Onlayn ictimai-siyasi qəzet
ABŞ və Rusiya arasında qeyri-rəsmi, hətta müəyyən mənada, məxfi xarakter daşıyan səhnə arxası təmasların mövcud olduğu artıq qətiyyən şübhə doğurmur. Ancaq bu təmaslara qeyri-rəsmilik statusu yükləyən əsas məqam Kremlin Bayden adminstrasiyası ilə siyasi müzakirə "pəncərə"sinin qapalı olması ilə bağlıdır. Yəni, Rusiya prezidenti Vladimir Putin və yaxın ətrafı hazırda birbaşa tezliklə səlahiyyətlərinin icrasına başlayacaq Tramp adminstrasiyası ilə müzakirələr aparır. Və bu müzakirələrdə Ukrayna savaşının gələcək taleyi əsas mövzu olduğundan ABŞ-Rusiya təmasları məhz məxfi xarakter daşıyır.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyevin də Kremlin yeni Ağ Ev sahibi ilə apardığı müzakirələrin detallarından xəbərdar olduğu qətiyyən inandırıcı görünmür. Zelenski hakimiyyətinə ən yaxşı halda, Ukrayna savaşını dayandırmaq niyyətində olan Tramp administrasiyasının hazırladığı "Kelloq planı"nın ümumi məzmunu bəllidir. Və Ağ Evin yeni sahibi Donald Tramp artıq prezident Volodimir Zelenskiyə "Kelloq planı"ndakl şərtlər çərçivəsində sülh sazişini imzalamağa, Ukrayna ərazisilərinin əhəmiyyətli bir hissəsini Rusiyaya güzəştə getməyə hazır olmaq mesajl verib.
Göründüyü kimi, rəsmi Kiyev üçün müzakirə və seçim şansı demək olar ki, tanınmayıb. Prezident Volodimir Zelenskinin siyasi karyera missiyası da böyük ehtimalla Rusiya ilə Ukraynanın gələcək taleyini ciddi risk altında buraxa biləcək sülh sazişinin imzalanmasının ardından sona çatmış olacaq. Yəni, Tramp administrasiyası Rusiya ilə ortaq şəkildə Ukraynanın müəyyən mənada, qeyri-rəsmi və məxfi olaraq, bölüşdürülməsinə çalışır. Və buna rəsmi Kiyevin müqavimət göstərmək imkanlarından danışmaq sadəlövhlük olardı.
Maraqlıdır ki, Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına rəsmən başlayacağı vaxt sürətlə yaxınlaşdıqca, məxfi danışıqlarda "təmas körpüsü" rolunu oynayan emissarların funksiyaları da məhdudlaşdırılır. Yəni, Tramp adminstrasiyası və Kreml arasında birbaşa təmaslar daha ağırlıqlı olaraq, ön plana keçirilir. Və bu baxımdan, hesab etmək olar ki, emussarlar öz missiyalarını uğurla icra ediblər, yəni, məxfi müzakirələrdə artıq ümumi anlaşma əldə olunmuş kimi görünür.
Ona görə də, Kreml indi Tramp adminstrasiyası ilə prinsipial xarakter daşıyan son detalları dəqiqləşdirmək üçün ABŞ-a xüsusi nümayəndə heyəti göndərməyə üstünlük verib. Belə ki, ötən ilin son günlərində Rusiyanın yüksək rütbəli rəsmi təmsilçilərini daşıyan xüsusi təyyarə ABŞ-a istiqamət alıb. Həmin təyyarə əvvəlcə Nyu-Yorka, bir gün sonra isə Vaşinqtona eniş edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bu xüsusi aviareysin ABŞ-da fəaliyyət göstərən Rusiya diplomatlarının rotasiyası ilə bağlı olduğunu bildirib. Və bu, əslində, müəmmalı xarakter daşıyan xüsusi təyyarənin ABŞ-a səfər etməsinin dolayısı ilə etiraf kimi də qəbul oluna bilər.
Ancaq nə qədər məxfi saxlanmağa çalışırsa da, xüsusi aviareysdə məqsədin rus diplomatların rotasiyası ilə ört-basdır edilməyə cəhd göstərilsə də, bəzi detallar artıq sızmağa başlayıb. Belə ki, əslində, xüsusi təyyarədə iki heyətin olduğu bildirilir. Birinci heyət - yüksək rütbəli şəxslər Nyu-Yorkda Tramp administrasiyasının təmsilçiləri ilə görüşüb, Ukrayna savaşının dayandırılması üzrə bəzi detalları müzakirə ediblər. Bundan sonra həmin heyət xüsusi təyyarəyə geri dönüb. Ardınca təyyarə Vaşinqtona yollanıb, ikinci heyəti - rotasiya üçün göndərilən rus diplomatları ABŞ paytaxtında buraxaraq, geriyə Rusiyaya qayıdıb.
Belə anlaşılır ki, müəmmalı xüsusi təyyarə reysi Ukrayna savaşının dayandırılması üzrə məxfi danışıqların son mərhələsinə start verildiyini düşünməyə əsas verir. Ağ Evin yeni sahibi Donald Trampın Zelenski hakimiyyətinə "imza xəbərdarlığı" və Rusiya prezidenti Vladimir Putin ilə şəxsi münasibətlərinin səviyyəsi də bu ehtimalı gücləndirir. Və bu baxımdan, Kremldə Tramp administrasiyasının öz səlahiyyətlərinin icrasına başlayacağı günü səbrsizliklə gözlənməsi qətiyyən təəccüblü deyil.
Xatırladaq ki, Ağ Evin yeni sahibi Donald Tramp öz əvvəlki hakimiyyəti dövründə indi onunla istənilən vaxt görüşməyə hazır olduğunu gizlətməyən prezident Vladimir Putinə şəxsi rəğbətini adətən, açıq şəkildə biruzə verirdi. Donald Tramp Kreml sahibinin "güclü lider" olduğunu və uğurlu siyasət yürütdüyünü dəfələrlə vurğulamışdı. Və prezident Vladimir Putin də Ağ Evin yeni sahibi ilə bağlı pozitiv açıqlamaları ilə yanaşı, onun "anlaşmaya meylli və realist bir siyasətçi" olduğunu xüsusi olaraq, qeyd edib.
Təbii ki, Donald Trampın Rusiya ilə bağlı yumşaq mövqeyi ABŞ siyasi dairələrində həmişə geniş tənqid dalğasına tuş gəlib. Hətta hesab olunur ki, Donald Tramp Vladimir Putinə münasibətdə həddindən artıq loyal mövqe tutur. Düzdür, Ukrayna savaşı dövründə Donald Tramp bəzi hallarda, Vladimir Putini tənqid etsə də, ümumi olaraq, onu "strateji baxımdan, ağıllı dövlət başçısı" kimi də xarakterizə edib. Və bütün bunlar Tramp-Putin anlaşmasının mümkünlüyünü ön plana keçirən faktorlar hesab oluna bilər.
Ancaq Ukrayna anlaşmasına çətinliklər törədə biləcək amillər də nəzərə alınmalıdır. Belə ki, rəsmi Kiyev indiki mərhələdə müharibənin dayandırılması üçün Rusiyanın işğal etdiyi Ukrayna ərazilərini tamamilə tərk etməsini əsas şərt kimi irəli sürür. Kreml isə həmin ərazilərin Rusiyanın bir hissəsi olduğunu artıq rəsmən elan edib. Və Donald Trampın bu qarşılıqlı maraqları necə uzlaşdıracağı hazırda ciddi suallar doğurur.
Digər tərəfdən, ABŞ-da həm demokratlar, həm də bir çox respublikaçılar Rusiyanın təcavüzkar davranışlarına qarşı sərt mövqe sərgiləyirlər. Ona görə də, sülh danışıqları prosesində Donald Trampın Vladimir Putinlə yumşaq davranması ABŞ-da sərt daxili tənqidlərə də səbəb ola Eyni zamanda, ABŞ-ın NATO üzrə müttəfiqləri, xüsusən də Avropa ölkələri, Ukraynanı dəstəkləyir. Və Ağ Evin yeni sahibinin Rusiyaya güzəştə getməsi beynəlxalq məkanda ABŞ-a qarşı müqavimət düşərgəsi yarada bilər.
Beləliklə, ABŞ-ın yeni prezidenti Donald Trampın Ukrayna savaşı ilə bağlı Kremllə anlaşması mümkün olsa da, bu, genişmiqyaslı siyasi-diplomatik əngəllərlə də üzləşə bilər. Çünki indiyə qədər məlum olan bəzi detalları nəzərə aldıqda, Ağ Evin yeni sahibinin Ukrayna savaşını dayandırmaq üzrə planlarının həm ABŞ-ın strateji maraqları, həm rəsmi Kiyevin mövqeyi, həm də beynəlxalq siyasi dairələrin kəskin reaksiyası ilə tarazlaşdırılmasına ehtiyac yaranmış olur.
Kremldə nə qədər maksimalist mövqe tutulsa da, Rusiyanın da bu reallıqlardan asanlıqla, yayınması qətiyyən inandırıcı görünmür. Bu baxımdan, prezident Vladimir Putinin xüsusi təyyarə ilə Tramp administrasiyasına göndərdiyi "məxfi çanta"da olanlar indi böyük maraq doğurmaya bilməz. Və Kreml sahibinin həmin "məxfi çanta"da ABŞ-ın yeni prezidenti Donald Trampın manevr imkanlarını genişləndirmək məqsədilə müəyyən balanslaşdırıcı şərtlər göndərmiş ola biləcəyi istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
05 Yanvar 2025
04 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ