İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml AZAL təyyarəsi böhranından çıxış yolu tapmadı: Bakıya qarşı yeni təzyiq və dezinformasiya dalğası

“Ötən gün Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışından aydın oldu ki, rəsmi Bakı vurulan AZAL təyyarəsinə görə beynəlxalq ədliyyə sisteminə müraciət hazırlayır. Moskva Bakıya başqa seçim qoymadı. Kreml İlham Əliyevin səsləndirdiyi tələblərin heç birini yerinə yetirmədi, qəzadan ötən 7 ay ərzində günahını etiraf etmədi, təyyarəni vuranları cəzalandırmadı, qurbanların və yaralıların ailələrinə təzminat ödəmədi. İlham Əliyev bu olayın üstündən sükutla keçməyəcəyini bir daha bəyan etdi.“7 aydır ki, biz cavab ala bilmirik”, – deyən dövlət başçısı Rusiya tərəfinin hər dəfə təkrarladığı “təhqiqat davam edir” cavabının məntiqsizliyinə işarə etdi. Bu açıqlamadan sonra Rusiyadakı şovinist və anti-Azərbaycan qruplar fəallaşaraq ölkəmizə qarşı yalan və böhtan xarakterli informasiyalar yaymağa başladılar. Çünki həqiqəti söyləmək onların xoşuna gəlmədi”.

Bunu Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, hazırda Rusiyada ölkəmizə qarşı dezinformasiya müharibəsi davam edir:

“Şovinist qruplara o qədər icazə verilib ki, günahlı-günahsız bütün azərbaycanlıları hədəfə alıblar. Azərbaycan diasporası üzvlərinə qarşı saxta ittihamlarla hücumlar başlayıb. Uraldakı Azərbaycan diasporasının rəhbəri Şahin Şıxlinskini əvvəlcə saxladılar, sonra buraxdılar, daha sonra oğlunu saxladılar və özünü axtarışa verdilər. Rusiya hakim dairələri ağlına gələn hər şeyi edir. Əlbəttə ki, bu, Kremlin əmri ilə həyata keçirilir və Azərbaycana qarşı təzyiq vasitəsidir. Lakin Rusiya əslində özünə pislik edir. Təyyarəmiz vurulandan sonra Rusiya prezidenti addım atıb üzr istəsəydi, münasibətlər bu qədər gərginləşməzdi.

İlham Əliyevin “10 il lazım oldu ki, Malayziya Hava Yollarına məxsus “Boeing” ilə bağlı təhqiqat başa çatsın” sözləri də Kremlə bir xatırlatma idi. Həmin təhqiqat Rusiyanın Malayziya təyyarəsini raketlə vurduğunu faktlarla sübut etmişdi. Kreml o zaman da üzr istəmək əvəzinə mülki təyyarəni guya Ukraynanın vurduğu haqqında yalan məlumatlar yaymışdı. İndi də eyni “ssenaridən” Azərbaycana qarşı istifadə etməyə çalışır: guya AZAL təyyarəsi Çeçenistan səmasında Ukrayna dronu ilə toqquşub. Lakin AZAL-ın təyyarəsi Malayziya təyyarəsindən fərqli olaraq enə bildi və yalan keçmədi - təyyarədə dron deyil, raket izləri aşkarlanmışdı”.

Politoloq deyir ki, Kreml bilərəkdən Azərbaycanla münasibətlərdə gərginlik xəttini seçib:

“Adını da qoyublar ki, guya Türkiyə və Böyük Britaniya kəşfiyyatı Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır. Halbuki, Vladimir Putinin yumşaq desək, yanlış davranışı 2022-ci ilin fevralında İlham Əliyevlə imzaladığı strateji tərəfdaşlıq sazişinin üstündən xətt çəkdi. Hazırda Rusiyada azərbaycanlılara qarşı sıxma-boğma siyasəti başlayıb. Bu, bir təhdid və təzyiq alətidir. Kənd təsərrüfatı məhsullarımız sərhəddə saxlanılır, diaspora üzvlərimiz deportasiya olunur və ya saxlanılır. Rusiya düşünür ki, bu yolla Azərbaycanı özündən asılı edəcək, amma anlamır ki, əksinə, özündən uzaqlaşdırır”.

Xatırladaq ki, Rusiya dövlət təbliğat maşını Azərbaycanı hədəfə alan yeni bir informasiya hücumu mərhələsinə keçib. Bu dəfə Moskva açıq şəkildə Azərbaycan diasporunu Ukrayna kəşfiyyatının hərbi-sabotaj əməliyyatlarına cəlb etməkdə ittiham edir. Rusiyanın ultra-millətçi və Kremlin nəzarətində olan “Tsargrad TV” kanalı vasitəsilə yayımlanan süjetlərdə iddia olunur ki, Ukraynanın “Pautina” (“Hörümçək toru”) adlı əməliyyatı -yəni Rusiya ərazisində yerləşən strateji bombardmançı təyyarə bazalarına qarşı həyata keçirilmiş diversiya - guya Azərbaycan diasporunun köməyi və maliyyə dəstəyi ilə baş tutub.

Bu iddialar ilk baxışdan absurddur, lakin məqsəd açıqdır: Rusiyada yaşayan milyonlarla azərbaycanlını, xüsusilə də ictimai fəallığı olan diaspora liderlərini ləkələmək, hədəfə qoymaq, hüquqi və fiziki təzyiqlərlə üz-üzə buraxmaq. Daha öncə də Rusiya hüquq-mühafizə orqanları tərəfindən azərbaycanlı aktivistlər saxlanılıb, onların evlərində axtarışlar aparılıb, hətta bəzi hallarda qətllər baş verib. Yekaterinburq hadisələrini unutmamışıq. Eləcə də bir neçə gün öncə Moskva vilayətində Azərbaycan diasporunun rəhbəri olmuş Elşən İbrahimovun deportasiyası da bu qəbildəndir.

Şahanə Rəhimli
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR