İnsanlara hürriyət, millətlərə istiqlal!

Kosmosda həlak olan 3 kosmonavt – Brejnev Ustinovdan izahat tələb edib

SSRİ-nin ən böyük uğurlarından və rəqabətdə olduğu Amerikanı üstələyən sahələrindən biri kosmonavtika sahəsi olub. Bütün dövrlərdə sovet liderləri bu məsələyə böyük maraq və həssaslıqla yanaşıblar, bu sahədə liderliyi saxlamaq üçün milyonlarla vəsait xərcləyiblər. Sovet kosmonavtikası böyük uğurlar qazansa da, faciəli hadisələr də bu sahədən yan keçməyib.

1971-ci ilin aprel ayında dünyada ilk olaraq orbitə kosmik stansiya SSRİ tərəfindən buraxılıb. “Salyut-1” stansiyası kosmosda 175 sutka qalıb. Stansiyasının orbitə buraxılmasının məqsədi məxfi saxlanılıb, bu haqda yalnız ümumi anlayışlar ictimaiyyətə çatdırılıb; orbitdə stansiyasının necə işləməsini öyrənmək, kosmosda uzun müddət qalmağın insan orqanizminə təsirini araşdırmaq və s. Əslində isə “Salyut-1” stansiyasının kosmosa buraxılması gələcəkdə kosmosda hərbi stansiya yaratmaq və kosmik kəşfiyyat məqsədi daşıyıb. Qeyd edək ki, stansiya orbitə heyətsiz buraxılıb. Nəzərdə tutulib ki, sonralar stansiyada işləmək üçün “Salyut-1”ə kosmik gəmilərdə kosmonavtlar göndəriləcək.

bp-pic_32ratio_900x600-900x600-56423.jpg (133 KB)

Silindr şəklində olan “Salyut-1” dörd moduldan ibarət olub. Modullardan biri stansiyaya kosmik gəmilərin qoşulması üçün nəzərdə tutulub. İkinci modul kosmonavtların yaşaması üçün yaradılıb. Üçüncü və dördüncü modullarda stanisiyasının idarə edilməsi üçün xüsusi cihazlar, texniki avadanlıqlar və mühərriklər yerləşdirilib.

24 aprel 1971-ci ildə “Salyut-1” stansiyasına “Soyuz-10” kosmik gəmisi ilə kosmonavtlar Vladimir Şatalov, Aleksey Yeliseyev, Nikolay Rukavişnikovdan ibarət ilk ekspedisiya göndərilib. Amma kosmonavtlar üzərlərinə düşən missiyanı yerinə yetirə bilməyiblər. Kosmik gəmi ilə stansiyanın birləşməsində texniki nasazlıq ucbatından problem yaranıb. Kosmonavtlar beş saatdan artıq bir müddətdə bu problemi aradan qaldırmaq istəsələr də, heç bir müsbət nəticə əldə edə bilməyiblər və stansiyaya keçid mümkün olmayıb. Beləliklə, onlar geri qayıtmağa məcbur olublar.

Screenshot_7(54).jpg (99 KB)

Texniki nazazlıqlar aradan qaldırılıqıqdan sonra “Salyut-1” stansiyasına kosmonavtlar Aleksey Leonovun, Valeri Kubasovun, Pyotr Kolodinin göndərilməsi planlaşdırılıb. Uçuşa bir gün qalmış Kubasovun səhhətində yaranmış problem heyətin uçuşunu təxirə salıb. Adətən, belə hallarda əvvəlcədən uçuşa hazırlanmış ehtiyat heyətin uçuşu icra etməsi haqqında əmr imzalır. Beləliklə, növbəti ekspedisiya qrupuna Georgi Dobrovolski, Vladislav Volkov, Viktor Patsayev daxil edilib.

Kosmonavtların “Soyuz-11” kosmik gəmisinə 6 iyun 1971-ci ildə start verilib. Artıq iyunun 7-də saat 10.04-də kosmik gəmi ilə kosmik stansiya birləşərək kosmonavtların stansiyaya girişi mümkün olub.
Kosmonavtlar stansiyada 23 gün qalıblar. Stansiyanın göyərtəsində kosmonavtlar geniş spektrli elmi tədqiqatlar aparıblar və qarşıya qoyulan vəzifələri uğurla icra ediblər. Bununla yanaşı, heyət bu günlər ərzində böyüklü-kiçikli problemlərlə də üzləşiblər. Hətta bir dəfə stansiyada baş verən yanğını da söndürməyə nail ola biliblər.

detail_6d401be29bca810ac7202e1f6ee05734.jpg (151 KB)

Yerə qayıtmağa hazırlaşanda da kosmonavtlar yenə problemlərlə üzləşiblər. Kosmik gəmi stansiyadan ayrıldıqdan sonra gəminin xüsusi göstərici lövhəsində qırımızı işıq yanıb. Bu işıq gəminin dairəvi şəkildə girişinin tam bağlanmadığına dair xəbərdarlıq edib. Kosmonavtlar nasazlığı aradan qaldırmağa cəhd ediblər. Ancaq saniyələr ərzində göyərtədə hava təzyiqi o dərəcədə aşağı düşüb ki, bu, hər üç kosmonavtın ölümünə səbəb olub.

Bu hadisə rəsmi olaraq Kremldə Siyasi Büronun iclasında müzakirəyə çıxarılıb. Leonid Brejnev həmin dövrdə Mərkəzi Komitənin katibi olan Dmitri Ustinova göstəriş verərək hadisənin dəqiq araşdırılmasını və ən qısa müddətdə ona arayışın təqdim olunmasını tələb edib:

Screenshot_5(84).jpg (106 KB)

- Dmitri Fyodoroviç, mən bu hadisəni faciə kimi qəbul edirəm. Yəqin ki, yoldaşlar da bu fikirdəirlər. Siz bu işi nəzarətə götürün, dəqiq araşdırın. Səbəb ictimaiyyətə çatdırılmalıdır, o cümlədən beynəlxalq ictimaiyyətə də. İndi xarici mətbuat fərqli versiyalarla çıxış edək, ölkəmizin imicinə zərbə vurmaq üçün bacardıqlarını yazacaqlar. Biz təcili rəsmi şəkildə həqiqəti bəyan etməliyik ki, ortaya əlavə söz-söhbət çıxmasın. Büronun növbəti iclasında sizdən arayışlar gözləyəcəyik.

Bu iclasdan sonra hadisənin araşdırılması ilə bağlı mütəxəsisslərdən ibarət xüsusi komissiya yaradılıb. Komissiyaya ümumi rəhbərlik Ustinova həvalə edilib. Komissiyanın rəyində kosmik gəmidə heç bir texniki nasazlığın olmaması göstərilib.

Növbəti büro iclasında isə Ustinov Brejnevə geniş arayış təqdim edib. Arayışın sonunda hadisənin səbəbi qısa və konkret “təsadüf və gözlənilməyən hal” kimi qeyd edilib.

regnum_picture_1561961511511373_normal.jpg (229 KB)

Bu hadisə sovet kosmonavtikası tarixinə ən faciəli hadisə kimi düşüb.

Qeyd edək ki, ölümlə nəticələnən hadisə zamanı Georgi Dobrovolskinin 43, Vladislav Volkovun 35, Viktor Patsayevin 38 yaşı olub. Onların hər üçü ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif ediliblər.

İlham Cəmiloğlu, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Noyabr 2024

12 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR