İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml İrəvanı sıxışdırır, Brüssel böhran keçirir: Qafqaz masasını hərə bir tərəfə dartır, sülh sazişi təhlükədədir

Paşinyan hakimiyyəti Qərbdən icazəsiz Rusiyanın vasitəçiliyi ilə sülh prosesinə qatılmaqdan qorxur, Cənubi Qafqazda arbitrlik etmək uğrunda Brüssel-Kreml qarşıdurması dərinləşir... Hər iki tərəf Azərbaycan və Ermənistan arasında imzalanacaq yekun sülh sazişinin əsas beynəlxalq qarantoru olmağa can atır, bu önəmli faktorun rəqibin maraqlarına bağlı mexanizmlərdən birinə çevrilməsini istəmir...

Cənubi Qafqaz uğrunda mübarizə artıq təhlükəli mərhələyə keçmiş kimi görünür. Bu regionda sülh prosesinin uğur qazanma ehtimalı indi böyük risk altına düşüb. Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına yönəlik gözləntilər özünü doğrultmuya bilər. Və bu, Cənubi Qafqazda hələ uzun müddət hərbi-siyasi gərginliyin qala biləcəyi anlamına gəlir.

Ancaq nə qədər qəribə də olsa, rəsmi İrəvan Azərbaycan ilə yekun sülh sazişinin imzalanmasına hazır olduğunu hər imkanda təkrarlayır. Paşinyan hakimiyyəti bu mövzuda açıqlamalarla beynəlxalq məkanda sülh tərəfdarı olduğu barədə rəy yaratmaq məqsədi güdür. Hər halda, rəsmi İrəvanın davranışları İlə açıqlamalarının məzmunu arasında kəskin ziddiyyətlər mövcuddur. Və bu, Paşinyan hakimiyyətinin regional sülh prosesi üzərindən siyasi manipulyasiyalar etməyə çalışdığını biruzə verir.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Azərbaycanla danışıqlarda sülh sazişi mətninin 70 faiz səviyyəsində razılaşdırıldığını vurğulayır. Eyni zamanda sülh sazişinin imzalanması üçün üç prinsipin ön planda tutulmasının vacibliyini qabartdır. Bunların sırasında isə qarşılıqlı olaraq, ərazi bütövlüyün tanınmasını, delimitasya prosesində Alma-Ata Bəyannaməsinin əsas götürülməsini və nəqliyyat-kommunikasiya xətlərinin açılması üçün onların ərazisindən keçəcəyi ölkənin nəzarətində olmasını gündəmə gətir. Və bu məsələdə ilk baxışdan, kənar müşahidəçi üçün hər hansı ciddi problem görünməyə bilər.

eliyev-pasha-sened.JPG (67 KB)

Halbuki, əslində kifayət qədər ciddi və qəliz problemlərin olduğu inkaredilməz reallıqdır. Belə ki, birincisi yekun sülh sazişinin imzalanması üçün həmin sənədin mətninin 70 faiz səviyyəsində deyil, tam şəkildə razılaşdırılması qaçılmazdır. Əks halda, bu, natamam və gələcəkdə daha ciddi kataklizmlərə yol aça biləcək qarşıdurma qaynağına çevrilə bilər. İkincisi yekun sülh sazişinin imzalanması üçün cəmisi üç prinsipin ön planda tutulması qətiyyən yetərli deyil. Çünki rəsmi Bakı davamlı və dayanıqlı sülh üçün beş şərt-təklif irəli sürüb. Və onların hər birisi beynəlxalq hüquq normalarının tələblərinə əsaslanır.

Nəhayət, Ermənistan baş naziri Nikol Paşinyanın sıraladığı üç prinsiplə bağlı da ciddi problemlər mövcuddur. Xüsusilə də, delimitasya prosesinin hansı xəritələrlə aparılacağı məlum deyil. Eyni zamanda, nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsində rəsmi İrəvan üçtərəfli anlaşmalara riayət etməyə borcludur. Azərbaycanın 8 kəndi isə hələ də geri qaytarılmayıb. Belə problemli məqamların sırasını isə daha da genişləndirmək mümkündür. Və bu, o deməkdir ki, əslində, rəsmi İrəvan sülh sazişi ilə bağlı açıqlamalarla vaxtı mümkün qədər uzatmağa çalışır.

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, indiyə qədər aktiv olan sülh masaları hazırda böhran keçirir. Belə ki, Ermənistan Rusiyanın vasitəçiliyi ilə keçirilə biləcək görüşlərdən israrla yayınmağa üstünlük verir. Son dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan iki dəfə Kremlin vasitəçilik çəhdini pozmağa nail olub. Yəni, rəsmi İrəvan Rusiyadan narazıdır və Kremlin sülh prosesində vasitəçilik missiyasını bloklamağa çalışır.

Eyni zamanda, ABŞ və Qərbin də bu istiqamətdə böyük uğurlar qazana biləcək mövqe tutduğunu iddia etmək çox çətindir. Əslində, hazırda ABŞ və Qərb üçün Cənubi Qafqazda sülh prosesi əsas prioritetlər sırasından uzaqdır. Çünki sülh sazişinin imzalanması ABŞ və Qərbin bu regiona yönəlik hədəflərinə hazırda uyğun deyil. Üstəlik, ABŞ və Qərbin Yaxın Şərqdə və Ukraynada cərəyan edən müharibələrə başı qarışıb. Bu sıraya rəsmi Bakının ABŞ və Qərb tərəfindən Cənubi Qafqaza kobud müdaxilələr edilməsindən narazılığını da əlavə etmək mümkündür.

30ed3f36-8368-4d7c-9517-ac6085b0de46.jpg (136 KB)

Hər halda, Azərbaycan Ermənistanın beynəlxalq himayədarı rolunu öz üzərinə götürmüş Fransanın iştirakını səbəb göstərərək, Qranada görüşünə qatılmaqdan imtina edib. Brüssel görüşü isə vaxt çatışmazlığı ucbatından təxirə salınıb. Bu müzakirə platformasının nə vaxt yenidən aktivləşdirilə biləcəyi isə hələlik müəmmalı olaraq, qalmaqdadır. Belə vəziyyətdə hesab etmək olar ki, əslində, Brüssel prosesi hazırda böhran keçirir.

Maraqlıdır ki, hazırda Qərb Brüssel prosesini böhrandan çıxartmağa cəhd göstərir. Belə ki, son məlumatlara görə, dekabr ayında Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli görüşün keçirilməsinə yönəlik hər iki tərəflə təmaslara başlanılıb. Əgər, anlaşma olarsa, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə növbəti Brüssel görüşü keçirilə bilər. Ancaq verilən məlumata görə, hələlik görüşün keçirilmə vaxtı ilə bağlı hər hansı razılaşma mövcud deyil.

Onu da qeyd etmək lazımdır ki, Brüssel prosesində böhranlı situasiyanın mövcud olması indi ən çox Rusiyanın maraqlarına cavab verir. Çünki Kreml uzun müddətdən bəridir ki, sülh prosesində oyundankənar vəziyyətə salınıb. İndiki situasiyada isə Kreml Rusiyanın arbitr statusunu bərpa etmək şansı qazanmış kimi görünür. Və Rusiya rəsmi dairələri bu şansdan maksimum səviyyədə yararlanmaq niyyətində olduqlarını qətiyyən gizlətmirlər.

d491ec7e79a11cfca5fddec9a09b80d7.jpg (242 KB)

Məsələ ondadır ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Kreml də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva şəhərində görüşünün keçirilməsinə çalışır. Hələlik bu görüşlə bağlı da hər hansı prinsipial anlaşma mövcud deyil. Böyük ehtimalla Kreml rəsmi İrəvanı Moskva görüşünə razı salmaq üçün müəyyən qədər əziyyət çəkməli olacaq.

Çünki Paşinyan hakimiyyətinin Qərbdən icazə almadan Rusiyanın vasitəçiliyi ilə sülh prosesinə qatılacağı o qədər də inandırıcı görünmür. Halbuki, Rusiya siyasi dairələri də Azərbaycan və Ermənistan arasında yaxın vaxtlarda yekun sülh sazişinin imzalanmasının mümkün olduğunu qətiyyən inkar etmirlər. Əksinə, Kreml rəsmi Bakının Qaradağ üzərində suveren hüquqlarını bərpa etməsindən sonra qarşısında elə bir ciddi geopolitik əngəlin qalmadığı yekun sənədin ən qısa zamanda imzalanmasına maksimum səviyyədə dəstək verməyə hazır olduğunu vurğulayır.

Göründüyü kimi, Cənubi Qafqazda sülh prosesinə arbitrlik etmək uğrunda Brüssel və Kreml arasında ciddi rəqabət başlanmaq üzrədir. Hər iki tərəf Azərbaycan və Ermənistan arasında imzalanacaq yekun sülh sazişinin əsas beynəlxalq qarantoru olmağa can atır. Çünki məhz bu faktor yaxın gələcəkdə Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərin əsas oyunçularının tərkibini müəyyən edə bilər. Və həm Brüssel, həm də Kreml bu önəmli faktorun qarşı tərəfin mənafeyinə xidmət edə biləcək mexanizmlərdən birinə çevrilməsini istəmir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR