verənləri Rusiyanın üzərinə atır, bizi günahkar göstərir. Ona da Ermənistanda inanırlar. Bütün bunlar yalandır! Rusiyanın reytinqi Ermənistanda sürətlə düşür və bunun da səbəbkarı Paşinyandır”.
Qeyd edək ki, Zatulin sıradan biri deyil. Putinin sədri olduğu hakim “Vahid Rusiya” partiyasının üzvü, Dumada komitə sədrinin müavinidir. Yəni bununla o, sözsüz ki, Rusiya siyasi elitasındakı ovqatı ifadə edir. O zaman bunu Paşinyanın ünvanına hədə saymaq mümkünmü? Davamı nə ola bilər? Ümumiyyətlə, Rusiyanın Paşinyanı devirməyə gücü çatmır, yoxsa ona əvəz tapa bilmir? “Ermənistanda baş verənlərin hansı istiqamətdə gedəcəyi daxili işlər nazirindən asılı ola bilər”.
Elçin Mirzəbəyli
Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, siyasi analitik Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, II Qaragenin keşiş Baqrat Qalstanyanın vasitəsilə başlatdığı, sonradan müharibə caniləri Robert Köçəryan və Serjik Sərkisyanın yaxın ətrafı vasitəsilə dəstək verdiyi etiraz aksiyalarının uğursuzluğa düçar olmasının çoxsaylı səbəbləri var: “Əslində Paşinyanın hakimiyyətdən yola salınmasına yönəlmiş növbəti addımlardan biri olan ”kilsə hərəkatı"nın uğursuzluğa düçar olacağı öncədən gözlənilən idi. Əvvəla, ona görə ki, Eçmiədzin kilsəsi Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində ərazilərimizi və Ermənistanı talayanlarla birlikdə olub, onların həm də ermənilərə qarşı həyata keçirdikləri cinayət əməllərinə dəstək verib, müharibə canilərinin Ermənistanda hakimiyyəti qəsb etmələrində iştirak edib. Bu da Ermənistan cəmiyyətinin kilsəyə və onun idarəçilərinə olan etimadını ciddi şəkildə zədələyib. Bu prosesə Nikol Paşinyanın hakimiyyətə gəlməsi və kilsənin iç üzünü açan açıqlamaları da öz təsirini göstərib. Digər tərəfdən, uzun illər boyu özünün az qala bütün dünyada söz və nüfuz sahibi, real güc mərkəzi olduğunu iddia edən kilsənin həm bəlli zaman kəsiyində işğal altında olan Azərbaycan ərazilərinin qəsbinin legitimləşməsi, təcavüzə dini qarşıdurma donunun geyindirilməsi istiqamətində bütün səyləri iflasa uğrayıb. Azərbaycana qarşı ərazi iddiaları, yeni müharibə və bu kimi digər populist şüarlarla müşahidə olunan cəhdlərin heç biri ictimai dəstək qazanmayıb. Bu isə o deməkdir ki, yeni müharibə, ultramillətçi şüarlar üzərindən Ermənistanda legitim yollarla hakimiyyətə gəlmək mümkün deyil. Unutmaq lazım deyil ki, kilsə və separatçı müharibə canilərinin əlaqələri yalnız Rusiya ilə deyil.
Paşinyanın Rusiyanı, Kollektiv Təhlükəsizlik Təşkilatını gözdən salmaq istiqamətində bizə bəlli olan və olmayan addımları isə müharibədə ağır şəkildə məğlubiyyətə düçar olmuş ordunun şəxsi heyətinin Rusiyaya qarşı münasibətinin dəyişməsinə yol açıb. Paşinyanın KTMT-yə münasibətdə sərgilədiyi mövqe isə təkcə Ermənsitanın bu təsisatdan uzaqlaşması perspektivinə görə deyil, həm də ordu ilə Rusiyanın bağlarının qırılmasına xidmət edir. Ümumi mənzərədən belə bəlli olur ki, ötən zaman kəsiyində Paşinyan güc strukturlarının “açar” vəzifələrinə öz adamlarını yerləşdirə bilib. Hazırda real vəziyyət ondan ibarətdir ki, Ermənistanda kənar oyunçuların birbaşa müdaxiləsi olmadan hakimiyyətin dəyişdirilməsi mümkün deyil. Bu baxımdan, ümumi mənzərə haqqında aşağıdakı nəticələrə gəlmək olar:
Hazırda Ermənistanda kilsə, diaspor və bu kimi amillər üzərindən Paşinyanın hakimiyyətdən getməsinə nail olmaq mümkün deyil.
Ərazi iddiaları və separatizm amili üzərindən səsləndirilən şüarlar Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsində qıcıq doğurduğu üçün bu istiqamətdə atılan addımlar heç bir perspektiv vəd etmir.
Ermənistan cəmiyyətinin hazırda pis və daha pis arasında seçim etməkdən başqa yolu qalmadığı üçün, onun ikincilərə, yəni uzun illər boyu Azərbaycan ərazilərinin işğalı üzərindən soyğunçuluqla, qətllərlə, terrorla məşğul olanlara üstünlük verəcəyi gözlənilmir.
Qərbin əlaltısı olmayan yeni siyasi qüvvənin ortalığa çıxması, özünü “müstəqil siyasi qüvvə” kimi təqdim etməsi üçün isə zəmin və şərait lazımdır. Bu amilləri nəzərə alaraq, yaxın zaman kəsiyində Ermənistanda hakimiyyət dəyişkliyinin baş verəcəyini gözləmirəm və şübhəsiz ki, bu istiqamətdə davamlı cəhdlər, Paşinyanın daim təzyiq altında qalmasına xidmət edən gedişlər davam edəcək".
Sona Əliyeva
Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, Ermənistanın gələcəyi Qərbin yox, Rusiyanın əlindədir: “Paşinyan köksüz fiqurdur. Zənnimcə, qarşıdakı aylarda İrəvanda vəziyyət daha da kəskinləşə bilər. Bu, İrəvandakı hakimiyyətin radikal gedişlərinə bağlı məsələdir. Əgər Paşinyan Rusiyadan kəskin və sürətli uzaqlaşma qərarı alarsa, sözdə deyil, əməldə bunu reallaşdırarsa, o zaman Kremlin addımları daha sərt olacaq. Söhbət baş nazirin fiziki məhvi ilə yanaşı, 102-ci ordunun Gümrüdən İrəvana yeridilməsi kimi nüanslardan gedir. Hətta hazırda pusquda gözləyən erməni generallar da hərəkətə keçə və Kremlin göstərişlərini hərfbəhərf yerinə yetirə bilərlər. Digər tərəfdən, Ermənistanda ikinci inqilabın zamanı yetişməyib. Xalq artıq savaşdan və müharibə vəziyyətindən, yersiz itkilərdən bezib. Ona görə də, Nikol Vovayeviçin gedişlərinə səbirlə dözür. Qərb isə Ermənistandan Rusiyanı birdəfəlik çıxarmaqla bağlı radikal addımlar atmağa tələsmir. Ona görə Paşinyan da ehtiyatlı davranır. Paşinyanın rəqibləri isə güclü fiqurlar deyil. Eloktaratı və gücləri bir o qədər yoxdur. Hətta Paşinyanın sinif yoldaşı Vahe Qazaryan da bundan sonrakı proseslər üçün bir o qədər ümidli deyil. Son sözü nə Qərb, nə də Ermənistan deyəcək. Həmişə olduğu kimi İrəvanla bağlı son söz yenə də Kremlindir”.
Rusif Məmmədsoy
Politoloq Rusif Məmmədsoy isə bu etirazların heç bir nəticə qazanmayacağını düşünür: “Rusiya Paşinyana alternativ tapa bilmədiyi üçün mövcud hakimiyyətlə işləməyə məcburdur. Əgər şans yaranarsa Nikolun hakimiyyətdən getməsində də olduqca maraqlıdır. İndiki proseslərdə Rusiyanın birbaşa iştirak etdiyini söyləmək çətin olsa da dolayı yolla iştirakı istisna deyil. Ötən günlərdə Rusiyanın Ermənistandakı səfirinin məsləhətləşmələr üçün geri çağırılması özü də əslində etirazçılara dəstək idi. Rusiya da yaxşı anlayır ki, əgər prosesə birbaşa müdaxilə edərsə onsuzda Rusiya əleyhinə olan abu-havanı daha da dərinləşdirə bilər. Digər tərəfdən, Rusiya mediası Baqrata dəstəyini əsirgəmir. Məsələn, bəzi xəbərlərdə görürük ki, etirazçıların sayı Rusiya KİV-də 100 minə qədər göstərilir. Bu isə tamamilə cəfəngiyatdır. Etirazçıların sayı maksimum 10 min civarındadır. Real mənzərə və situasiya isə proseslərin Paşinyan hökuməti üçün təhlükəli olduğunu göstərmir”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ