İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml məmurlarının sağlamlıq sirri – piyada gəzinti, xüsusi menyu, məcburi istirahət...

 

Ağır iş qrafiki, gərgin rejim, oturaq həyat tərzi sözsüz ki, insanın sağlamlığı üçün yaxşı heç nə vəd etmir. Məhz siyasi liderlərin yaşam tərzi  bu cür gərginlik içərisində keçir. Elə sovet rəhbərləri də  bu gərginlikdən kənarda qala bilməyiblər. Buna baxmayaraq SSRİ-ni idarə edən Siyasi Büro üzvləri haqqında ən maraqlı faktlardan biri onların uzunömürlü olmaları ilə bağlıdır.

Maraqlıdır, ömürləri gərginlik içində keçən bu məmurları uzunömürlü edən səbəb nə olub?

İlk növbədə qeyd edək ki, Mərkəzi Komitənin Siyasi Büro üzvlərinin təhlükəsizliyi, sağlamlığı, sosial rifahı ilə bağlı qərarı olub. Bu qərardakı bəndlərin icrası Siyasi Büro üzvləri üçün mütləq və məcburi şərt sayılıb.

Bu məqsədlə SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsi Kreml məmurlarının səhhətinə cavabdehlik daşıyıb. Həftədə bir dəfə həkimlə söhbət, ayda bir dəfə müayinə büro üzvlərinin iş qrafikində konkret saatda öz əksini tapıb. Müayinə zamanı ən kiçik bir problem aşkar olunubsa, həmin məmur ciddi həkim nəzarətinə götürülüb.

1000013916.jpg (97 KB)

4-cü idarənin təsdiqlənmiş planına əsasən şikayətlərin olub-olmamasından asılı olmayaraq Siyasi Büro üzvləri üçün onlara ayrı-ayrı təhkim olunmuş həkimlər profilaktik tədbirlər aparıb.

Büro üzvlərinə tütün məhsullarından istifadə “qadağan” olunub. Ümumiyyətlə, onların əksəri siqaret çəkməyiblər.

Brejnevdən başqa digər siqaret çəkən büro üzvləri tütündən istifadəni ya məhdudlaşdırıblar, ya da bu vərdişdən tamamilə əl çəkiblər. Adətən, yüksəkçinli məmurlar həkim tövsiyələrinə əməl ediblər. Büro üzvləri arasında Brejnev yeganə şəxs olub ki, həkimlərin göstərişlərini qulaqardına vurub. Məsələn, baş katibə siqaret çəkmək qəti qadağan olunsa da, o, bu zərərli vərdişdən əl çəkməyib. Məsələyə DTK müdaxilə edib. Onlar xaricdə Brejnev üçün xüsusi siqaret qabı hazırlatdırıblar. Bu qabın açılması kodlaşdırılıb, yalnız bir saatdan bir açılıb. Bununla da Brejnevin yalnız saatda bir dəfə siqaret çəkmək imkanı olub.

1000013917.jpg (78 KB)

Həkimlərin ən sözəbaxan “pasienti” Yuri Andropov sayılıb. Bəlkə də elə bu səbəbdən Andropov həftədə ən azı 1-2 dəfə Kremlin baş həkimi,  4-cü idarənin rəisi Yevgini Çazovla görüşüb. Düzdür, həmin görüşlərdə məxfi məsələlər də müzakirə olunub, amma sözsüz ki, onlar sağlamlıq mövzusundan da yan keçməyiblər.

Büro üzvlərinin uzunömürlüyünün sirlərindən biri də qida rasionu ilə bağlı olub. İstifadə olunan meyvə və tərəvəzlər xüsusi təsərrüfatda yetişdirilib. Bu məhsulların yetişdirilməsində heç bir gübrədən, əlavə minerallardan istifadə edilməyib. Qida rasionuna əsasən qaynadılmış ət və balıq, sıyıqlar, tərəvəz salatları, yerli meyvələr, süd və süd məhsulları daxil edilib. Şirniyyatların hazırlanmasında meyvə şirəsi və təmiz baldan istifadə edilib. Büro üzvləri üçün su dağlardan, xüsusilə də Qafqazdan aparılıb. Ərzaq məhsullarının təbiiliyini yoxlamaq üçün xüsusi laboratoriyalar fəaliyyət göstərib.

Siyasi Büro üzvlərinə çox az miqdarda alkoqollu içkilərdən istifadə etməyə icazə verilib. Ancaq bu “icazə” Leninin dövründən Qorbaçovun dövrünə qədər həmişə “kobudcasına” pozulub. Lenin istədiyi qədər pivə, Stalin istədiyi qədər şərab, Xruşşov istədiyi qədər araq, Brejnev isə istədiyi qədər bütün alkoqollardan içib.

Siyasi Büronun üzvləri üçün ildə ən azı bir dəfə, əsasən yay aylarında məzuniyyətə çıxıb dağlıq ərazilərdə yerləşən və yalnız onlar üçün nəzərdə tutulmuş müalicə-istirahət mərkəzlərində dincəlmək mütləq sayılıb.

Büro üzvlərinin əksəri ilin fəsillərindən asılı olmayaraq dövlətin onlar üçün ayırdıqları bağ evlərində yaşayıblar. Bu bağ evləri kifayət qədər böyük əraziyə malik olub. Saat neçədə işdən qayıtmaqlarından asılı olmayaraq, həkimlər məmurları işdən sonra həmin həyətdə ən azı 5 km payada gəzməyə “məcbur” ediblər.

Müasir dövrdən fərqli olaraq o dövrün məmurları xəstələndikləri halda yalnız SSRİ-də müalicə alıblar. Bununla bağlı Yevgeni Çazov öz xatirələrində yazıb:

“Kreml məmurları yalnız SSRİ-də müalicə alırdılar. Bizim səhiyyə çox güclü idi. Bir çox ölkələr bizim təcrübəmizdən istifadə edirdilər, bizdən öyrənirdilər. Mən 19 dövlət başçısını müalicə etmişəm. Onlardan 3-ü, Brejnev, Andropov, Çernenko bizimki, digər 16 nəfər xarici ölkələrin liderləri idi. Xarici ölkələrin liderlərindən başqa dövlət məmurları da müalicə, hətta bəzən müayinə üçün SSRİ-yə üz tuturdular…”.

1000013919.jpg (96 KB)

Müalicələr, profilaktik tədbirlər SSRİ-də aparılsa da, bəzi hallarda dərman preparatları xarici ölkələrdən gətirilib. Hətta birincilər üçün elə dərmanlar kəşf olunub ki, istehsalçı ölkə onu məxfi saxlayıb. Yevgeni Çazov xaricdəki həmkarları vasitəsilə həmin dərmanlar, bioloji aktiv əlavələr (BAD) haqqında məlumat əldə edib. Onların SSRİ-yə gətirilməsini isə DTK böyük peşəkarlıqla təmin etməyi bacarıb və dərmanların SSRİ-yə gətirilməsi də məxfi əməliyyat kimi Andropovla Çazovun arasında qalıb.

Məhz bu cür tədbirlər sayəsində Kreml məmurları uzun illər siyasi fəaliyyətlərini davam etdiriblər, saatlarla tribunada ayaq üstə uzun-uzadı çıxış etmək, gün ərzində bir neçə tədbirə qatılmaq gücündə olublar. Onların yaşını əks etdirən rəqəmlər də bunu bir daha sübut edir. Məsələn, bütün ömürlərini siyasətə həsr edən, gərgin iş rejimində işləyən Vyaçeslav Molotov 96, Lazar Kaqanoviç 97, Nikolay Tixonov 92, Vasili Kuznetsov 89, Mixail Qorbaçov 91, Nikolay Rıjkov 94 il ömür sürüblər. Ümumiyyətlə, SSRİ-nin yüksək ranqlı dövlət məmurlarının əksəriyyəti 80 yaşını üstələyiblər. Yəqin ki, elə bu rəqəmlərə görə Siyasi Büro üzvləri “Kreml qocaları” statusunu qazanıblar.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR