İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml yenə “Qarabağ məsələsi”nə qayıdır - Bakıdan sərt reaksiyalar

Putinin köməkçisi “qaş düzəldən yerdə vurub göz çıxardı” -  Donbası Qarabağla müqayisə etməklə yeni gərginlik yaratdı;  Moskva isə onun səhvini düzəltmək istədi - Rusiyanın yeni planı...

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edib. O, Qarabağı “mübahisəli ərazi” adlandırıb. “Əgər Ukrayna münaqişəsi real sülh olmadan dayandırılarsa, bu, nüvə müharibəsinə gətirib çıxara bilər. Çünki Kiyev və NATO Rusiyanın yeni ərazilərini geri almağa çalışacaq”, - Medinski qeyd edib.

“Yeni Müsavat” bildirir ki, rəsmi Bakı Rusiya liderinin nümayəndəsinin çıxışına reaksiya verib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bəyan edib ki, Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir Medinskinin 9 iyun tarixində “Russia Today” kanalına müsahibəsi zamanı keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı faktların təhrif olunduğu, Qarabağ bölgəsini mübahisəli ərazi kimi təqdim edən açıqlaması təəssüf və təəccüb doğurur.

XİN rəsmisinin sözlərinə görə, təəccüblü hal odur ki, Rusiya Prezidentinin köməkçisi, habelə Rusiyanın Tarix Təhsili üzrə Qurumlararası Komissiyasının sədri olan Medinski Qarabağın heç zaman mübahisəli ərazi olmadığını bilmir. O bildirib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır: “Rusiya özü Qarabağı Azərbaycanın ərazisi kimi tanımışdır və tanıyır”. A.Hacızadə daha sonra sözlərinə belə davam edib: “Eyni zamanda sual doğuran məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədri olmuş ölkənin prezidentinin köməkçisi dövlətinin bu məsələ ilə bağlı mövqeyini ya dərk etmir, ya da dərk etmək istəmir”.

XİN sözçüsü təəssüf  edir ki, Rusiya Prezidentinin köməkçisi Rusiya-Ukrayna müharibəsini Qarabağda mövcud olmuş vəziyyətlə müqayisə edir: “Azərbaycan heç zaman heç bir ölkənin ərazi bütövlüyünü pozmadığına və heç bir ölkəyə qarşı aqressiv müharibə aparmadığına görə belə müqayisə yersizdir. Azərbaycan 2020-ci və 2023-cü illərdə öz suveren və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində Vətən müharibəsi və antiterror tədbirləri həyata keçirib. 44 günlük Vətən müharibəsi və 1 gündən az olaraq davam etmiş 2023-cü il antiterror tədbirləri Azərbaycanın tam qələbəsi və Ermənistanın məğlubiyyəti ilə nəticələnib və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ermənistanın işğalına son qoyulub”. Sonra diplomat Medinskiyə səlahiyyətinə aid olmayan məsələlərə dair yanlış iddialar səsləndirməklə dövlətlərarası münasibətlərə xələl gətirməməyi tövsiyə edib.

Bu bəyanatın ardınca A.Hacızadənin rusiyalı həmkarından açıqlama gəlib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ölkəsi rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. O, Medinskinin sözlərini kontekstdən çıxarmamağa və onlara tamamilə fərqli bir məna verməməyə çağırıb. Qeyd edib ki, Medinski Qarabağla bağlı şərhdə vəziyyətin tarixi aspekti və sosial-mədəni xüsusiyyətlərdən danışıb. 

Medinski üçün xatırlatma - Oxu.az

Nəzərə alaq ki, Medinski təkcə Putinin köməkçisi yox, həm də Kremlin rəsmi ideoloqlarından biridir. Medinskinin bu açıqlaması bir daha hələ də Kremlin “Qarabağ sancısı”nın bitmədiyini göstərdi. Göstərdi ki, Moskvanın bir gözü yenə Ermənistanda və Azərbaycan torpaqlarında, fikri isə bu ərazilərdə yenidən aranı qatmaqda, Ermənistanı işğalçılığa həvəsləndirməkdədir. Bundan bir müddət əvvəl İrəvana səfər edən Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın vaxtilə Azərbaycanın Qarabağla yanaşı, ətraf yeddi rayonunu işğal etmək üçün Rusiyadan aldığı silah və texnikadan istifadə etdiyini açıq şəkildə, utanıb çəkinmədən bəyan etmişdi.

İstər Lavrovun, istərsə də Medinskinin bu açıqlamaları bir daha Ukraynada bataqlığa düşmüş Rusiyanın “başı açılan kimi” bizim regionda yenidən aranı qatmağa çalışacağının siqnalları sayıla bilər.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Siyasi ekspert Elxan Şahinoğlu sosial media hesabında yazıb ki, Qarabağı hələ də “mübahisəli ərazi” kimi təqdim edən ölkə Azərbaycanın strateji tərəfdaşı olmadığı kimi, bu ölkəyə heç bir halda Xankəndidə konsulluq xidməti açmağa “yaşıl işıq” yandırıla da bilməz: “Zaxarova Medinskinin sözlərini kontekstdən çıxarmamağa və onlara "tamamilə fərqli bir məna verməməyə" çağırıb. Amma biz kontekstdən heç nə çıxarmırıq və faktları təhrif etmirik. Prezidentin köməkçisi “Russia Today” kanalına müsahibəsində bunu deyib: “Əgər Rusiya-Ukrayna cəbhə xətti boyu münaqişə dayandırılarsa və əsl sülh əldə olunmazsa, sadəcə olaraq, hansısa atəşkəs bağlanılarsa, bu, - bilirsiniz, Ermənistanla Azərbaycan arasında mübahisəli bölgə, Qarabağ kimi - bu zaman bu bölgə nəhəng Qarabağa çevriləcək”. Yəni Medinski demək istəyib ki, Rusiya ilə Ukrayna arasında atəşkəs olarsa, Kreml istəyinə nail ola bilməyəcək və Donbas Qarabağ kimi “mübahisəli əraziyə” çevriləcək. Bu baş verməsin deyə Kreml Ukraynada məsələni “köklü” həll etmək istəyir".

Analitik bildirib ki, birincisi, Azərbaycan Qarabağı işğaldan azad edib, Rusiya isə Donbası işğal edib: “İkisi arasında ən böyük fərq budur. İkincisi, keçmiş işğalçı dövlət olan Ermənistanın hakimiyyəti müharibədən sonra Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, Ukrayna isə işğal altındakı ərazilərin Rusiyaya aid olduğunu qəbul etməyib. Bir məqamı da nəzərə almalıyıq ki, Medinskinin Qarabağla Donbas arasında apardığı uğursuz müqayisə yalnız onun beyninin məhsulu deyil, köməkçisi olduğu şəxs də onun kimi düşünür, sadəcə, Azərbaycan Ordusunun qələbəsi Kreml sahibini reallığı qəbul etməyə məcbur edib. Ancaq belə bir adamın bir gün reallığı dəyişmək istəmədiyindən əmin ola bilmərik”.

Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Azərbaycanda fərqli bir təcrübə vardı: “Biz 1994-cü ildə atəşkəs rejiminə nail olduq. Amma hansısa şərtlər Ermənistan tərəfindən qəbul olunmurdu. Prezidentin köməkçisi öz mövqeyini göstərmək üçün lazımsız, hətta əsassız olaraq Azərbaycan və Qarabağ mövzusuna şərhlər verir”.

T.Zülfüqarov əmindir ki, Medinski öz mövqeyinə hansısa arqumentlər, dəlillər gətirmək üçün bu misalı gətirib. Sabiq naziri qeyd edib ki, Putinin köməkçisinin sözlərinin siyasi baxımdan əhəmiyyəti yoxdur: “Məsələ Azərbaycan tərəfindən beynəlxalq qanunlara uyğun olaraq öz həllini çoxdan tapıb. Kimin məsələni necə şərh etməsi önəmli deyil. Biz hər sözə fikir versək, elə bil ki, kiməsə nəsə sübut etmək istəyirik kimi görünəcək. Onlar gedib öz problemləri ilə məşğul olsunlar”.

Şərhçi Aqşin Kərimov vəzifəyə təyin olunub

 Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimovun fikrincə, Kremldən Medinskinin timsalında verilən açıqlama Rusiyanın Ukraynada apardığı hərbi kampaniya nəticəsində geosiyasi kövrəkliyə düşməsini izah edir: “Rusiya buna görə də özünün güc olmaq iddiasının zəifləmədiyini, xarici və müdafiə siyasətini postsovet məkanı üzərində tənzimlədiyini göstərən informasiya əməliyyatlarına ehtiyac duyur. Bununla belə, Rusiyanın hekayələri Azərbaycanın suverenlik, müstəqillik, təhlükəsizlik sahələrinə müdaxilə edə bilmək imkanlarından uzaqdır. Rusiyanın Azərbaycanın Qarabağ münaqişəsini bitirməklə yaratdığı reallıqları dəyişdirmək potensialı və müqavimət ruhu yoxdur”.

Bundan başqa, təhlilçinin qənaətinə görə, ümumiyyətlə, Rusiya xarici siyasətinin Cənubi Qafqaz oxu üzrə dinamikası çoxdan dəyişikliyə məruz qalıb ki, bu da Kremli Azərbaycanla əməkdaşlıq sahələrini genişləndirməyə sövq edir. Onun fikrincə, Rusiya Azərbaycanla Ermənistanın sülh gündəliyinə Moskva mərkəzli tezislər əlavə etməyə çalışır: “Mayın axırlarında dünyanın kəşfiyyat orqanlarının şefləri Rusiya Təhlükəsizlik Forumuna toplaşmışdı. Yəqin ki, Medinskinin açıqlaması qapalı görüşlərdəki məxfi qrifli məlumatların paylaşılmasına, onun Moskva tərəfindən təhlilinə və prosesdə Azərbaycanı hansısa oyuna cəlb etmək cəhdlərinə əsaslanır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR