Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, martın 25-də Moldovanın paytaxtı Kişinyov şəhərinin aeroportunda Türkiyədə dəvət olunduğu konfransa gedən Qaqauz Yeri muxtariyyatının başqanı Yevgeniya Qutsul həbs olunub.
Qızlıq soyadı Böyüklü olan Yevgeniya 1986-cı ildə Moldovanın Vulkanesti rayonunun Etuliya kəndində anadan olub. İxtisasca hüquqşünasdır.
O, 2023-cü ilin martında Qaqauziya başqanı (prezidenti) postuna “Şor” partiyasından namizəd olub və ikinci turda qalib gəlib. Sonradan həmin partiya Moldovada konstitusiyaya zidd elan edilib və qapadılıb.
Xanım Qutsul namizədliyini irəli sürdüyü gündən “Rusiyanın adamı” hesab edilib və onun seçki kampaniyasında bir sıra rus siyasətçiləri, eləcə də Rusiya mədəniyyət xadimləri fəal iştirak ediblər. Məsələn, Filipp Kirkorov, Nikolay Baskov, Stas Mixaylov kimi məşhur müğənnilər rus dilində Qaqauziyanın himnini oxuyub, buna videoklip çəkib, seçkilərin ikinci turunda xalqı Yevgeniya Qutsula səs verməyə çağırıblar.
Birinci turda o, əsas rəqibi Qriqori Uzundan 0,07% çox səs toplayıb və 26,47% səslə seçki birincisi olub. Mayın 14-də keçirilən ikinci turda Y.Qutsul 52,34% səslə qalib gəlib.
“Rusiyanın kadrı” olduğuna görə onun inauqurasiya mərasiminə eks-başqan İrina Vlah, Moldova prezidenti Maya Sandu, parlamentin spikeri İqor Qrosu, hakim partiyadan olan parlament üzvləri, eləcə də seçkilərin nəticələrini təsdiq edən Komrat Apellyasiya Palatasının nümayəndələri qatılmayıblar. Əvəzində nəticələri Qaqauziya Mərkəzi Seçki Komissiyasının rəhbəri Yana Kovalenko rus dilində açıqlayıb. Yevgeniya Qutsul and içərkən əlini konstitusiya kitabına qoymağı unudub, bundan əlavə, o, andın mətnini oxuduqdan sonra Moldova Respublikasının bayrağını öpmədən yalnız Qaqauziya bayrağını öpüb.
Yəni vəzifəsinin icrasına başladığı ilk gündən özünü Moskvaya rəğbət bəsləyən biri kimi göstərən Qutsul başçılıq etdiyi muxtar mahalı Rusiyaya yaxınlaşdıracağını, onun Moldovadakı separatçı Dnestryanı bölgəyə tay edəcəyini göstərib.
2024-cü ilin mart ayında o, Rusiyada işgüzar səfərdə olub və orada Rusiya prezidenti Vladimir Putinlə də görüşüb.
Təsəvvür edin, Rusiyanın ucqar və kiçik vilayətlərindən biri boyda olan Moldovanın ucqar və kiçik mahalının rəhbəri Rusiya Federasiyanın lideri tərəfindən qəbul edilir və dəstəklənir.
Əslində ondan əvvəl də Qutsulun Qaqauziyanı Kişinyova təzyiq üçün Rusiyanın maşasına çevrimək niyyətində olduğu prezident Maya Sandu və onun komandasına bəlli idi. Onlar sonrakı dövrlərdə də Qutsula bu yöndə xəbərdarlıqlar ediblər. Buna cavab olaraq başqan Qutsul Kişinyova belə bir bəyanat verib ki, Moldova Rumıniyaya qoşulacağı təqdirdə o, Qaqauziyanın müstəqilliyini elan edəcək.
Bundan başqa, qaqauz xalqının lideri separat şəkildə Rusiya hakimiyyətinə müraciət edərək, “Qazprom”un birbaşa muxtariyyətə aşağı qiymətə qaz verməsi xahişi ilə müraciət edib, daha sonra Kremldən Qaqauziya sakinlərinin “əmək haqqını artırmaq” üçün pul köçürüləsi xüsusi hesablar açmasını istəyib. Rusiya prezidenti Vladimir Putin Qaqauziyaya və Moldova sakinlərinə tam dəstəyini ifadə edib.
2024-cü ilin martında Yevgeniya Qutsul Moskvada Qaqauziyanın nümayəndəliyini açmağa hazır olduğunu elan edib. Kişinyov ona xatırladıb ki, Qaqauz Yeri muxtariyyatı beynəlxalq hüququn ayrıca subyekti deyil və Moldovanın bir hissəsidir.
Moldova prezidenti Maya Sandu Qaqauziya başqanının Moskvaya səfərlərini Qutsulun Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləməsi anlamına gəldiyini də bildirib.
Ötən ilin aprelində Yevgeniya Qutsul qiyabi olaraq 15 il həbs cəzasına məhkum edilmiş, konstitusiyaya zidd elan edilən, qaçaq oliqarx İlan Şorun yaratdığı “Şor” partiyasına qarşı iki il əvvəl açılmış iş üzrə dindirilib.
2024-cü il aprelin 24-də Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu istintaqı başa çatdırdığını və Qaqauziya başkanı Qutsula qarşı işi məhkəməyə verdiyini açıqlayıb. İ.Şor Qutsulun himayədarı, ağıl və maliyyə verəni hesab olunur.
Bundan sonra onunla bağlı hüquqi proseduralar davam etdirilib, iş uzandıqca uzanıb. 2024-cü il oktyabrın 14-də Qutsulun Qaqauziyada separatizmi təbliğ etməklə Moldovanın konstitusiya quruluşunu dəyişməyə davamlı və israrlı cəhdlərini, habelə qeyri-qanuni maliyyə dəstəyi almasını və qaçaq oliqarx İlan Şorla əlaqələrini davam etdirməsini əsas gətirərək ona qarşı şəxsi sanksiyalar tətbiq edib.
Günahı sübuta yetirilərsə, Qutsula dövlət vəzifəsində işləmək qadağası qoyula və o, 2 ildən 7 ilə qədər həbs cəzası ala bilər.
Dünən Y.Qutsul vəkilləri vasitəsilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib və onun Moldova hakimiyyətinə təzyiq göstərmək üçün diplomatik, siyasi və hüquqi mexanizmlərdən istifadə etməsini istəyib.
Bu gün Qutsul Kişinyov məhkəməsinə çıxarılıb və ona 30 günlük həbs cəzası veriləcəyi gözlənilir.
Beləliklə, qardaş qaqauz xalqının lideri öz separatçı hərəkətləri ilə həm özünü, həm də təmsil etdiyi xalqı zərbə altında qoyub.
İndi qaqauz xalqı oturub düşünməlidir ki, hansı daha yaxşıdır: Avropaya inteqrasiya yolu tutmuş, Aİ-dən konkret vəd almış demokratik Moldovanın tərkibində olaraq Avropayla çulğaşmaq, yoxsa aqressiv hərəkətləri və avtoritarizmi ilə dünya ilə üz-göz olmuş Rusiyanın satelltinə çevrilmək, qanunsuz və müvəqqəti dövlət qurumu yaradaraq təcrid olunmuş vəziyyətdə yaşamaq.
Onu da qeyd edək ki, Qaqauziya Moldovanın tərkibində olarsa, onun sakinlərinin hüquqları, eləcə də rifahı daha yaxşı qoruna və təmin edilə bilər. Çünki həm Türkiyənin, həm də Azərbaycanın Moldovaya ərki ötür.
Bir mahalın separatizmindən uzun illər əziyyət çəkmiş Azərbaycan xalqı birdən-birə iki bölgənin separatçılığı ilə üzləşmənin yaratdığı problemləri aydın başa düşür.
Araz Altaylı, Musavat.com
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ